“Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının getdiyi, sərhədlərin delimitasiya və demarkasiya prosesinin davam etdiyi, kommunikasiyaların açılmasının müzakirə olunduğu vaxtda Fransanın, Hindistanın, qonşu İranın Ermənistanı silahlandırması bizi ciddi narahat edən amildir”.
Bunu Busaat.az-a siyasi şərhçi Samir Əsədli deyib.
Ekspert bildirib ki, Ermənistan nə qədər silahlansa da, Azərbaycan hərbi-texnika baxımından, həm də ordu cəhətdən ermənilərdən dəfələrlə güclüdür.
Onun sözlərinə görə, 44 günlük müharibə anti-terror əməliyyatı zamanı Ermənistan ordusunun hansı səviyyədə olması üzə çıxdı. Azərbaycan Ordusu öz gücü hesabına torpaqlarını erməni işğalçılarından təmizlədi və ərazi bütövlüyünü bərpa etdi. Məğlub Ermənistan Azərbaycanla sülh danışıqlarına getməyə məcbur oldu.
Müsahibimiz qeyd edib ki, sülhün əldə olunması Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin təmin olunmasın baxımından olduqca zəruridir:
“İndiki məqamda, Fransa, Hindistan və İranın Ermənistanı silahlandırması bizi narahat etməyə bilməz. Çünki bunlar sülh danışıqlarının irəliləməsinə mənfi təsir göstərən amillərdir. Əgər qonşu İran iddia etdiyi kimi, Azərbaycan-Ermənistan arasında sülhün əldə olunmasını istəyirsə, Ermənistanı silahlandırmamalı, buna şərait yaratmamalıdır. Təəssüf doğuran digər hal odur ki, İranın Ermənistana hərbi texnika ötürməsi yeni seçilən azərbaycanlı prezident Məsud Pezeşkianın dövründə yaşanır. Görünür, İran da Azərbaycanın daha da güclənməsini istəmir. Buna qısqanclıqla yanaşır”.
Samir Əsədli: Ssülhün əldə olunması Cənubi Qafqazda təhlükəsizliyin təmini baxımından olduqca zəruridir
Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olub və Avropa İttifaqının üzvüdür:
“Əslində Avropa İttifaqı Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlıdır. Amma burada cığallıq edən tərəf Fransadır. Fransa Ermənistana hər cür siyasi-hərbi yardım göstərir. Bu da ondan xəbər verir ki, Paris münaqişənin həllinə səy göstərmir, əksinə, maneçilik törədir. Fransa prezidenti Emmanuel Makronun Azərbaycana qarşı atdığı addımlar, səsləndirdiyi bəyanatlar da bunun bariz nümunəsidir. Hindistan da hər zaman Ermənistanın yanında olub, ermənilərə ciddi yardım göstərib. Bu da böyük ehtimal Azərbaycan-Pakistan arasında hərtərəfli etimadın, strateji müttəfiqliyin yüksək olması ilə əlaqəlidir”.