Əliyev-Ərdoğan-Şərif görüşü: Yeni hədəflərə doğru

image-45backend

“Azərbaycan, Türkiyə və Pakistan arasında olan münasibətlər həm dostluq, qardaşlıq, həm də müttəfiqlik müstəvisində qurulub və bu, nümunəvi bir münasibətdir”.

Busaat.az xəbər verir ki, bunu politoloq Ramiz Alıyev iyulun 3-də Astanada Azərbaycan, Türkiyə və Pakistan arasında keçirilən üçtərəfli görüşü şərh edərkən bildirib.

Onun sözlərinə görə, həm ölkə başçıları, həm də ölkələr və xalqlar arasında olan münasibətlər dünyaya bir nümunədir ki, Azərbaycan, Türkiyə və Pakistan münasibətləri çoxşaxəli inkişaf etməkdədir:

“Astanada keçirilən görüşlərdə yeni hədəflər, müttəfiqlik, əməkdaşlıq və planlar barədə müzakirələr aparılıb. Bunların müzakirə olunması, əlbəttə ki, Azərbaycan, Türkiyə və Pakistana dost olan ölkələrlə yanaşı, eyni zamanda hər üç ölkəyə əks mövqedə olan dövlətlər üçün də maraqlıdır. Onların da diqqətindədir ki, görüşdə hansı məsələlər müzakirə edilib. Ancaq bizim üçün Azərbaycan, Türkiyə və Pakistan arasında olan münasibətlər və görüşlərin keçirilməsi yalnız ölkələrimizin inkişafı münasibətlərin daha da istiləşməsidir”.

Müsahibimiz vurğulayıb ki, hərbi sahədə əməkdaşlığımız da yüksək səviyyədədir.

“Görüşdə üçtərəfli hərbi təlimlərin keçirilməsi, birgə hərbi, siyasi, iqtisadi əməkdaşlıq və beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləmək və eyni mövqedən çıxış etmək kimi məsələlərin müzakirəsinə yenidən baxılıb. Aidiyyatı şəxslərə də bunlarla bağlı tapşırıqlar verilib. Hesab edirəm ki, artıq yeni hədəflər üçün müəyyən tapşırıqlar artıq verilib. Bu da yeni əməkdaşlıqların, çalışmaların olmasına şərait yaradacaq”, – o bildirib.

Ramiz Alıyev: Üç ölkə arasında hərbi sahədə əməkdaşlıq da yüksək səviyyədədir

Politoloqun sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli görüşdə yeni hədəflərə çatmaqla bağlı müzakirələr aparılıb:

“Yeni hədəflərə çatmaq yolunda addımların atılması, maneələrin aradan qaldırılması və mövcud perspektivlər barədə müzakirələr olub. Bununla bağlı müəyyən addımlar atılacaq. Hesab edirəm ki, bu dünyaya, həm də Azərbaycan, Türkiyə və Pakistana əks mövqedə olan ölkələrin hər birinə mesajdır. Bu o deməkdir ki, Azərbaycana və Türkiyəyə, eyni zamanda Pakistana qarşı hər hansı bir hərbi təxribat olacağı təqdirdə hər üç ölkənin birgə addım atmasına şərait yaranacaq. Bu halda qarşı tərəf bir addımı atacağı halda onu nələrin gözləməsi barədə bir daha düşünməli olacaq”.

Qeyd edək ki, iyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş olub.

Söhbət zamanı Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olundu və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edilib.

Azərbaycan, Türkiyə və Pakistanın tarixi-dini köklər və qardaşlıq münasibətləri ilə bir-birinə bağlı olduğu xüsusi vurğulanıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyi qeyd olundu və bunun gələcəkdə də davam etdirilməsinin vacibliyi bildirilib.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etməsi bir daha vurğulandı. Regiondan kənar ölkələrin Cənubi Qafqazda militarizasiya siyasəti aparmasından narahatlıq ifadə edilib.

44 günlük Vətən müharibəsində qardaş Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək xüsusi vurğulanıb. Bunun Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyi qeyd olunub.

Ölkələrimiz arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq üçtərəfli formatda iqtisadi-ticari əlaqələrin, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. İqtisadi-ticari əlaqələrin hazırda artan dinamikası müsbət hal kimi qeyd edildi, amma bunun ölkələrimizin potensialına tam şəkildə uyğunlaşdırılmasının vacibliyi vurğulanıb.

Görüşdə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş” şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulanıb və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklif edilib. Müdafiə sənayesi sahəsində də üç ölkənin birgə istehsalının təşkil edilməsi məsələsi vurğulanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki