“Nikol Paşinyan ölümə hörmət etmir və heç vaxt etməyib. O, hər şey etdi ki, müharibə qurbanlarının “üzü” olmasın”.
Busaat.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan öz feysbuk səhifəsində yazıb. O, daha sonra sözlərinə belə davam edib:
“Nikol “qələbə” yalanından bəslənən cəmiyyətin faciənin miqyasını, hərbi əməliyyatların coğrafiyasını, fədakar əsgərlərimizin acı taleyini anlamaması üçün həlak olan qəhrəmanlarımızın dəfn mərasimini lentə almağı qadağan etdi.
O, ölən qəhrəmanların ölümlərini simasız, çox xəsis siyahılara köçürdü və hər gün bir neçə ad yayımladı. Nəticədə ölüm qavrayışının kəskinliyini itirdik, əsgərlərimizin fədakarlığının mahiyyətini itirdik, müharibənin hər günü verdiyimiz itki sayının qiymətini başa düşmədik”.
Minasyan qeyd edib ki, valideynləri oğlanlarının cəsədini təhvil alıb dəfn etmək üçün hökumətə rüşvət də təklif edir:
“O, ölənlərin sayını azaltdı, gündəlik dərc edilən siyahılar reallığı əks etdirmir. İlk gündən etibarən həqiqi ölüm sayını gizlətmək üçün biabırçı və dəhşətli proses başladı. Bu əməliyyata şəxsən Ermənistanda Nikol, Qarabağda onun həyat yoldaşı rəhbərlik etdi. Yəqin bilmirsiniz ki, Goris, Sisian, Vanadzor, Gümri, Eçmiadzin və İrəvan morqlarında hələ də yer yoxdur. Müharibənin ilk günlərindən etibarən əsgərlərin cəsədləri Abovyanda koronavirusdan ölənlər üçün nəzərdə tutulan meyitxanada saxlanılırdı.
Valideynlər övladlarının cəsədlərinin qalıqlarını təhvil vermək üçün təxminən iki aydır gözləyirlər, uzun növbələr var. Atalar hətta övladlarının cəsədlərini alıb dəfn edə bilmək üçün hökumətə rüşvət təklif edirlər. Kədərli analar övladlarının cəsədlərini almaqla təsəlli tapırlar, çünki qəbirləri olacaq.
Bunlar Ermənistanda baş verir. Belə çıxır ki, Ermənistanda açıq şəkildə yalan danışmaq, ölən uşaqların meyitlərini soyuducularda günlərlə gizlətmək olar, çünki Nikol və Annanın cədvəlinə görə hər gün 30-40 qurban adının dərc olunmasına icazə verilir”.