Bildiyimiz kimi Azərbaycanda son illər aparılan uğurlu islahatlar, qanunvericiliyin müasirləşdirməsi və s. görülən işlər Azərbaycanda maliyyə institutlarına olan marağı daha da artırmışdır. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar, o cümlədən manatın sabit məzənnəsi fonunda insanların artan gəlirləri xüsusi ilə xarici şirkətlər üçün cəlbedici görünməyə başlamışdır. Lakin bildiyimiz kimi bütün hallarda bu şirkətlərin niyyətləri saf olmur. Belə şirkətlərdən biri də Freedom Finance, ABŞ-də təşkil olunmuş Freedom Holding Corp. (FRHC) şirkətidir.
MilliYol müstəqil jurnalist araşdırmasını təqdim edir.
Son vaxtlar daha çox ətrafımızda olan şəxslər Freedom Finance şirkəti, onun xarici, Azərbaycan qanunlarına tabe olmayan Freedom Finance Azerbaijan adlı şirkətdən xidmət aldıqlarını və xidmətdən narazı qaldıqlarını, vəsaitlərinin alınmasında çətinlik çəkdiklərini və şirkətin xidməti ilə bağlı onlardan alınan əsassız xərc və rüsumlar haqqında şikayətlərini eşidirdik. Bu məsələləri aydınlaşdırmaq məqsədi ilə kiçik bir araşdırma etdik. Araşdırma etdikdən sonra məlum oldu ki, Freedom Finance Azerbaijan Açıq Səhmdar Cəmiyyəti 2006592471 VÖEN nömrəsi ilə fəaliyyət göstərir və veb səhifəsində özünü kapital bazarları üzrə təlim keçən şirkət kimi təqdim edir. Şirkətin veb səhifəsindən də göründüyü kimi şirkət ABŞ-da təşkil olunmuş Freedom Holding Corp. (FRHC) şirkətinin törəməsidir. Holdinq şirkətin veb səhifəsində Azərbaycan ofisinin ünvanı ilə Freedom Finance Azerbaijan şirkətinin həm hüquqi həm də faktiki ünvanı eynidir. Bu da öz növbəsində bizə əsas verir ki, bu şirkətin holdinqə aid olduğunu müəyyən edək.
İlkin olaraq qeyd etməkdə fayda var ki, şirkətin çoxlu onlayn və oflayn reklamlarında heç də təlimlə bağlı çağırışlar yoxdur. Reklam strategiyasını anlayan hər bir fərd başa düşür ki, bu marketinq addımları daha çox brend tanıtma və əsas investisiya xidmətini satmaq üçündür. Şirkətin 2022-ci il üzrə audit olunmuş maliyyə hesabatlarından da göründüyü kimi şirkətin 2022-ci il üzrə reklam xərcləri ümumilikdə 64 537 AZN təşkil etmişdir. Araşdırmalarımız göstərir ki, şirkət bu xərcləri 2023-cü ildə ən azı 2 dəfə artırıb. Digər tərəfdən eyni maliyyə hesabatlarını təhlil etdikdə görmək olur ki, şirkətin əmək haqqı xərcləri də 2021-ci il ilə müqayisədə 4 dəfəyə yaxın artaraq 300 min manatdan çox olmuşdur. Açıq mənbələrdən əldə etdiyimiz məlumata əsasən şirkətin 40-a yaxın əməkdaşı vardır. Ancaq tədris verən şirkətin belə bir xərcləri boynuna götürməsi ağlabatan görünmür və iqtisadi mahiyyəti sual doğurur.
Araşdırmamızdan məlum oldu ki, Azərbaycanda qurulu olan Freedom Finance Azerbaijan şirkəti təlim adı altında əslində müştərilərə investisiya xidmətləri olan qiymətli kağızlar bazarında vasitəçilik və investisiya məsləhətləri xidməti verir. Bu xidmətləri isə Kiprdə qurulu olan Freedom Finance Europe Ltd. şirkəti üzərindən təşkil edir. Belə ki, investisiya ximdətlərinin reklamını görən müştəri şirkətlə əlaqə saxladıqdan sonra ona şirkətdə hesab açmaq və əməliyyatlar aparmaq təklif olunur. Daha sonra müştəri elektron müqavilə və invoys verilərək bank üzərindən köçürməyə yönləndirilir. Müştəri vəsaiti köçürdükdən sonra isə onunla iş başlayır. Parallel olaraq şirkətdən investisiya məsləhətləri almaq üçün müştəridən əlavə xərclər çıxılır və qeyri-peşəkar əməkdaşlar tərəfindən ona məsləhətlər verilməyə başlayır.
Xatırlatmaqda fayda var ki, Azərbaycanda investisiya fəaliyyəti Qiymətli Kağızlar Bazarı haqqında qanunla tənzimlənir, lisenziyalı fəaliyyət növüdür və o cümlədən şirkətin xidmət verən əməkdaşları Mərkəzi Bank tərəfindən attestasiya olunaraq müvafiq şəhadətnamə əsasında fəaliyyət göstərməlidirlər. Şirkətin, o cümlədən əməkdaşların lisenziyasız və şəhadətnaməsiz fəaliyyət göstərməsi qanunsuzdur. Bu qanun pozuntusu cinayət əməli sayılır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən külli miqdarda gəlir əldə etməklə törədildikdə 1 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Açıq mənbələrdə olan məlumata görə şirkətin qanuni təmsilçisi Məmmədov Vüsal Rafayıl oğludur. Şirkət bir neçə gün əvvəl nizamnamə kapitalını 1.5 milyon ABŞ dollar artıraraq 2.35 milyon ABŞ dollarına yəni 4 milyon manata yaxınlaşdırmışdır. Hesab edirik ki, nizamnamə kapitalının artırılması şirkətin keçən il qeyri-rəsmi gəlirlərinin hesabına etdiyi xərclərin rəsmi zərər yaratması ilə əlaqəlidir. Belə ki, şirkətin rəsmi gəlirlərinin 16 min manat ətrafında olmasına baxmayaraq xərcləri 700 min manata yaxınlaşmışdır. Bu fakt özü-özlüyündə şirkətin müəammalı fəaliyyətini haqqında bir daha sual yaradır. Nəyə görə 700 min manat xərcləmiş və bunun müqabilində yanlız 16 min manat gəlir əldə etmiş şirkətin səhmdarı şirkətə investisiyasını daha da artırsın. Bu öz növbəsində bizə belə bir nəticəyə gəlməyə imkan verir ki, Freedom Finance Azerbaijan ASC-nin qanunsuz fəaliyyətindən onun səhmdarı olan Freedom Holding Corp. (FRHC)-nin də xəbəri var və o bir başa bu qanunsuz fəaliyyəti maəliyyələşdirir. Məqsəd isə aydındır. Azərbaycan vətəndaşlarının pulunu Kipr şirkəti olan Freedom Finance Europe Ltd. üzərindən xaricə çıxarmaq. Bu şirkət üzərindən əməliyyatların təşkil olunmasının səbəbi də aydındır. Bu ölkədə kapital bazarları üzrə tənzimləmə zəifdir və investorların hüquqlarının qorunması çox aşağı səviyyədədir.
Freedom Holding Corp. şirkəti ABŞ-da təşkil olunmuş holdinq şirkətidir. Şirkət Nasdaq birjasında FRHC kodu altında ticarət olunur. Şirkətin veb səhifəsində göstərilir ki, şirkət 11 ölkədə fəaliyyət göstərir. Maraqlıdır ki, şirkət Azərbaycan ofisi ilə yanaşı Ermənistan Respublikasını da fəaliyyət ölkələrindən biri kimi göstərib. Ermənistanda da maliyyə xidmətləri verən şirkətin Azərbaycan Respublikası vətəndaşlarının məlumatlarını Erməni faşistlərinə ötürmədiyi nə məlumdur?
Freedom Holding Corp. şirkətinin başqa törəmə şirkəti olan Freedom Finance Qazaxıstan Bankının sanksiyalara baxmayaraq Rusiya vətəndaşlarına qanunsuz olaraq bankın VISA və Mastercard ödəniş kartlarını da təqdim etdiyi məlum olub. Belə ki, bu yaxınlarda Mukhtar Ablyazov verdiyi müsahibədə bu holdinqə məxsus olan Freedom Finance Qazaxıstan Bankının belə əməlləri olması haqqında iddia səsləndirib. O cümlədən o bildirib ki, məhz bu əməllərini ört-basdır etmək və Rusiya ilə əlaqələrini gizlətmək məqsədi ilə Freedom Holding Corp. şirkətinin təsisçisi və əsas pay sahibi olan Timur Turlov 2022-ci ilin iyun ayında Rus vətəndaşlığından imtina edərək Qazaxıstan vətəndaşlığını qəbul edib.
Şirkət haqqında digər ölkələrdən olan müştərilərin rəylərini oxuduqda isə məlum olur ki, şirkət vəsaitin geri çıxarılması ilə bağlı yüksək komissiyalar tətbiq edir, valyuta mübadiləsi qlobal məzənnədən əhəmiyyətli dərəcədə baha həyata keçirilir, və şirkət səhmlərinin ilkin yerləşdirilməsi zamanı çox yüksək komissiyalar da tutulur. Digər tərəfdən şirkət əməkdaşları müştərinin razılığı olmadan, yanlız özlərinin mülahizəsinə uyğun ticarət əməliyyatının nəticəsinin necə olmasından asılı olmayaraq əməliyyatları bağlaya bilərlər ki, bu da müştəriləri böyük zərərlərlə üz-üzə qoyur.
Son olaraq qeyd etməkdə fayda var ki, Freedom Finance Azerbaijan ASC-nin nizamnamə kapitalının artımı ilə bağlı sonuncu xəbərdə şirkətin “Milli Depozit Mərkəzi”, “Meqa sığorta”, “Azpetrol”, “Paşa Kapital”, “ABB invest”, “Baker Tilly” kimi böyük şirkətlərə korporativ təlimlər təşkil etdiyi barədə xəbər də əks olunub. Maraqlıdır ki, bu şirkət Azərbaycanın ən köklü infrastruktur iştirakçısı olan və Mərkəzi Bankın nəzdnində olan Milli Depozit Mərkəzinə, eləcə də “Meqa sığorta”, “Paşa Kapital”, “ABB invest” kimi peşəkar iştirakçılara necə bir təlim keçib?
Gördüyümüz kimi nəyinki Azərbaycanda, dünyanın digər nöqtələrində də qurduğu şirkətlərlə keyfiyyətsiz və qanunsuz fəaliyyət göstərən Freedom Holding Corp. (FRHC) Azərbaycanda da öz fəaliyyətini genişləndirmək niyyətindədir. Maraqlıdır ki, Freedom Holding Corp. haqqında ABŞ-ın tənzimləyici orqanı Securities Exchange Comission (SEC) nə düşünür? Onun belə fəaliyyəti araşdırılıbmı? Holdinqin digər ölkədə olan törəməsinin qanunsuz fəaliyyəti onu heçmi narahat etmir? Azərbaycanda bu şirkətin qanunsuz fəaliyyətini dövlət orqanları bilirmi? Bununla bağlı hansı tədbirlərin görülməsi nəzərdə tutulur? Bu suallarımız isə hələ ki, cavabsızdır.
Araşdırmamız və nəticələri haqqında ictimaiyyəti məlumatlandırmağa davam edəcəyik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (7NEWS.az)
MilliYol.az