Bildiyimiz kimi, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra görüşlər keçirildi ki, bu görüşlərin hər biri dünya əhəmiyyəti ilə seçilirdi. Həmin görüşlər bir sıra məsələlər, xüsusilə enerji və təhlükəsizlik məsələləri baxımından önəm kəsb edirdi.
Konfransda dünyanın siyasi liderləri, transmilli şirkətlərin rəhbərləri və digər vacib adlar iştirak edib. Amma bizim üçün, yəni Azərbaycan dövləti və ümumi regionumuz üçün əsas görüş Qafqazın müstəqil dövlətləri – Azərbaycan, Gürcüstan və Ermənistan dövlət başçıları arasında baş tutan mediaya açıq görüşdür.
Maraqlıdır ki, bu görüş ilə Cənubi Qafqaz dövlətlərinin liderləri ilk dəfə üçlü şəkildə və ən yüksək səviyyədə görüşürdülər. Görüş isə, kifayət qədər əhəmiyyətli açıqlamalar ilə yadda qalır:
Əvvəla, Azərbaycan lideri ölkəsinin maraqlarını və istəklərini açıq ifadə etməkdən, konkret mövqe ortaya qoymaqdan çəkinmədi və regiondakı qarşıdurmaların həllinin tapılmasının vacibliyini vurğuladı. Bunun üçün beynəlxalq hüququn tələblərinə uyğun olaraq ədalətli yanaşmalara diqqət çəkildi və Ermənistan tərəfinin beynəlxalq hüquqa zidd addımları xatırladıldı. Üstəgəl, Ermənistan baş naziri bu fikirləri təkzib edəcək tutarlı cavablar gətirə bilmədi. Görünür ki, ya erməni lider görüşə hazırlıqlı gəlməmişdi (Ki bu inandırıcı deyil – red.) ya da Paşinyan fərqindədir ki, onun ölkəsini müdafiə etmək üçün hansısa “beynəlxalq maskası” qalmayıb.
Belə ki, ermənilərin illərdir qurduğu “insan haqları” oyunu iflas etmiş, əslində insan haqlarının əsas pozucusunun elə erməni dövləti olduğu reallığı ortaya çıxmışdır. Yüzminlərlə Qərbi azərbaycanlını yurdundan didərgin salıb, etnik təmizləmə siyasətinin həyata keçirildiyi bir reallıqda Azərbaycan hələ də Qarabağ ermənilərinin, baxmayaraq ki, Vətənə xəyanət ediblər, vətəndaş olduğunu və onların hüquqlarına cavabdeh olduğunu təkrar-təkrar söyləyir. Yəqin dünya kor deyil, görür, eşidir, danışacaq da…
Yeri gəlmişkən, ermənilərin bir digər “insan hüquqları pozuntusu” bəhanəsi var idi. Mühxendə bu bəhanə də rəsmi şəkildə uğursuzluğa düçar oldu: Azərbaycan QHT-lərinin, gənclərin və bir sıra ictimaiyyət nümayəndələrinin Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına qarşı başladığı dinc aksiyalara ermənilər fərqli çalarlar qatmağa çalışırdı. Guya bu aksiyalar Qarabağ ermənilərinin bölgədə sıxışdırılması, beləcə onların ərazidən qovulmasına hesablanıb. Amma Azərbaycan Prezidenti İlham Əliyev bölgədə hərəkət edən sivil nəqliyyat vasitələrinə və digər bu kimi hallara istinad edərək, bütün yalanları ifşa etdi. Qarşı tərəf isə, iddiaların yalan olmadığını nümayiş etdirəcək hər hansı bir sübut və ya tutarlı dəlillə çıxış edə bildimi? Açığı mən görmədim…
Azərbaycan tərəfinin bir digər uğuru isə, Azərbaycan-Ermənistan arasındakı mübahisəli bölgələrdə nəzarət-buraxılış məntəqələrinin qurulmasının delimitasiya prosesinin əsas şərti olduğunu dünyaya çatdırması idi. Çünki buna qədər Ermənistan və onun havadarları çalışırdı ki, Azərbaycan Zəngəzur koridorundan sadəcə xüsusi icazə ilə keçəcəyi halda, ermənilər Laçın yolundan istədikləri kimi, el ifadəsi ilə desək “karvansaray kimi” istifadə etsin. Nəzarət-buraxılış məntəqələrinin əsas şərt kimi ön plana çıxarılması bu hiyləgər erməni planlarını da suya saldı..
Münxen konfransını tək Azərbaycan-Ermənistan prizmasından dəyərləndirmək doğru olmaz. Münxen konfransına daha böyük perspektivdən – Azərbaycan və dünya prizmasından baxmaq lazımdır.
Belə ki, Azərbaycan Prezidenti buradan İran rejiminə də mesajını çatdırdı. Azərbaycanın İrandakı Səfirliyinə edilən hücumun qəsdən törədilmiş terror hücumu olduğu ifadə edildi və rəsmi Tehrandan məsələnin şəffaf şəkildə araşdırılması, nəticələr barədə Azərbaycan tərəfinə məlumat verilməsi istənildi. Beləcə Azərbaycan dünyaya həm də terror dəstəkçisi ölkələrlə mübarizə apardığını xatırlatdı.
Beynəlxalq terrorizmin artdığı, terrorizmin dövlətlərin milli suverenliyini təhdid etdiyi və bunun nəticəsində dünya təhlükəsizliyinin təmin edilməsində ciddi problemlərin üzə çıxdığı belə bir məqamda Azərbaycan özünün terrorizmə qarşı mübarizə əzmini nümayiş etdirdi və terrorizmə məruz qalan bir ölkə olaraq bu kimi riskləri dünya güdəminə, həm də real hadisələrin fonunda nümayiş etdirdi.
Eyni zamanda, Azərbaycan dövləti özünün enerji əhəmiyyəti ilə də ön planda idi. Müzakirələr zamanı Avropanın əsas problemi – enerji əsas müzakirə mövzularından biri idi ki, Azərbaycan son zamanlar Avropanın enerji təminatının əsas aktorlarından birinə çevrilir. Bu amil, Avropa dövlətlərinin Azərbaycana qarşı mövqelərinin formalaşmasına, daha doğrusu Azərbaycanla əlaqələrə maraqlı olmasına yeni reallıqlar yaradır.
Ümumiyyətlə, Ukraynada dağıdıcı işğalın davam etməsi, Suriyada, Yəməndə vətəndaş müharibələri, Liviyada beynəlxalq anlaşmazlıq, Çinin Tayvana təzyiqləri, Şimali Koreyanın yarımadada pozucu fəaliyyətləri, Əfqanıstanda terror təşkilatı kimi tanınan qrupun dövlətə əl qoyması vəs. bir sıra problemli məsələlər fonunda Münxen təhlükəsizlik konfransı indi daha əhəmiyyətli addımların atılması, beynəlxalq terror və digər təhlükəsizlik risklərinə qarşı daha ciddi tədbirlərin görülməsi üçün ideal platformalardan birinə çevrilir.
Azərbaycan isə son konfrans fonunda gördüklərimiz qədəriylə Münxendə əsas məqsəd və hədəflərə çatmaq üçün rol oynaya biləcək potensiala sahib ölkələrdən birinə çevrilməkdədir. Yəqin artıq dünya da görür ki, Azərbaycan həm özünün maraqlarının, həm də dünyanın əsas problemlərinin həllinə fayda verə bilər, yaxud da bu istiqamətdə atılacaq addımlara ciddi töhvələrlə dəstək ola bilər.
Həşim Səhrablı / Busaat.az