Bir neçə gün öncə Çin prezidenti Si Tsipin 3 günlük səfər çərçivəsində Səudiyyə Ərəbistanına ziyarət edib. Bu səfərlə uzun müddətdir dünya gündəmindən kənarda qalan Körfəz bölgəsi yenidən dünyanın əsas siyasi-iqtisadi zonası kimi gündəmə çevrilib. Çin liderinin Səudiyyə Ərəbistanına səfərinin Vaşinqtonla Riyad arasında əlaqələrin gərginləşdiyi bir zamana təsadüf etməsi, Co Baydenin bu ölkəyə səfəri zamanı sönük şəkildə qarşılanmasından sonra, Riyad rəhbərliyinin Çin liderini yüksək səviyyədə qarşılaması və səfər zamanı Çin-Ərəb dünyası, Çin-Körfəz zirvələrinin təşkili maraqla qarşılanıb.
ABŞ-ın bölgədəki əsas müttəfiqi Səudiyyə Ərəbistanı olaraq bilinməkdədir. Ancaq son zamanlar ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri gərginləşib. Riyad rejiminin müttəfiqi ABŞ-ın əsas rəqibi Çin ilə əlaqələri genişləndirməsi dünyadakı güc balansının sürətlə dəyişdiyini göstərməkdədir. Belə ki, səfər zamanı Riyad və Pekin arasında bir sıra müqavilələr imzalanıb ki, bu müqavilələrin ümumi həcmi 50 milyard dollar dəyərində qiymətləndirilib.
Pekin və Riyadın müttəfiqə çevrilmək imkanları isə, sual altındadır. Mənə görə qeyri-mümkündür. Bunun bir sıra səbəbləri var:
1.Ölkələrin xarici siyasət xətti qısa zaman dilimində dəyişə bilməz. Burada beynəlxalq faktorlar həlledici rol oynayır. ABŞ-la müttəfiq olan Səudiyyə Ərəbistanı Çinlə də müttəfiq əlaqələr qurmaq imkanlarına sahib deyil. Heç Çin tərəfi də, bütün sahələrdə ABŞ-la müttəfiqliyi bitirməyən Səudiyyə Ərəbistanı ilə yeni ittifaq qurmaq istəməyəcək. Üstəgəl, Çinin bölgədə öz müttəfiqi var. İranla müttəfiq münasibətlər Çinə effektiv nəticələr verir. İran isə Səudiyyə Ərəbistanı ilə düşmən münasibətlərdədir. Yəni Çin özü də həm Səudiyyə Ərəbistanının ABŞ-la müttəfiqliyi, həm də özünün İran ilə müttəfiq əlaqələri prizmasında Riyad rejmi ilə müttəfiq olmağa maraqlı olmayacaq. Eyni zamanda Səudiyyə Ərəbistanı yaxşı hesablayır ki, onun bölgədə hegemonluğunu təmin edə bilməsi üçün, öncə İranı üstələməsi lazımdır. İrana qarşı mübarizədə isə, Çinə deyil, ABŞ-a etibar edə bilər. Səudiyyə Ərəbistanı çalışır ki, İranla mübarizədə Çini neytrallaşdırıb ABŞ-dan həlledici dəstək alsın.
2.Çin yaxşı bilir ki, Səudiyyə Ərəbistanı Çinlə əlaqələrin inkişafını ABŞ-a qarşı silah kimi istifadə edir. Yəni, Səudiyyə Ərəbistanı hesablayır ki, Körfəzdə Riyada ehtiyacı olan ABŞ onun nazı ilə oynayacaq və istəklərinə tam olmasa da, böyük ölçüdə güzəşt edəcək. Çünki Səudiyyə Ərəbistanını itirmək ABŞ-ın dünyəvi maraqlarına ciddi zərbə olar. Səudiyyə Ərəbistanı həm Körfəzin əsas ölkələrindən biridir, həm də dünya enerji sektorunda əsas ölkələrdəndir. O, həm də OPEC və OPEC+ kimi təşkilatların əsas ölkəsidir. Dünyada enerji böhranının dərinləşdiyi kritik məqamda kim Səudiyyə Ərəbistanı ilə qarşı-qarşıya gəlmək istəyər ki? ABŞ belə bir müttəfiqi itirmək istəyərmi?
Bütün bunları yaxşı görən Çin çalışır ki, Səudiyyə Ərəbistanı ABŞ-dan istədiyini qoparana qədər Pekin bölgədəki maraqlarını təmin etsin. Üstəgəl, Çin Səudiyyə Ərəbistanı ilə müttəfiq olmaq üçün İranla əlaqələrini pozmalıdır. Bu isə, effektiv nəticə sayılmaz. Çünki Çinə İranla müttəfiqlik daha faydalıdır.
