Sülh danışıqları istiqamətində Ermənistan dövləti nə vaxt və hansı situasiyada öz öhdəliklərini icra edəcək? Əgər danışıqlar yenə də uzansa, Azərbaycanla Ermənistanın şərti sərhədində ölkəmiz tərəfindən hərbi əməliyyatlar keçirilə bilərmi?
Bu barədə millət vəkili Arzu Nağıyev Busaat.az-a açıqlamasında bildirib ki, indi danışıqlar gedir, danışıqlarda əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır:
“Sülh müqaviləsinin imzalanmasını istəməyən qüvvələr, separatçı qüvvələr kimi həm sərhəddə, həm də daxildə atəşkəsi pozmaqla məşğuldurlar və müəyyən təxribat işləri görürlər. Bu təxribatların qarşısı Azərbaycan tərəfindən ciddi cəhdlərlə alınır və alınacaqdır.
Hər hansısa bir anti-terror əməliyyatının keçirilməsinə gəldikdə isə əgər ermənilər Azərbaycanın sərhəddini pozarsa, onların adekvat cavabı veriləcəkdir. Cənab Prezident Laçındakı çıxışında bir daha bildirdi ki, Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan bayrağı altında, eyni zamanda konstitusiyaya uyğun öz gələcəklərini görürlərsə, onlarla müvafiq danışıqlar aparmağa dəyər. Əks halda təbii ki, təxribat törətmək istəyən qüvvələr və yaxud da Azərbaycan ərazi bütövlüyünə təhdidlər etmək istəyən istənilən qüvvəyə qarşı anti-terror əməliyyatları keçirilə bilər.
Anti-terror əməliyyatları heç bir beynəlxalq qanun və qaydaları pozmadan və insan haqlarını tapdalamadan keçirilə bilər. Əsas məqam da ondan ibarətdir ki, həm ermənilər, həm onların havadarları, həm də separatçılar bundan ciddi nəticə çıxarmalıdırlar ki, bu Azərbaycanın haqqıdır. Azərbaycan bu addımı istənilən vaxt ata bilər…”
Bünyamin Bünyadzadə
Busaat.az