Aradan 4 il keçməsinə baxmayaraq, ölkə tarixinin ən səs-küylü etirazlarından biri sayılan “sarı jiletlilər” hərəkatı paytaxt Parisdə küçələrə çıxaraq artan tələblərini dilə gətirməyə davam edir.
17 noyabr 2018-ci ildə Fransada başda yanacaq artımı və ağır iqtisadi şəraitə reaksiya olaraq başlayan sarı jiletlilər hərəkatı zamanla Fransa prezidenti Emmanuel Makronun sosial-iqtisadi siyasi qərarlarına qarşı real təhdidə çevrilmişdi. Fransa tarixində iz qoyan böyük şiddət hadisələri və polislə aktivistlər arasında şiddətli qarşıdurmalar uzun müddət dünya mətbuatında yer aldı.
Bu günlərdə isə, “sarı jiletlilər” yenidən küçələrə axışmağa başlayıb. Sosial ədalət və daha çox demokratiya istəyən sarı jiletlilərin dəyişməz tələbləri arasında vətəndaşların təşəbbüsü ilə keçiriləcək referendumun həyata keçirilməsi və alıcılıq qabiliyyətinin yaxşılaşdırılması vəs. var.
Hökumətin Covid-19 epidemiyası ilə mübarizə siyasəti çərçivəsində qüvvəyə minən məcburi sağlamlıq və peyvənd lisenziyasının əleyhdarları da Parisdə keçirilən nümayişlərdə ictimai hərəkatın simvoluna çevrilən sarı jiletlilərlə birlikdə yürüş ediblər.
Sarı jiletlilər hərəkatı təkcə Fransa ilə məhdudlaşmayıb, Belçika, Hollandiya, İsveç kimi ölkələrə də yayılıb və bu çərçivədə zaman-zaman nümayişlər keçirilib.
Ölkədə sarı jiletlilərin etirazları çərçivəsində polis zorakılığı nəticəsində yüzlərlə insan yaralanıb, bir çox insan isə əl və göz kimi mühüm bədən orqanlarını itirib. Nümayişlərdə ümumilikdə 11 nəfər həlak olub.
4 ildir ki, əlində Fələstin bayrağı ilə nümayişlərə qatılan Fati adlı etirazçı Anadolu Agentliyinə bunları deyib: “2018-ci ildən bəri hər şənbə günü Fələstin bayrağı ilə nümayişə qatılıram. İlk olaraq Fransada, həm də bütün dünyada ədalət üçün mübarizə aparmalıyıq”.
Sarı jiletlilər hərəkatının əvvəldən yüksək yanacaq qiymətlərinə qarşı başladığını xatırladan Fati, bunlara yaşayış xərcləri, sağlamlıq lisenziyası tələbinin ləğvi və Fransa polisinin zorakılıqdan istifadə etməsinin də əlavə edildiyini qeyd edib.
Fransada polis zorakılığının 20 il əvvəl şəhərətrafı bölgələrdə başladığını və daha sonra sarı jiletlilərə qədər genişləndiyini bildirən Fati, ölkədə mühacir və qaçqınlar arasında ayrı-seçkiliyə diqqət çəkib.
Etirazçı deyib: “Biz istəyirik ki, dünyada müharibə bitsin. Varlıların vergiyə cəlb olunsun və pensiya yaşının 60-a çatması əsaslandırılsın”.
Sarı jilet geyinən Raçid, 21 ildir xəstəxanada işlədiyini və Covid-19 peyvəndini almaqdan imtina edən tibb işçilərinin işinə xitam verilməsindən sonra sarı jiletlilərin etirazlarına qoşulduğunu söyləyib.
Raçid 4 il əvvəl sarı jiletlilərin ciddi repressiyalarla üzləşdiyini, gözlərini, qollarını itirən nümayişçilərin olduğunu və bunun istər-istəməz insanları küçələrə çıxmaqdan, sarı jiletlilərə qoşulmaqdan çəkindirdiyini vurğulayıb.
Sarı jiletlilərdən biri olan İohann, tibbi sığorta, sosial xidmətlər, xəstəxanalar, səhiyyə işçiləri və yanğınsöndürənlərin müdafiəsinin vacibliyini vurğulayaraq, insanların düzgün yaşamasını və daha çox demokratiyaya sahib olmasını istədiklərini dilə gətirib.
Hökumətin hər dəfə yeni qanun qəbul etdiyinə diqqət çəkən İohann, “Sarı jiletli fiqurlar var, lakin onların sözçüsü yoxdur. Sarı jiletlilər burada olduğu üçün sərbəstdirlər və özlərini istədikləri kimi ifadə edirlər” – deyə, bildirib.
İslamı qəbul etdikdən sonra İsa adını götürən və 4 ildir Paris küçələrində etiraz aksiyalarına qatılan fransız əsilli sarı jiletli Loran özünü “qəzəbli vətəndaş” kimi qələmə verib.
Loran referendum keçirmək hüququnun vətəndaşların təşəbbüsü ilə gətirilməli olduğunu, vədlərini yerinə yetirməyən prezidentin bu çərçivədə vəzifəsindən uzaqlaşdırılması lazım olduğunu qeyd edib.