İsrail Ordusu Radiosu Qəzza zolağında qarşıdan gələn atəşkəs razılaşmasının təfərrüatlarını paylaşıb.
Qəzza zolağında atəşkəs razılaşmasının bütün bəndləri üzrə irəliləyiş əldə olunub.
Bu barədə İsrail radiosu diplomatik mənbələrə istinadən xəbər verir.
Son məlumata görə, sövdələşməyə aşağıdakı şərtlər daxildir:
– Birinci mərhələ əsasən “humanitar” olacaq. Onun çərçivəsində 33 girov azad ediləcək: qadınlar (mülki və hərbçilər), uşaqlar, 50 yaşdan yuxarı böyüklər, yaralılar və xəstələr;
– Birinci mərhələnin 16-cı günündə İsrailin bütün girovların azad edilməsində israrlı olacağı ikinci mərhələ üzrə danışıqlar başlayacaq;
– Razılaşmanın bütün müddəti ərzində İsrail ordusu İsrailin Qəzza zolağı ilə sərhədi boyunca bufer zonada qalacaq və qüvvələrin anklav ərazilərdən geri çəkilməsi mərhələli şəkildə baş verəcək. Eyni zamanda, İsrail qoşunları Filadelfiya oxunda qalacaq və onun bəzi hissələrindən geri çəkilmə mərhələli olacaq;
– İsrail ordusu sektorun şimalını tərk edərək, ora sakinlərin geri qayıtmasına şərait yaradacaq, lakin eyni zamanda silahlıların hərəkətinin və silahların ötürülməsinin qarşısını alan mexanizm yaradılacaq;
Fələstinli məhbusların azad edilməsi canlı girovların sayından asılı olacaq. 2023-cü ilin oktyabrında İsrailin işğalında iştirak edən silahlılar azad edilməyəcək.