“Bildiyiniz kimi, bu gün xalqımız üçün çox əziz bir gündür, tarixi bir gündür. Bu gün Şuşa şəhərinin azad edilməsi günüdür. Belə bir gündə bizimlə bərabər olmağınız xüsusi önəm daşıyır”.
Busaat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, bu, növbəti qardaşlıq nümunəsidir, növbəti qardaşlıq təzahürüdür:
“Hər zaman olduğu kimi, yaxşı günlərdə də, ağır günlərdə də biz bir yerdəyik. Bu hadisə bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər yaxındır, Türkiyə və Azərbaycan bir-birinə nə qədər doğmadır.
Türkiyənin Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan son bir ay ərzində, ondan da çox bir müddət ərzində Azərbaycana dəfələrlə öz dəstəyini göstərmişdir, öz açıq ifadələri ilə siyasi, mənəvi dəstək verməklə bizə əlavə güc vermişdir. Eyni zamanda, siz – hörmətli müdafiə naziri, bizim digər qardaşlarımız dəfələrlə Azərbaycanın yanında olduğunuzu qeyd edirdiniz. Qeyd edirdiniz ki, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu açıqlamalar, bu siyasi və mənəvi dəstək bu münaqişənin həlli üçün də önəmli rol oynamışdır.
Şəhərlərimizin, kəndlərimizin işğaldan azad edilməsi və bu gün Şuşa şəhərinin, qədim Azərbaycan şəhərinin azad edilməsi, əlbəttə ki, böyük tarixi hadisədir. Bu hadisəni bizimlə birlikdə belə canlı şəkildə qeyd etmək üçün Azərbaycana gəlməyiniz bizi çox məmnun edir.
Bir daha sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu müddət ərzində bir daha bütün dünya, bizi istəyənlər və istəməyənlər gördülər ki, birliyimiz sarsılmazdır və əbədidir. Bu, belə də davam edəcək. Bir daha sizə təşəkkürümü bildirirəm, sizə “Xoş gəlmisiniz!” deyirəm”.