Builki parlament seçkilərindən gözləntilər nədir? – Seçicilərinin səsinə səs verən deputatlar…

image-3backend

Azərbaycan prezidenti İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Maraqlıdır ki, builki parlament seçkilərindən gözləntilər nədir?

Zeynal Əmrəliyev: Əvvəlki parlmentin fəaliyyətini qənaətbəxş hesab etmək olmazdı

Politoloq Zeynal Əmrəliyev Busaat.az-a açıqlamasında bildirib ki, cəmiyyətin növbədənkənar parlament seçkilərindən gözləntiləri böyükdür.

Onun sözlərinə görə, budəfəki parlament seçkiləri Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra ilk dəfə həyata keçiriləcək. Bu baxımdan seçkilərə maraq yüksəkdir:

“Əvvəlki parlament çağırışında müsbət addımlar olsa da, parlmentin fəaliyyətini qənaətbəxş hesab etmək olmazdı. Hazırkı çağırışda parlamentin fəaliyyəti monoton xarakter daşıyır. Parlamentin daxilində demokratik atmosfer müşahidə olunmadı. Bəzən deputatlar cəmiyyətə zidd açıqlamalarla çıxış etdilər. Sonuncu prezident seçkiləri ölkə başçısı İlham Əliyevin nüfuzunun kifayət qədər yüksək olduğunu göstərdi. Lakin parlament bu nüfuzdan çox aşağıda qaldı. Bu baxımdan parlamentə yeni simaların gəlməsinə ehtiyac var. Cəmiyyətdə üzdə olan kifayət qədər yeni simalar arasında iqtisadçılar, politoloqlar, hüquqşünaslar və sosial məsələlər üzrə ekspertlər var. Bu insanların parlamentə gəlməsi aktivlik yarada bilər”.

Zeynal Əmrəliyev hesab edir ki, Azərbaycan Milli Məclisi MDB və Şərqi Avropa ölkələrinin parlamenti içərisində müxalifət fraksiyası olmayan parlamentdir. Əslində parlament daxilində sağlam müxalifətin formalaşmasına ehtiyac var.

Tofiq Abbasov: Parlamentdə müasir düşüncəli, yeni yanaşmalara açıq nümayəndələr olmalıdır

Yeni parlamentin yeni baxışlar və yanaşmalar yaradacağını vurğulayan politoloq Tofiq Abbasov isə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu seçkilərdə yeni simalar olacaq.

O, yeni parlamentin yeni təşəbbüskarlığın şahidi olmağa imkan yaradacağını qeyd edib:

“Artıq parlament seçkilərindən 5 ilə yaxın vaxt keçir. Bu müddət ərzində ölkələrin mövqeyi dəyişdi, fevral ayında ilk dəfə bütöv Azərbaycanda prezident seçkiləri keçirildi. Nəhayət, bu il Azərbaycanın bütün ərazilərində ilk parlament seçkiləri keçiriləcək. Azərbaycan artıq yeni dönəmə qədəm qoyub. Bu gün azad olunmuş torpaqlarda yeni infrastruktur layihələri həyata keçirilir. Ağdam, Füzuli, Laçın və Kəlbəcərə insanların köçü həyata keçirilir və yeni həyat tərzi başlayıb. Təbii ki, bu ərazilər üzrə də parlamentdə nümayəndələr olacaq”.

T.Abbasova görə, bu gün Azərbaycan dünya çapında vacib ölkələrdən birinə çevrilib. Ona görə də parlamentdə müasir düşüncəli və yeni yanaşmalara açıq olan nümayəndələr olmalıdır.

“Əvvəlki parlamentlərdə bəzi bölgələri təmsil edən deputatların səsləri və çıxışları olmurdu. Bu deputatlar qanun layihələrinin irəli sürülməsində təşəbbüskarlıqlarını nümayiş etdirmirdilər. Bu vəziyyət haqlı olaraq cəmiyyətdə və parlamentin dəhizlərində də tənqid olunurdu. Bu baxımdan parlamentdə aktiv, seçicilərinin səsinə səs verən deputatların olmasına ehtiyac var”, – deyə politoloq vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki