“Ermənistan sülh müqaviləsi ilə razılaşmasa, hadisələrin hərbi müstəviyə keçməsi qaçılmazdır”.
Bunu Azərbaycan Respublikası İlham Əliyevin yerli telekanallara müsahibəsində Ermənistana mesaj göndərərək “BU İL SONUNCU ŞANS OLACAQ!” sözlərini şərh edən politoloq Rafail Becanov Busaat.az-a açıqlamasında deyib.
O, bildirib ki, Ermənilər hər hansı şanslarının olmadığını dərk edir: “Ermənistan Azərbaycanın irəli sürdüyü şərtlərlə razılaşmalıdır. Əslində buna şərt demək olmaz. Üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidirlər. Öhdəliklər 10 noyabr bəyanatı ilə məhdudlaşmır. Moskva, Brüssel, Vaşinqton görüşlərində də Ermənistanın üzərinə götürdüyü öhdəliklər var. Vacib məsələ 10 noyabr bəyanatının tam icrası, ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demarkasiya prosesləri də daxil olmaqla, sülh müqaviləsinin imzalanmasıdır. Lakin Ermənistan hakimiyyəti 10 noyabr bəyanatından 2 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, danışıqları imitasiya edir. Ermənistan 44 günlük müharibədən əvvəl də eyni prosesi təkrarlayıb. 30 il Azərbaycan sülh yoluyla öz torpaqlarını azad etmək niyyətində olsa da, Ermənistanın o zamankı hərbi-xunta rejimi ATƏT-in Minsk Qrupu üzvlərinin dəstəyi ilə sülhdən qaçdı”.
Paşinyanın iqtidarı ələ almasından sonrakı proseslər barədə danışan politoloq qeyd edib: “Paşinyan hakimiyyətə gələndə sülhə ümid daha çox idi. Lakin Paşinyan da sələflərinin yolunu tutdu. Azərbaycana öz torpaqlarını azad etmək üçün başqa yol qalmadı. 44 günlük müharibədə Ermənistan məğlub oldu. Hesab edirəm ki, bu müharibədə təkcə Ermənistan deyil, havadarları, Ermənistana silah-sursat verən ölkələr də məğlub oldu. Əslində Ermənistan bundan dərs çıxarmalıdır. Onları itələyib qabağa verən, köhnə silah-sursat sırıyan dövlətlər son anda gücsüz duruma düşdü. Nə İran, nə Fransa, nə Rusiya Ermənistana kömək edə bilmədi”.
Rafail Becanov danışıqların bir müddəti var deyib: “Sonsuza qədər danışıq aparmaq mümkün deyil. Azərbaycan ərazi bütövlüyünü təmin etdiyi kimi təhlükəsizliyini də təmin etməlidir. Bu baxımdan sülh müqaviləsi vacib şərtdir və Ermənistan sülhə gəlməlidir. Təbii ki, yenə də oyunbazlıq edəcəklərsə, növbəti kapitulyasiya Ermənistanın başı üzərində bir “Damokl qılıncı”dır. Prezident İlham Əliyevin də dediyi kimi, 2023 onlara son şansdır. Azərbaycan dövlət başçısı səviyyəsində bəyan edir ki, biz 2023-cü ilin sülh ili olmasını istəyirik. Amma qarşı tərəf istəmirsə nə etməli? Hadisələrin gedişindən hazırda bu nəticəyə gəlmək mümkündür ki, Ermənistandakı revanşistlər və havadarları sülhü əngəllmək niyyətindədir. Paşinyan onların da avantürasına gedir. Təbii ki, Ermənistan sülh müqaviləsi ilə razılaşmasa, hadisələrin hərbi müstəviyə keçməsi qaçılmazdır. Böyük bir müharibə gözlənilməsə də, lokal əməliyyatları istisna etmək olmur. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirənə, Azərbaycanın ərazi bütövlüyünü rəsmən təsdiqləyənə, Xankəndi və ətraf ərazilərdəki qanunsuz erməni quldurlarını bölgədən geri çəkənə qədər Bakının hərbi əməliyyatlar keçirməsi hüququ qalır”.
Ələsgər / Busaat.az