“Əziz və dəyərli vətəndaşlarımız! Prezident, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsini hər birimiz hədsiz sevinc və qürur hissi ilə qarşılayırıq”.
Busaat.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) vətəndaşlara müraciətində bildirilir.
“Torpaqlarımızın ərazi bütövlüyünü təmin edərək xalqımıza qələbə sevinci bəxş edən Müzəffər Ali Baş Komandanımıza və şanlı Ordumuza böyük ehtiramımızı və təşəkkürümüzü bildiririk.
Eyni zamanda tarixi qələbə günündə milli birliyimizi nümayiş etdirmək üçün paytaxt küçələrinə çıxan dəyərli vətəndaşlarımızı, xüsusən də fərdi avtomobil sürücülərini bir qədər diqqətli olmağa dəvət edirik.
Xahiş edirik ki, qələbə yürüşü zamanı ictimai nəqliyyat vasitələrinin hərəkətinə mümkün qədər şərait yaratsınlar. Avtomobilləri avtobusların hərəkət trayektoriyasında və avtobus dayanacaq məntəqələri ərazisində saxlamaqdan çəkinsinlər.
Hər zaman olduğu kimi bu əlamətdar tarixi zəfər günündə də əziz vətəndaşlarımızın qaydalara anlayışla yanaşacağına əminik.
Unutmayaq ki, sərnişindaşımaların yalnız avtobuslarla icra olunduğu hazırki vaxtda bu qaydalara əməl etmək olduqca vacibdir.
Bir daha əziz xalqımızı şanlı qələbə münasibətilə təbrik edirik!”, – deyə müraciətdə qeyd olunub.