Bayağı” mahnılarla məhv olan musiqimiz, zərbə alan xalqımız: Tanınmış musiqiçi ilə MÜSAHİBƏ – VİDEO

image-msg1203123683-11110backend

Son vaxtlar Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində durğunluq müşahidə edilməkdədir. Dünyada mədəni sahədə inkişafın təmin edildiyi bir vaxtda ölkəmizdə bu sahədə ciddi problemlərlə üzləşirik.

Xüsusilə incəsənətdə, musiqi sahəsində bu problemlər daha qabarıqdır. Azərbaycanın bir vaxtlar xalq ifaları və klassik musiqiləri dünyada nam salmışkən, bu gün estradamızda “bayağı” musiqilər yer almaqdadır. Bu hal isə, müəyyən qədər dinlənilməsinə baxmayaraq, insanlar arasında narazılığa səbəb olur. İnsanlar musiqi zövqümüzün və mədəni dəyərlərimizin sarsıldığından gileylənirlər.

Peşəkarlar da bu barədə ciddi həyacan təbili çalır. Onlar musiqinin cəmiyyətdə vacib faktor olduğunu, bu səbəbdən də bayağılaşmasına imkan verilməməsi lazım olduğunu qeyd edirlər.

Bu barədə tanınmış musiqiçi, prodüser Asif Kərimov Busaat.az-a müsahibə verib. O, bir sıra əhəmiyyətli məsələlərə toxunub.

Həmin müsahibəni təqdim edirik:

1. Asif müəllim, xoş gördük sizi.

– Salam, xoş gördük.

2. Azərbaycan musiqisinin vəziyyəti sizi qane edirmi?

– Ümumiyyətlə musiqinin təbliğatı ilə əsas televiziyalar məşğul olmalıdır. Əfsuslar olsun ki, son zamanlarda bizim televiziyalarda səslənən musiqilərin heç birinin professional Azərbaycan musiqisinə aidiyyəti yoxdur. Düzdür bu musiqilər Azərbaycan musiqi kimi adlandırılır, ancaq burada sadəcə sözlər Azərbaycan sözləridir. Musiqilər isə, ya fars, ya erməni, ya da ki başqa xalqlara aid musiqilərdir. Ən yaxşı halda Anadolu türklərindən götürülmüş musiqilərdir. Mən demirəm ki, fars-erməni musiqiləri istisna, türk, ərəb və digər musiqilər səslənməsin. Mənim yadıma gəlir, sovet dövründə televiziya “Şərq təranələri” adlı veriliş vardı. Orada türk, özbək musiqiləri də səslənirdi. Tamaşaçı da bilirdi ki, həmin saatda Şərq nəğmələri səslənəcək və ona qulaq asırdılar.

Amma indi əfsuslar olsun ki, beyinə yeridilən musiqi var, onlar da istər stilistika, istər harmoniya olaraq fars və erməni musiqiləridir ki, gecə-gündüz onların təbliğatı gedir. Bilmirəm bu, bilərəkdən olur, ya bilməyərəkdən…
Bilmirlərsə, niyə bilmirlər? Bilirlərsə, niyə edirlər? Əgər bilmirlərsə, bilənlər bu işlə məşğul olsunlar.

3. Asif müəllim, bayağı musiqilərə meyxana janrını da aid edə bilərik mi? Son günlər estrada nümayəndələri də meyxana janrından olan nəğmələrdən istifadə edirlər. Bu hal artıq çoxluq təşkil etməyə başlayıb. Buna səbəb nədir?

Başlayaq bayağı dediyiniz mahnılardan. Ümumiyyətlə “bayağı” deyilən bir söz yoxdur. Biri var peşəkar insanların bəstələdikləri mahnı, biri də var qeyri-peşəkarların. Mahnılar da öz növbəsində peşəkar və qeyri-peşəkar olmaqla bölünür. İndi qeyri-peşəkarları kimsə “bayağı” şəklində, bir başqası başqa formada adlandırır. Bu mahnılar qeyri-peşəkarların bəstələdiyi, elə qeyri-peşəkarların səsləndirdiyi mahnılardır. Onun da kökü yenə gəlir fars musiqilərindən bəhrələnir.

Qaldı ki, meyxanaya, bu, bizim folklorumuzdur. Folklor nümunəsi kimi çox gözəl janrdır. Ümumiyyətlə musiqidə sintez gözəldir. Amma gərək hər biri öz yerində olsun. Məsələn, estrada ilə meyxananı da sintez etmək olar, amma gərək meyxana meyxana yerində, estrada isə öz yerində qalsın. Meyxananı mahnı kimi təqdim edəndə, bu, mənim üçün qəbuledilməz haldır. Son zamanlardakı mahnılar musiqili meyxana kimi çıxarılır. Meyxananın folklor nümunəsi ritm üzərində bədahətən bəstələnmiş sözlərdir. Mənim nəzərimdə folk meyxana daha maarifləndiricidir, nəinki mahnı tərzində bəstələnmiş olsun…

4. Son vaxtlar müşahidə edirik ki, Cənubi Azərbaycandan gələn müğənnilər çoxluq təşkil edir. Buna səbəb nədir? Bizdə səslənən musiqilərin Cənubi Azərbaycan musiqiləri ilə eynilik təşkil etməsi, yoxsa başqa hər hansısa səbəb var?

– Əvvəla, deməliyik ki, Cənubi Azərbaycandan gələn müğənnilər öz ata yurduna, ana yurduna gəlir. Xoş gəlib, səfa gətiriblər. Onlara çox sağol düşür ki, uzun müddətdir fars rejiminin altında öz dillərini unutmayıblar. Onların indi oxuduqları musiqilər gözlərini açıb eşitdikləri musiqilərdir. Uzun müddətdir burada yaşayan Cavid var. Məsələn, o, Azərbaycan klassik bəstəkarlarının mahnılarını ifa edir. Digərləri isə hələ yeni gəliblər. Onlar da zamanla professional Azərbaycan musiqilərini öyrənəcək, onları ifa edəcəklər. Həmin müğənnilərin indi oxuduqları mahnılarda isə, fars nəğmələri hiss olunur. Bu başa düşüləndir. Onları yeni gül qönçələri kimi düşünmək lazımdır. Bizim professional musiqimiz yerində durarsa, onlar da o təcrübəyə qoşulacaqlar. Amma bütövlükdə Azərbaycan müğənnilərini fars musiqisinin təsirində qalması, bu artıq xəyanətdir.

5. Azərbaycanın özəl və ya dövlət televiziyalarında səslənən musiqilərə münasibətiniz necədir?

– Müvafiq qurumlar var ki, bu məsələləri tənzimləyir. Əgər, hansısa aparıcı danışıq və ya etik səhv edirsə, həmin telekanal cərimə edilir. Geyim məsələləri belə nəzarətdədir. Bu kimi tədbirləri alqışlayıram. Amma bütün günü yuxarıda qeyd etdiyim tərzdə musiqilərlə bizi təhqir edirlər. Bəs bu hallarda niyə cərimələr tətbiq edilmir? Yəni, bu hallara nəzarət yoxdurmu? Yoxdursa, niyə yoxdur? Varsa, necə var? Mütləq şəkildə televiziyada səslənən musiqilərə nəzarət olmalıdır. Ona görə ki, efirdə ancaq peşəkar mahnılar səslənməlidir.

Adətən televiziyalardan bildirirlər ki, biz yayımlamasaq da, yutubda bu musiqilər yayımlanır. Siz hələ də efir və yutub platforması arasındakı fərqi bilmirsinizsə, orada nə işiniz var?!

Tamaşaçılar efirə tam fərqli yanaşırlar. Efirə sənəti olmayan adamlar çıxmamalıdır. Efirdə boş danışıqlar olmamalıdır. Deyilən hər bir sözün, səslənən hər bir musiqinin arxasında durulmalıdır. Yutubda hər kəs öz efir məkanında sərbəstdir. Bu doğrudur. Dünya təcrübəsi də bunu deyir. Amma efir həm də təbliğatdır. Maarifləndirici vasitədir. Orada sadəcə maarifpərvər şəxslər təmsil olunmalıdır. Bu şəxslər həm nitqi, həm geyimi, həm də musiqisi ilə nümunə olmalıdır.

Yenə deyirəm, digər hallara nəzarət var. Amma musiqimiz nəzarətsiz qalıb.

6. “Tək əldən səs çıxmaz”. Bu prizmadan yanaşaraq, sadaladığınız problemlərin həlli üçün həmkarlarınıza hansı tövsiyələriniz var?

– Ümumiyyətlə, səsləndirdiyimiz problemləri peşəkarlar bilir. Biz öz aramızda bu barədə müzakirələr aparırıq. Amma əlimizdən nə gəlir? Necə ki siz peşəkarlığa önəm verib bu gün mənimlə bu məsələ barədə danışdınız, digər jurnalistlər də başqa peşəkarlarla sizin dediyiniz “bayağı” müğənnilər əvəzinə peşəkarlarla müsahibələr aparmaqla mövzunu aktual saxlaya, onların da mənim fikirlərimi təsdiq edən düşüncələrini yayımlaya bilərlər. Çünki bu, bizim ümumi yaramızdır. Bu təkcə sənə, mənə vurulan zərbə deyil. Xalq olaraq hər birimizə dəyən zərbədir.

Milli musiqini məhv etmək xalqa vurulan zərbədir. Bu isə, məhvə doğru aparır.

7. Vaxt ayırıb bizi cavabladığınız üçün təşəkkür edirik. Sağ olun.

-Mən təşəkkür edirəm. Hələlik.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki