Özünü demokratiyanın beşiyi adlandıran Fransa imicini təhrif etməklə məşğuldur. Ermənistanın ard-arda böyük miqyasda təxribatlarından sonra müharibənin başladığı 27 sentyabr tarixindən üzü bu yana əsl simasını göstərən dünyanın insan hüquqları ilə əlaqədar ən son aktların qəbul edildiyi Fransa imicinə ciddi zərbə vurmaqla yanaşı, ona olan etimadı da xərcləməklə məşğuldur. Bu günlərdə Fransa beynəlxalq hüququ tanımadığını əməli fəaliyyəti ilə sübut edir.
30 ilə yaxındır ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin nizamlanması istiqamətində heç nə ilə yadda qalan Fransa, davamlı şəkildə ermənipərəst mövqeyi ilə seçilməklə yanaşı həmsədr ölkə kimi mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək də verdi. Bunun da səbəbi kimi şəxsən prezident Emanuel Makronun işğalçı ölkənin lobbisinin ciddi təsiri altında olmasını qeyd etmək olar. Bütün bu söylədiklərimiz onu göstərir ki, Fransanın hazırki rəhbərliyinin məqsədi erməniləri özlərindən küsdürməmək və onların dəstəyini əldə etmək üçün düşünülmüş oyundur. Amma Makron unudur ki, ABŞ-da prezident seçkisi öncəsi Donald Trampın da erməni lobbisinin dəstəyini almaq üçün etdiyi açıqlamalara baxmayaraq satıldı.
Yaxın günlərdə Paris meriyasının qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşması planının da məhz Emmanuel Makronun təşəbbüsü olduğu şübhə doğurmur. Beynəlxalq hüququn və BMT qətnamalərinin icra edilməsində Azərbaycan Ordusunun qarşısını almaqda aciz qalan Fransa görünür, 10 noyabr sənədlərinə əsasən Ermənistanın kapitulyasiyasının rəsmiləşməsindən sonra Qarabağ ermənilərinə yardım etmək üçün son çıxış yolunu belə provokativ addımda görür.
Xülya ilə yaşayan Ermənistanın ən böyük lobbi dairələrinin Amerika, Fransa və Rusiyada yerləşdiyini nəzərə alsaq 30 il ərzində Azərbaycana qarşı hansı oyunların getdiyini anlamaq çətin deyil. Xalqına “sırıdığı” yalanların ömrü 44 gün olan Ermənistan baş naziri Nikol Paşinyan da həmsədrlərin fəaliyyətsizliyini son çıxışında “Danışıqları uzadıb vaxt qazanmaq istəyirdik” sözləri ilə üstüörtülü şəkildə etiraf etdi.
Ermənistandan istifadə edərək Azərbaycana qarşı təcavüz siyasəti aparan sözügedən ölkələr həmçinin, bu siyasəti hazırda Türkiyəyə qarşı aparırlar. Lakin bu dövlətlər unudur ki, qorxunun əcələ faydası yoxdur. Bu gün nə Azərbaycan 1990-cı illərin Azərbaycanıdır, nə də Türkiyə 10 il əvvəlin Türkiyəsi, dünya dəyişdi. İşğalçı Ermənistanı kimin dəstəkləməsindən aslı olmayaraq, biz artıq öz ərazi bütövlüyümüzü bərpa etdik, Qarabağ Azərbaycandır!
Təhməz Əsədov
Milli.Az