Biri qızının namizədliyini verir, biri sevgilisinin… – Hafiz Hacıyevdən SƏRT AÇIQLAMA

image-51backend

Bu ilin sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədlik üçün qeydiyyat prosesinin başa çatmasına üç gün qalır.

Busaat.az xəbər verir ki, artıq namizədliyini verən şəxslərin böyük bir qisminin adları bəllidir.

Lakin Müasir Müsavat Partiyası namizədlik məsələləri ilə bağlı demək olar ki, mediaya və ictimaiyyətə məlumat verməyib. Məhz bu səbəbdən də  Busaat.az partiyanın sədri Hafiz Hacıyevlə əlaqə saxlayıb.

Parlament seçkiləri ilə bağlı açıqlama verən H.Hacıyev qeyd edib ki, rəhbəri olduğu partiyadan 7 namizəd parlament seçkilərində iştirak edəcək:

“Bizim seçki prosesində iştirak edəcək namizədlərimizin sayı 7 nəfərdir. Lakin ümumilikdə 15 nəfərin namizədliyini verməyi planlaşdırırdıq. Bizə qarşı süni qarayaxma kampaniyaları həyata keçirildi, bəzi yollarla maneələr yaradıldı. Hər bir halda, 7 üzvümüzün parlamentdə xalqımızı təmsil etməsi üçün çalışacağıq. İmzatoplama kampaniyaları da necə lazımdırsa, həyata keçirilib. Yetərli sayda imza toplamağa nail olmuşuq”.

Maneələrdən danışan MMP sədri bildirib ki, bəzi rayonlarda onların namizədlərinə problemlər yaradılıb:

“Bəzi rayonlarda namizədlərimizin verilməsi ilə bağlı problem yaşadıq. Ancaq yaradılan bütün əngəllərə rəğmən bu maneələri yıxmağı bacardıq. Seçki prosesində aktiv şəkildə iştirak edəcəyik”.

Müsahibimiz hər bir kəsin dövlətimizin siyasətini dəstəkləməli olduğunu vurğulayıb:

“Biz dövlətimizin siyasətini dəstəkləyirik. Lakin dövlətimizin qoyduğu qayda-qanunlara sadiq olmaq tək bizim yox, həm də bütün ölkə vətəndaşlarının, bu prosesi idarə edən hamının borcudur. Dövlətimizin müstəqiliyini və maraqlarını hər şeydən üstün tutan Müasir Müsavat Partiyasında xalqımızı təmsil edəcək çox layiqli insanlar var. Biz də istəyirik ki, millətimizi layiq olanlar təmsil etsin. Millətimizin maraqları və milli maraqlar hər şeydən üstün və öndədir”.

Özünün namizədliyi ilə bağlı suala isə siyasətçi belə cavab verib:

“Mən hələ ki, seçki qərargahına rəhbərlik edəcəm. Partiyamızın mandat qazanması məqsədilə bu funksiyanı öz öhdəmə götürmüşəm. Həm də bəzi şeylərdən narazıyam. Köhnə deputatların bəziləri qızını namizəd edir, digəri sevgilisini. Belə mühitdə yarışmaqla mən öz nüfuzumu aşağı salmaq və cəmiyyətdə özümə qarşı aqressiya yaratmaq niyyətində deyiləm”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki