
Kartof alarkən nəyə diqqət etməliyik? - Bunu bilməmək təhlükəlidir...
Sosial şəbəkələrdə kartofun tərkibində normadan artıq nitrat olduğu iddia edilən videonun yayılması istehlakçılar arasında narahatlıq yaradıb.
Bəs kartofda nitratın miqdarını adi gözlə müəyyənləşdirmək mümkündürmü? İstehlakçılar şübhəli məhsulla qarşılaşdıqda hansı addımları atmalıdırlar?
Mövzu ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, qurum uzun illər ərzində xüsusi cihaz vasitəsilə apardığı monitorinqlər zamanı kənd təsərrüfatı məhsullarında nitratların miqdarının ildən-ilə azaldığını müşahidə edib.
“Bunun əsas səbəblərindən biri gübrələrin bahalaşmasıdır. Belə ki, kənd təsərrüfatı ilə məşğul olan fermerlər artan xərclər səbəbindən gübrələrdən daha az istifadə edirlər. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər də müəyyən rol oynayır.
Torpağa gübrə verilməməsi belə məhsulun nitratla zəngin olmayacağına zəmanət vermir. Əvvəlki il yonca əkilmiş sahələrdə sonradan kartof, soğan və digər kənd təsərrüfatı məhsulları yetişdirildikdə torpaqda toplanan azot birləşmələri məhsulun tərkibinə təsir göstərə bilər”.
E.Hüseynov vurğulayıb ki, kartofun tərkibində nitratın normadan artıq olub-olmadığını rənginə, dadına və ya qoxusuna əsasən müəyyənləşdirmək mümkün deyil. Bunun üçün müvafiq laboratoriya müayinələri və ya uyğun ölçmə vasitələrindən istifadə olunmalıdır.
Azad İstehlakçılar Birliyinin sədri sosial şəbəkələrdə yayılan videonun da onda şübhə doğurduğunu qeyd edib. O, belə hallarda iddiaların müvafiq araşdırma aparılmadan təsdiqlənməsinin düzgün olmadığını vurğulayıb.
Ekspertin sözlərinə görə, kartofda nitratın yol verilən miqdarı ilə insan orqanizmində zəhərlənməyə səbəb ola biləcək miqdarı eyni anlayış deyil. Bununla belə, o, nitratların təhlükəsizliyi ilə bağlı konkret rəqəmlər səsləndirərkən müvafiq elmi mənbələrə və rəsmi normalara əsaslanmağın vacibliyini diqqətə çatdırıb.
E.Hüseynov istehlakçılara şübhəli məhsullarla qarşılaşdıqları zaman Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməyi tövsiyə edib.
Onun sözlərinə görə, vətəndaşlar bu kimi hallarla bağlı 1003 qaynar xətti vasitəsilə agentliyə müraciət edə bilərlər.
Qeyd edək ki, kartofun tərkibində nitratın normadan artıq olub-olmadığını yalnız sosial şəbəkələrdə yayılan görüntülərə əsasən müəyyənləşdirmək mümkün deyil. İstehlakçılar şübhəli məhsul barədə aidiyyəti quruma məlumat verməli, məhsulun təhlükəsizliyi isə müvafiq yoxlamalar əsasında qiymətləndirilməlidir.// Konkret.az






















