Sentyabrın 28-dən oktyabrın 3-dək Özbəkistanda “İpək yolu dürdanəsi” XIII Daşkənd Beynəlxalq Film Festivalı keçirilib.
Busaat.az xəbər verir ki, dünyanın 50-yə yaxın ölkəsindən 350 qonağın iştirak etdiyi festivalda 150 film nümayiş olunub. Daşkənd festivalında fəxri qonaq kimi dünyanın məşhur aktyorları və rejissorları – Stiven Siqal, Mithun Çakraborti, Timur Bekmambetov, Pavel Priluçnı, Lyuk Besson, Nikita Mixalkov, Nuri Bilge Ceylan, Özcan Deniz və digər məşhur sənət adamları iştirak edib.
“İpək yolu dürdanəsi” Beynəlxalq Film Festivalı çərçivəsində “Azərbaycan kinosu günləri” keçirilib. Kino günləri çərçivəsində İsmayıl Səfərəlinin “Balıqçının qızı”, Əli-Səttar Quliyevin “Olimpia”, Kseniya Laqutinanın “Fəridə”, Orman Əliyevin “Biz”, Fariz Əhmədovun “Sonuncu”, Murad Hüseynovun “Vəhşi durnaların vaxtı”, Murad Hüseynov və Səddam Mehdiyevin “İki yol” filmləri Özbəkistanın Daşkənd, Xivə və Nukus şəhərlərində göstərilib.
Gənc kinorejissorlar Murad Hüseynov və Səddam Mehdiyevin “İki yol” filmi Daşkənd Beynəlxalq Film Festivalının “5 Gündə Film” müsabiqəsi çərçivəsində “Maarifləndirmə və inkişaf naminə” nominasiyasında qalib olub.