3.Səudiyyə Ərəbistanı ABŞ-ın anti-diktator addımlarından qorunmaq üçün “diktator tərəfdarlar” axtarışına çıxıb. Yəni Səudiyyə Ərəbistanı ilə müttəfiq əlaqələrinə önəm verən ABŞ burada rejim dəyişikliyi edərək, kral hakimiyyətinə son verə bilər. Xüsusilə “Ərəb baharı”ndan sonra Riyadda bu qorxu daha da artıb. Kral ailəsi düşünür ki, ABŞ burada demokratik bir rejim qurmaqla həm ölkəni özündən tam asılı hala salmaq istəyir, həm də Səudiyyə Ərəbistanı dövlətində “etibarlı hakimiyyət” formalaşdırmağa çalışır. Çünki son hadisələr göstərir ki, ABŞ diktatorlara inanmır və onların varlığını təhlükəli sayır. Məhz bu səbəbdən, Səudiyyə Ərəbistanı rejimi Çindən dəstək almağa çalışır. Bu isə, tamamilə şəxsi maraqlardır. Çində də diktaturanın mövcudluğu və şəxsi maraqların ön planda olması Səudiyyə Ərəbistanının bu niyyətlərini reallaşdırmağa fürsət verir.
Düzdür iki ölkənin müttəfiqə çevrilmə ehtimalları az olsa da, Çin və Səudiyyə Ərəbistanı qarşılıqlı əlaqələri və iş birliyini artırmaqla öz milli maraqlarının təminatı üçün effektiv imkanlar əldə edir. Çin Yaxın Şərqin ən böyük investorudur. O, həm də, regiondan hasil olunan neftin yarıdan çoxunun alıcısıdır. Beləcə özünün enerji ehtiyaclarının əhəmiyyətli bir hissəsini Yaxın Şərqdən ödəyən Çin öz maraqlarını qarantiyaya alır. Çin çalışır ki, bölgədəki bütün dövlətlərlə, xüsusilə də enerji ölkələri ilə münasibətlərini mülayimləşdirsin və beləcə öz maraqlarını qorusun. Bunun üçün isə, müttəfiq münasibətlər qurmaq şərt deyil. Çin qarşılıqlı əməkdaşlıq formatı yaradaraq bu məqsədlərinə nail olmaqdadır.
Səudiyyə Ərəbistanı isə, Ərəb dünyasının və ümumiyyətlə Yaxın Şərq və Körfəz regionunun əsas ölkəsinə çevrilmək istəyir. İranla Ərəb dünyası arasında mümkün qarşıdurma ehtimalları da Səudiyyə Ərəbistanını məcbur edir ki, İranın əsas müttəfiqi Çinin tərəfsizliyinə nail olsun. Əgər Səudiyyə Ərəbistanı bu niyyətlərinə çatacaqsa, onda o, həqiqətən də Ərəb dünyasının və Körfəzin əsas ölkəsinə çevriləcək. Məhz bundan sonra Riyad bütün Yaxın Şərqdə əsas mərkəz olmaq üçün geniş imkanlar əldə edəcək.
Göründüyü kimi Körfəzdə güc nisbəti dəyişib. Çin burada əsas faktora çevrilməkdədir. Onun İranla müttəfiq münasibətləri, Səudiyyə Ərəbistanı ilə ABŞ arasında ziddiyyətlərin artması və Körfəz ölkələrinin hamısı ilə əməkdaşlıq qura bilməsi Çini Körfəzdə ABŞ-dan daha aktiv oyunçuya çevirib. İranın ABŞ və Qərbə qarşı mübarizədə Çinə ehtiyacı olması onun Səudiyyə Ərəbistanı-Çin münasibətlərinə etiraz etməsinə imkan vermir. Səudiyyə Ərəbistanı isə, ABŞ və Çin rəqabətindən maksimum istifadə edərək, iki supeürgüc arasında balans qurmağa çalışır və bu ilkin mərhələdə uğurlu alınmaqdadır.
Çin isə, daha ağıllı oynayır. Çin dünya dövlətlərinin daxili işlərinə qarışmadan, ölkələrlə diktatura, yaxud demokratiya mühitində yaşamasından asılı olmayaraq, milli maraqları prizmasından əlaqələr qurur. Məhz Körfəzdəki reallıqlar deməyə əsas verir ki, Çinin bu siyasəti effektiv nəticələr verib. Belə bir regionda üstünlüyü ələ alan Çin ABŞ-a qarşı nüfus savaşında ciddi uğur qazanıb.
Yeni düzənə – çoxqütblü dünyaya keçidə hazırlaşdığımız ümumi dünyəvi hadisələr fonunda iddia edə bilərəm ki, artıq üçüncü güc qütbü formalaşıb: Çin ABŞ və İngiltərədən sonra artıq üçüncü güc qütbünə çevrilib…
Busaat.az/Həşim Səhrablı