Bakının daşınmaz əmlak bazarında ciddi qiymət ajiotajı yaşanır

image-9af07411-4d50-31f2-8da7-032d0d4a4382_850backend

Bu ilin yanvar ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə təqribən 10-11 %, dekabr ayı ilə müqayisədə isə 2-3 % artıb.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc məlumat verib.

Torpaqlar 45 % bahalaşıb

Onun sözlərinə görə, bazar seqmentləri arasında ən çox torpaq sahələri bahalaşıb:

“Əsasən, Bakıətrafı ərazilərdə yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kəskin bahalaşıb. Bölgələrdə də kənd təsərrüfatı təyinatlı və pay torpaqlarının qiymətlərində ciddi artım var. Bu, torpaq sahələrinin məhdudluğundan və vətəndaşlarımızın fərdi yaşayış evi tikmək üçün daha aktiv olmaqlarından irəli gəlir. Fərdi yaşayış evlərinin də qiyməti yüksəlir. Çünki bu evlər iki komponentdən təşkil olunur. Onun birincisi torpaq, ikincisi tikililərdir”.

V. Oruc vurğulayıb ki, inşaat materiallarının qiymətində müəyyən azalmalar olsa da, bu, bütövlükdə tikinti xərclərinə təsir göstərməyib: “Çünki ölkədə manatın alıcılıq qabiliyyətində enmələr var. Yəni manat ötən ilki səviyyədə alıcılıq qabiliyyətinə malik deyil. Bu da işçi haqlarının artması ilə nəticələnir. Eyni zamanda nəqliyyat, qurğular, texnika kirayəsi qiymətləri yüksəlir. Bu baxımdan tikinti xərcləri də artır. Odur ki, Bakı və Bakıətrafı ərazilərdə fərdi yaşayış evləri təqribən 15-18 % bahalaşıb. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qiymət artımı 40-45 %, yaşayış təyinatlı torpaqlarda isə 20-25 % aralığındadır”.

Mənzil qiymətləri artır

V.Oruc ilkin mənzil bazarında da bahalaşmanın davam etdiyini deyib:

“Bu da tikinti sahəsinin azlığından və əldə olunmasında yaranan problemlərdən irəli gəlir. Tikintiyə qarşı xüsusi tələblər var. Odur ki, sahibkarların mənfəət tələbi də artıb. Nəticədə hazırda ilkin mənzil bazarında qiymətlər ötən ilki qiymətlərlə müqayisədə 10-12 % çoxdur. Ötən aya nisbətdə bu artım 2-2,4 %-dir.

Qeyri-yaşayış sahələrinin qiymətində artım çox da ciddi deyil. Bu da onların ofis kimi istifadəsində, o cümlədən yeni ticarət obyektlərinin yaranmasında böyük bir dinamikanın olmadığının göstəricisidir. Ötən ilin yanvar ayına nisbətən qeyri-yaşayış sahələrinin qiymətində artım 2-2,7 % təşkil edib. Kirayə qiymətlərində yüksəliş müşahidə edilmir. Əksinə, bazarda bəzi təkrar təkliflərin qiyməti ötən illə müqayisədə aşağıdır”.

Bazarda qəribə tendensiya var

AQC rəhbəri hesab edir ki, əvvəllər mənzillərin yerləşdiyi ərazi onların qiymətinə ciddi təsir edirdi, indi isə bu məsələ əhəmiyyətini itirib.

“Yəni mərkəzdən kənar elə yerlər var ki, orda mənzillərin bir kvadrat metri mərkəzdəki qiymətlərlə təklif edilir. Xüsusilə də “Əhmədli”, “Xalqalar Dostluğu”, “Həzi Aslanov”, “Nərimanov” metrostansiyalarına yaxın ərazilərdə bu hallara rast gəlinir. Bəzi şəxslər düşünür ki, daha çox daşınmaz əmlaka yatırım olunmalıdır ki, onların vəsaiti dəyərini itirməsin. Nəticədə çox ciddi qiymət artımı ilə üzbəüzük.

Mənzilin yerləşmə yeri və digər kriteriyalarına baxılması məsələsi artıq arxada qalıb. Elə mənzillər var ki, onlar vaxtilə bazara təklif olunduğu dəyərdən ikiqat artığına yenidən təklif edilir. Bu, onu göstərir ki, daşınmaz əmlak bazarında çox ciddi qiymət ajiotajı var. Həmin ajiotaja uyğun alqı-satqı faktları isə yoxdur. Yəni bazarda satışlar çox deyil. Bir tərəfdən isə qiymətlər getdikcə kəskin yüksəlir”, – deyə V.Oruc əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki