Dünyanın Azərbaycana qarşı qərəzi: Böyük dövlətlər üzərindən  – TƏHLİL

image-305546252_467282031951948_8311630504559763119_nbackend

Qarabağdakı işğal faktı dünyanın bütün dövlətlərinə bəllidir. Dost da, düşmən də yaxşı fərqindədir ki, buradakı işğal heç geosiyasi və beynəlxalq amillərdən də qaynaqlanmayıb. Daha doğrusu burada geosiyasi maraqlar az da olsa özünü birüzə versə də, Qarabağın işğalının əsas səbəbi milli məsələ olub: “Are, Türkləri öldürməliyik” tipli sloganları müxtəlif vaxtlarda müxtəlif ermənilərin dilindən eşitmişik, eşidirik, erməni şovenizmini tam aradan qaldırmamış eşitməyə davam edəcəyik. Qarabağ problemi isə son 30 ildə yaşanan proseslərin nəticəsi deyil. Qarabağ problemi Qərb dairəlıəri və Rusiyanın dəstəkləri ilə ermənilərin Türk dünyasına qarşı silahlandırılmağa, təşkilatlandırılmağa başlanıldığı 200 ildən artıq tarixi prosesin nəticəsidir. Bu tarixi proses Türk tarixinə “Erməni məsələsi” və ya “Erməni problemi” kimi düşüb.

“Erməni məsələsinin” kökündə Türk dünyasının bağrında bir xristiyan-erməni dövləti qurulması yatır ki, ermənilər öz havadarları olan ingilis, fransız və ən əsası ruslara arxalanaraq bu dövlət xülyalarını daha da genişləndirib “Böyük Ermənistan” devizi altından erməni imperatorluğu inşa etmək planlarına başlayıblar. Ermənilərin türk dünyasına qarşı bu xəyanətinin ilk mərhələsi Anadoluda başladı və ermənbilər onları “sadiq millət” olaraq görən Anadolu türklərinə, Osmanlı imperiyasına xəyanət ediblər. Osmanlı əleyhinə Rusiya, İngiltərə və Fransadan dəstəklənən ermənilər Anadoluda Türk millətinə qarşı terror hərəkətləri icra etməyə başlayıblar. Əmin ola bilərsiniz ki, bu tarixin ilk terror örnəklərindən biridir. Daha sonra Anadoluda Mustafa Kamal Atatürk liderliyindəki milli azadlıq hərəkatı ilə bacarmayacaqalarını anlayan Qərb dairələri və Rusiya ermənilərin diqqətini digər türk torpaqlarına yönəldib. Azərbaycan dövlətçiliyinin bağrında erməni dövlətinin təməlləri atılıb və İrəvanın ermənilərə güzəştə gedilməsi ilə burada ilk erməni dövlətinin əsası qoyulub.

Lakin bununla kifayətlənməyən erməni şovenizmi qısa zaman sonra Zəngəzur və Qarabağa ərazi iddiaları irəli sürməyə başlayıb. 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti bu iddialara qarşı ordu birlikləri ilə layiqli cavab verərək erməniləri geri püskürdüb, Zəngəzur və Qarabağın erməniləşdirilməsi prosesi əngəllənib. Ancaq Azərbaycan Xalq Cumhuriyyətinin Rusiya imperiyası tərəfindən istilası və “yalançı qardaşlıq”, yaxud “Şər imperiyası” Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) tərkibinə qatılması ilə, əvvəlcə Zəngəzurun qərb hissəsi tamamilə erməni dövlətinə hədiyyə edilib, daha sonra isə, 1923-cü ildə İosaf Stalinin xüsusi göstərişləri ilə Qarabağın erməniləşdirilməsinə başlanılıb. Nəticə olaraq, Azərbaycan SSR-nin daxilində Dağlııq Qarabağ Muxtar Vilayəti yaradılıb.

SSRİ-nin parçalanmasından sonra isə, Azərbaycan suveren hüquqlarını istifadə edərək unitar dövlətdə birləşmək qərarını alıb, ancaq Ermənistan və Rusiya dövlətlərindən dəstək alan Qarabağ erməniləri seperatizmə başlayıb. Bundan istifadə edən Ermənistan dövləti Azərbaycan torpaqlarını işğal edib. Bu fakt dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının qərarlarında da öz əksini tapıb. Xüsusilə Birləşmiş Millətlər Təşkilatı 4 qətnamə verib ki, hər birində Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti öz əksini tapıb. Belə olduqda ortaya maraqlı sual çıxır: “Dünya həqiqəti bilə-bilə niyə Azərbaycanı günahlandırmağa davam edir?”

Əvvəlcə qeyd edək ki, Azərbaycanın günahlandırılması iddiamız hansısa yalan informasiyaya dayanmır. İstər 1988-1994-cü illər zamanı, istər “Aprel döyüşləri”, istərsə də “Vətən Müharibəsi” zamanı ABŞ, Fransa, Rusiya, İran, İspaniya kimi ölkələrdə Azərbaycan əleyhinə qaralama xarakterli bəyanatlar səsləndirilib. Elə bugün gecə saatlarında Ermənistan tərəfinin təxribatlarına cavab verən Azərbaycan ordusuna qarşı eyni qaralama kompaniyaları aparılmağa davam edib. Bütün zamanlarda Qarabağda baş verənlər insidentlərdə Azərbaycan tərəfi günahkar elan edilib ki, bu tamamilə yanlış yanaşmadır.

Çünki beynəlxalq hüquq bütün ölkələrin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Elə Azərbaycanı hədəf seçən ABŞ, Rusiya, İran, Fransa, Almaniya kimi ölkələr də Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyini qəbul edirlər. Belə olan halda, Azərbaycan dövlətinin öz ərazilərində, həm də seperatizm və işğala qarşı hərbi əməliyyatlara başlamasından təbii nə ola bilər ki? Adı çəkilən ölkələr niyə həmişə atəşkəsə çağırış edib işğalın davam etməsinə zəmin hazırlayırlar? Bütün bu kim sualların tək cavabı vardır: hər bir ölkə öz maraqlarından çıxış edir və beynəlxalq hüququn tələbləri sadəcə ölkələrin maraqlarına uyğun olduğu zaman “xatırlanır”. Məsələn, ABŞ, Almaniya, Fransa, İngiltərə kimi ölkələr Ukraynanın Rusiya işğalına qarşı mübarizəsində “ölkələrin ərazi bütövlüyü və suverenliyi”ni ön plana çəkirlər ki, Azərbaycan tərəfi erməni işğalına qarşı adekvat addımlar atdığı zaman niyəsə bu ölkələrin yadına “insan haqları və xalqların öz müqəddəratını təyin etmək hüququ” düşür. Halbuki, Rusiya Ukraynaya hərbi təcavüzə başlayanda elə “insan haqları və xalqların öz müqəddəratını təyin etmək hüququ”nu əsas göstərərək, seperatçı bölgələrdəki Ukrayna idarəçiliyini istəməyən yerli xalqları dəstəkləmək bəhanəsini gətirib.

İndi Azərbaycan tərəfi haqlı olaraq həmin “demokratlar”a sual edə bilər ki: “Eyni situasiyanı yaşayan və eyni təcavüzdən əziyyət çəkən Ukrayna və Azərbaycan arasında hansı fərqləri görürsünüz ki, Ukrayna məsələsində mövqeyiniz “ölkələrin ərazi bütövlüyü və suverenliyi”, Qarabağ məsələsində isə tam əksinə, öncəliyiniz “insan haqları və xalqların öz müqəddəratını təyin etmək hüququ” olur? Qeyd edək ki, “insan haqları və xalqların öz müqəddəratını təyin etmək hüququ” prizmasından yanaşan Qərb dairələri, İran və Rusiya kimi ölkələr də Qarabağ məsələsinə, ümumiyyətlə Ermənistan və Azərbaycan dövlətləri arasındaki münaqişəyə doğru yanaşmır. Onların “insan haqları və xalqların öz müqəddəratını təyin etmək hüququ” adı altında sadəcə erməniləri müdafiə etmək niyyətləri açıq-aşkar görünməkdədir. Ona görə ki, bu şüar altında həmişə ermənilər müdafiə edilib, nədənsə həm Zəhgəzur, Göyçə, həm İrəvan, həm də Qarabağdan didərgin düşmüş, daha doğru ermənilərin terroruna məruz qalmış milyonlarla azərbaycanlının taleyini yada salan olmayıb.

İndi Azərbaycan tərəfi haqlı olaraq bütün dünya ictimayyətinə ikinci sualını soruşa bilər: “Xeyir ola, onlar insandır, onların hüquqları müdafiə edilə bilər, bizim hüquqlarımız, haqlarımız yoxdur?” Azərbaycan tərəfi son olaraq üçüncü və ritorik sualını ünvanlamaqda tam haqlıdır:

“Madam ki, beynəlxalq hüquq dövlətlərin öz maraqlarına görə tənzimlənən vəziyyətə düçar olub, o halda razısınızmmı, biz də Azərbaycan Xalq Cumhuriyyətinin mirası olan Zəngəzur və Göyçə vilayətlərində Azərbaycan dövlətinin suverenliyini bərpa edək və Azərbaycan xalqının “insan haqları və xalqların öz müqəddəratını təyin etmək hüququ”nu təmin edək?!”

Xüləsa, dünyanın böyük dövlətləri – ABŞ, Rusiya, Fransa, Almaniya və İran kimi dövlətlər öz dövlət maraqlarını beynəlxalq hüquqdan üstün tutur və Azərbaycan-Ermənistan münaqişəsinə ədalətli mövqedən deyil, ermənilərin maraqları çərçivəsində yanaşır. İngiltərə, Çin, Hindistan kimi ölkələr bitərəf münasibət göstərsə də, Türkiyə, İsrail, Pakistan kimi güclü dövlətlər məsələnin beynəlxalq hüquq prinsiplərində həllini dəstəkləyir.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90