Azərbaycan rəsmi formada şimal və cənub olaraq ayrılmamalıdır – TƏHLİL

image-1635936279_02c7b7d9903fa4f1606991180backend

Gəlin eyni xalq olan, ancaq parçalanmaq taleyini yaşayan digər iki xalqı – Koreya və Makedoniya xalqlarını misal kimi təhlil edək.

Eyni yarımadada yerləşən, eyni milli soykökdən olan və dili bir, özü bir olan Şimali və Cənubi Koreya dövlətləri bu gün ayrı-ayrı ideologiyalar üzərində dövlətçiliyə sahib, bir-birinə düşmən iki ölkəyə çevrilib.

Düşmənçiliyin səbəbi isə, heç bir halda cəmiyyət deyil. Nə Koreyanın şimalında, nə də cənubunda xalq müharibə və qarşıdurma istəməyib. Şimali və Cənubi Koreya arasındaki ayrılıq, uzaqlaşma və düşmənlik tamamilə beynəlxalq təsirlərin hesabına reallaşıb. Şimalda qurulan sosialist rejim, cənubda bərqərar edilmiş liberal rejimlə hər mənada yollarını ayırıb və bu ayrılıq bütöv bir xalqı bir-birindən əhəmiyyətli dərəcədə uzaqlaşdırıb. İki müstəqil rejimdə, iki müstəqil dövlətdə yaşayan koreyalıların hazırda birlik olmaq şansları sıfıra bərabərdir.

Makedoniyada isə, tamam fərqli mənzərə var. Makedoniyanın şimalı müstəqil olsa da, Yunanistanın şimalında qalan cənub hissəsi isə, müstəqil deyil. Yunanıstan Makedoniyasının etnik tərkibi də kifayət qədər qarışıqdır. Burada yekunluqla makedoniyalı amilini önə çıxarmaq mümkün deyil. Tarix isə, faktları sevir. Fakt odur ki, toponim deməyə əsas verir ki, bu ərazilər zamanında Makedoniya adlanıb, bura Makedoniya ölkəsidir. Sonrakı proseslərdə Makedoniya ölkəsi də öz təbii sərhədlərində müəyyən dəyişikliklərə məruz qalıb. Heç Şimali Makedoniya özü də 1992-ci ilə qədər müstəqil dövlət deyildi. O, sadəcə Yuqoslaviyanın parçalanması nəticəsində müstəqil oldu…

Müstəqilliyini qazanan makedoniyalılar isə, ölkə adını seçərkən bütövlüyü ifadə edən “Makedoniya” adını seçdilər. Məhz buna görə də, Yunanıstan dərhal yeni qurulmuş Makedoniya dövlətinə qarşı addımlar atmağa başladı. Səbəb o idi ki, Afinada düşünürdülər ki, Makedoniya adının seçilməsi təsadüfi deyil və onlar Yunanıstan ərazilərində qalmış Makedoniya bölgəsinə də ərazi iddiası irəli sürə bilərlər. Yunanlar dərhal Makedoniya dövlətinin adını dəyişməyi tələb etmiş, uzun illər diplomatik qarşıdurmalar yaşanmış və nəhayət, 2018-ci ildə Yunanıstan və Makedoniya, dövlətin adını “Şimali Makedoniya” olaraq dəyişmək barədə razılığa gəldi.

Qısacası, yunanlar hesablayır ki, dövlətin adının Makedoniya olması Yunanıstandakı Makedoniya adlı əraziyə də iddia etmək hüququ verir. Əslində bu yunanların öz təfəkkürü və ya sayıqlaması deyil. Həqiqətən də belədir. Makedoniya adlı dövlət vahid Makedoniya ölkəsi anlayışını da ehtiva edir. Burada istər-istəməz Yunanıstan Makedoniyası da həmin vahidlikdə öz yerini alır. Ancaq adını Şimali Makedoniya olaraq dəyişən Makedoniya dövləti isə, Yunanıstan Makedoniyasını ehtiva edə bilmir.

Bu reallıq özünü Azərbaycan-İran münasibətlərində də göstərib.

Heç kimə sirr deyil ki, hələ müstəqilliyimizi elan etməzdən öncə, elə sonra da, İran dövləti müxtəlif formalarda Azərbaycan dövlətinin adının dəyişdirilməsini istəyib. Bu istəyin səbəbi isə, sırf Yunanıstan-Makedoniya münasibətlərində olduğu kimidir. Ancaq İran yunanlar qədər uğurlu olmadı və Azərbaycan dövləti vahidlik ehtiva edən “Azərbaycan Respublikası” adını dəyişmədi, qoruyub saxladı.
Bu siyasəti bu gün də davam etdirmək lazımdır. Son günlər Azərbaycan gündəmində özünə yer tutmuş “Ölkəmizin adı Şimali Azərbaycan olaraq dəyişdirilməlidir” fikri əslində İranın maraqlarına uyğundur. Belə bir dəyişim Azərbaycanı parçalamağı hədəfləyən kənar qüvvələrin də marağındadır. Daxildə bu fikrin adiləşməsi vahid Azərbaycan yolunda ciddi əngəllər törədəcək.

Birincisi, yuxarıda qeyd etdiyim kimi, Azərbaycan xalqı öz daxilində Şimal və Cənub olaraq iki hissəyə ayrılmağı qəbul edərsə, bu amil bir müddət sonra yeni Koreya amilinə çevriləcək. Kənar qüvvələr xalqın beynində formalaşan ayrılığı bir çox ideologiyalarla fərqli məcralara daşıyacaq, Arazın o tayı ilə, bu tayı arasında olan fərqləri dərinləşdirəcək və Azərbaycanın xarici düşmənləri az deyilmiş kimi, bir də soydaş qarşıdurmalarına şahidlik edərək, tamamilə kənar qüvvələrin təsirinə düşəcək.

İkincisi, Yunanıstan-Makedoniya amilində olduğu kimi, Azərbaycanın şimalını “Şimali Azərbaycan Respublikası” olaraq ifadə etsək, o halda İran sərhədlərində qalan Azərbaycanın cənubu həmişəlik “o taylı bu taylı Azərbaycan” düşüncəsindən uzaqlaşacaq və bu düşüncə insanlarımıza yadlaşacağıq. Bu isə, Cənubi Azərbaycanda millətimizin assimiliyasiyasını tezləşdirəcək.

Ona görə də, Azərbaycan dövləti, Prezident İlham Əliyevin dediyi kimi, bütün soydaşlarımızın taleyini düşünməli, tək müstəqil sərhədlərimiz daxilində yaşayan azərbaycanlılar üçün deyil, bütün soydaşlarımız üçün Vətən olaraq qalmalıdır. Bu milli birliyin çarçısı olacağı kimi, bütünləşmə və vahidləşmə yolunun da başlanğıcıdır.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki