“Bəxtiyarlı” Azərbaycan Ordusu – TƏHLİL

image-ad3e7170fee0a555099eda2e436f33f6backend

Bir neçə gün öncə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin edilib.

Bu təyinat Azərbaycan gündəmində kifayət qədər özünə yer tutub və bir sıra müzakirələrə səbəb olub.

Bir sıra neqativ rəylər səsləndirilsə də, Azərbaycandakı ordu mütəxəssisləri və hərbi sahədə təcrübəli digər şəxslər qərarı alqışlayıb və bunun Azərbaycan Ordusunun inkişafında effektiv olacağını qeyd edib.

Bəxtiyar Ersayın uğur yoluna baxdıqda yəqin etmək olar ki, onun Türkiyə hərbi qüvvələrinin Azərbaycandakı komandanlığının rəhbəri seçilməsi təsadüfi deyil. Bəxtiyar Ersay yüzlərlə PKK-lını zərərsizləşdirməklə bərabər, FETÖ ilə mübarizədəki xidmətlərinə görə də xatırlanır. Bundan əlavə o, Türkiyənin Tunis və Liviyadakı əməliyyatları zamanı da əsas rəhbər şəxslərdən olub.

Beləliklə, Bəxtiyar Ersay həm Türkiyə daxilindəki, həm də Türkiyə sərhədlərindən kənar əməliyyatlarda iştirak edib özünü hərtərəfli doğrultmağı bacaran azsaylı generallardandır.

Bəs onun Azərbaycan Ordusunda təmsili nə vəd edir?

Əvvəla, Azərbaycan Ordusu sərhəddaxili əməliyyatlarda uğurlu olsa da, onun Azərbaycan sərhədlərindən kənarda xüsusi döyüş təcrübəsi yoxdur. Ümumiyyətlə, Azərbaycan Ordusundakı generallar sərhəddən kənar heç bir əməliyyatda yer almayıblar. Sülhməramlı missiyalarda iştirak isə, real döyüş təcrübələri ilə eynilik təşkil etmir.

Hesablanmış olmalıdır ki, gələcəkdə Azərbaycan Ordusu sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün sərhədyanı ərazilərdə hərbi əməliyyatlar təşkil edə bilər. Məsələn, Ermənistan tərəfi Azərbaycanın sivil və hərbi nöqtələrini həmişə Qərbi Zəngəzur ərazilərindən atəşə tutub. Bu ərazilərdə anti-terror əməliyyatları təşkil edilmədən Azərbaycanın suverenliyini tam şəkildə bərqərar etmək mümkün görünmür.

Bəxtiyar Ersay bu kimi mümkün əməliyyatlar zamanı öz təcrübəsini bölüşə bilər. Bu təcrübə isə, şübhəsiz ki, effektiv olacaq.

İkincisi, Azərbaycan Ordusunda nizam intizam məsələlərində bir sıra neqativ hallarla qarşılaşmaq mümkündür. Rüşvət və yeyinti halları ilə bağlı, eyni zamanda kemiş Baş Qərərgah rəisi Nəcməddin Sadıqov ətrafında davam edən söz-söhbətlər Azərbaycan Ordusunun nüfuzunu zədələyən neqativ hallar olaraq qalmaqdadır. Xatırlamaq lazımdır ki, rüşvət və yeyinti halları istiqamətində Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) də bir sıra tədbirlər görüb. Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin olunması bu istiqamətdə də effektiv addımların atılacağının xəbərçisidir. Hər halda, rəsmi Bakı ordunun ən az dünya standartlarındakı kimi şəffaflığına önəm verir və bunun üçün Türkiyə təcrübəsi idealdır.

Üçüncüsü, sürətlə hərbiləşən dünyamızda hər ölkə öz ordusunu maksimum şəkildə yeni standartlara hazırlamağı hədəfləyir. Qəbul etmək lazımdır ki, bu standartlardan ən yaxşısı NATO təcrübəsidir. Təəssüf ki, NATO üzvü ölkələrin əksəriyyəti ya anti-Aəzrbaycan siyasəti yeridir, ya da Azərbaycanla yaxın əlaqələrə sahib deyillər. NATO-da üzv olan və bizim də müttəfiqimiz Türkiyə dövləti bu nöqtədə də Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılmasında əsas aktordur. Bəxtiyar Ersay təyinatına həm də bu prizmadan yanaşmaq lazımdır. Əvvəllər kənardan Azərbaycan Ordusu ilə öz təcrübələrini bölüşən Türkiyə generalları bu təyinat sayəsində artıq birbaşa təcrübələrini ötürə biləcəklər.

Təyinatın görünən tərəfləri hazırda bu üç əsas nüansla sərhədlənib. Əgər hər hansı başqa səbəblər və məqsədlər varsa, yaxın zamanda səbəb və məqsədlərin siyahısını da artırmaq mümkün olacaqdır.

Hələlik isə, Bəxtiyar Ersayın təyinatı ilə Azərbaycan Ordusu üçün “bəxtiyarlı” günlərin doğacağını əminliklə ifadə edə bilərik…

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki