Müxalifət dövlət çevrilişi ssenarisini izləyir və konstitusion quruluşa qarşı gedir.
Busaat.az APA-ya istinadla xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili keçirdiyi brifinqdə deyib. O, Gürcüstan xalqının bu cür fəaliyyətləri dəstəkləməyəcəyini əlavə edib.
“Hər şey eynilə bizim daha əvvəl də dediyimiz kimi müxalifət tərəfindən yazılmış ssenari üzrə gedir. Biz bunu ona görə deyirdik ki, onlar texniki hökumət barədə danışırdılar. Biz bunu 90-cı illərdən və digər ölkələrdən də xatırlayırıq, onlar hakimiyyəti güc yolu ilə ələ keçirəndə texniki hökumət qururlar. Ona görə də onlar bütün bu ssenariyə hazırlaşıblar. Onlar seçkiləri qeyri-legitim elan etmək, texniki hökumət qurmaq, bir sözlə, bu mövzuda hər şeyə hazırlaşıblar. Onların izlədiyi çevriliş ssenarisidir və bu, əlbəttə ki, konstitusion quruluşa və demokratik seçkilərə ziddir. Gürcü xalqı belə fəaliyyətlərin ardınca getməyəcək”, – Papuaşvili deyib.