DTX-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən Busaat.az-a verilən məlumata görə, müasir müstəqil Azərbaycanın qurucusu, çağdaş dövlətçiliyimizin banisi, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək önünə əklil və gül dəstələri qoymuş, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Xidmətin şəxsi heyətinin iştirakı ilə DTX-nin akt zalında təşkil olunmuş tədbirdə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və Dövlət Himni səsləndirilmişdir.
DTX-nin rəisi general-polkovnik Əli Nağıyev geniş nitqlə çıxış edərək dahi rəhbərin həyat yoluna nəzər salmış, Ulu Öndərin mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətinin bu orqanların tarixində mühüm bir mərhələ kimi qiymətləndirildiyini vurğulamış, onun əvəzsiz səyləri ilə təhlükəsizlik təşkilatının azərbaycançılıq ideologiyası əsasında formalaşmasından, xilaskarlıq missiyasını üzərinə götürərək dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasında misilsiz xidmətlərindən ətraflı bəhs etmişdir. General-polkovnik Əli Nağıyev bildirmişdir ki, bugünkü təhlükəsizlik orqanlarının fəaliyyətinin əsasını Heydər Əliyevin bu təsisatda təməlini qoyduğu peşəkarlıq məktəbi və vətənpərvərlik irsi təşkil edir və DTX-nin əməkdaşları bu məktəbin davamçıları olaraq təhlükəsizlik orqanlarında Heydər Əliyev ənənələrinin yaşadılması və inkişaf etdirilməsi naminə əzmlə çalışırlar.
Xidmət rəisi Əli Nağıyev Ulu Öndərin siyasi varisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xüsusi xidmət orqanlarının hazırda öz fəaliyyətini uğurla həyata keçirdiyini diqqətə çatdırmışdır.
Rəsmi hissə başa çatdıqdan sonra tədbir bədii hissə ilə – DTX-nin Mədəniyyət mərkəzində tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam etdirilmişdir.