DİQQƏT: Prezidentə ikinci MÜRACİƏT – FOTOLAR

image-ikinci-muracietbackend

Dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup Qarabağ müharibəsi və əmək veteranı tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə MÜRACİƏT olunub.

Feso.az sözügedən müraciəti təqdim edir:

Çox hörmətli, Cənab Prezident! Zati Aliləri!

Cənab Ali Baş Komandanımız!

Biz bir qrup Qarabağ müharibəsi veteranı və əmək veteranları adından 23 may 2023-cü ildə Sizə göndərdiyimiz ərizə ilə özəlləşdirmə payları (çekləri) sahiblərinin konstitusion hüquqlarının müdafiə olunması üçün bizə kömək etməyinizi, bəzi normativ hüquqi aktların Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müvafiq sorğunun göndərilməsi barədə sərəncam verməyinizi Sizdən xahiş etdik.

Hesab edirik ki, həmin ərizə barədə Prezident Aparatının rəsmiləri Sizə məlumat vermədən, naməlum səbəblərdən Konstitusiya Məhkəməsinə deyil, Ali Məhkəməyə göndəriblər. Ali Məhkəmədən bizə cavab olaraq bu tip məsələlərin ancaq Konstitusiya Məhkəməsi tərəfindən araşdırılmasının vacibliyi yazılıb. Biz hüquqları pozulmuş yaşlı vətəndaşlar bundan çox böyük narahatlıq keçiririk.

Cənab Prezident!

Xahiş edirik ki, kapitalizmə keçid dövründə tarixi sosial ədalət naminə dövlət siyasəti kimi atanız Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikası tərəfindən qanunlarla dövlət öhdəliyi kimi xalqa vəd edilmiş, inflyasiyadan qorunan miras əmlak paylarını satmayan bizim kimi yaşlı insanların hər gün 30 nəfərinin vəfat etdiyini və hüquqlarının bəzi fərmanlar ilə pozulmağa davam etdiyini nəzərə alaraq, bizə müvafiq köməklik göstərəsiniz.

Biz dövlətimizə və Ulu Öndərimizə, onun vədinə inanaraq öz əmlak payımız olan Dövlət Qiymətli Kağızı kimi Özəlləşdirmə Çeklərini satmadıq və qeyd edək ki, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin laqeydliyi və məsuliyyətsizliyi üzündən yaranmış bu hüquqi səhvlər olan həmin fərmanların heç birinin preambulasında konstitusion əsaslandırma mövcud deyil.

Hesab edirik ki, bu hüquq pozuntuları mütəşəkkil korrupsiya cinayəti faktı kimi gələcəkdə Sizə və Dövlətimizə qarşı düşmənçilik edənlər tərəfindən istifadə ediləcək, həm də xarici invesrorların ölkəmizə olan etimadını qıra bilər.

Belə ki, 2022-ci ildə bütün bu hüquq pozuntuları artıq üzə çıxarıldı. Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin apardıqları elimi-praktik araşdırmalar nəticəsində bu konstitusion hüquq pozuntuları müəyyən edildi və həmin nəticələr elmi məqalələr formasında Sizin nəzarətinizdə olan Ali Attestasiya Komissiyasında qeydiyyatda olan “Qanun” jurnalında 10-dan çox hüquqşünas alim tərəfindən rəy verilərək dərc olundu.

Möhtərəm Prezident!

Yuxarıda qeyd edilənləri, xüsusilə 2023-cü ilin xalqımızın Ümummilli Lideri Ulu Öndər “Heydər Əliyev İli” olduğunu nəzərə alaraq, Ali Məhkəmənin də yazdığı kimi bu problemin tez bir zamanda həlli üçün Sizdən xahiş edirik ki, dövlət özəlləşdirmə payları (çekləri) sahiblərinin konstitusion hüquqlarının müdafiə olunması üçün bizə kömək edəsiniz.

23 may 2023-cü ildə Sizə göndərdiyimiz normativ hüquqi aktların Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müvafiq sorğunun göndərilməsi barədə sərəncam verməyinizi xahiş edir və səbirsizliklə Sizdən cavab gözləyirik.

İmzalar:

Qeyd edək ki, yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” vasitəsilə özəlləşdirmə çekləri ilə bağlı ətraflı tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Mövzuya dair daha ətraflı məlumatla aşağıdakı videolardan tanış ola bilərsiniz:

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90