“Aksiyalar nəticəsində artıq yeni qəbul edilmiş qanun geri çəkilib. Yəni parlamentdə 1-ci oxunuşda qəbul edilmiş “Xarici agentlər haqqında” qanun ən azı baş verən etirazlar səngiyənədək müzakirədən çıxarılıb”.
Bunu Gürcüstanda baş verən aksiyaların yaxın perspektivdə hansı yöndə dəyişəcəyi haqqında fikirlərini səsləndirən politoloq Rəfail Becanov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Gürcüstanda etirazlar mediaya və xaricdən maliyyə alan təşkilatlara “xarici təsir agenti” statusu verilməsi ilə bağlıdır. Vəziyyət o həddə çatdı ki, Prezidentlə hökumət arasında da fikir ayrılığı yaşandı:
“Prezident Salome Zurabişvili etirazçıların tərəfində olduğunu açıqladı. Gürcüstan hökuməti bu qanunu qəbul etməklə, mediada və xaricdən maliyyə alan təşkilatlarda çalışanların “xarici təsir agenti” kimi reyesterini aparmaq hüququ əldə edirdi. Lakin etirazçılar və onları dəstəkləyən siyasi güclər bu qanuna “Rusiya damğası” vura bildilər.
Gürcüstanda Qərb və Rusiya qarşıdurmasının olması sirr deyil. Baş verənlərə o prizmadan baxmaq lazımdır. Gürcüstan Qərbin birmənalı olaraq maraqlarını ifadə etmir. Xüsusən Ukrayna məsələsində Rusiyaya qarşı loyal münasibət sərgiləyir. Bu isə Qərbi qane etmir.
Gürcüstan Rusiya ilə dost olmasa da, müəyyən balans saxlamağa və özünü qorumağa çalışır. Ukraynadan xeyli əvvəl Rusiyanın hərbi təcavüzünə və işğalına məruz qalıb. O zaman Ukraynanı birmənalı olaraq dəstəkləyən Qərb dövlətləri həmin dəstəyin heç onda birini də Gürcüstana göstərmədi. Nəticədə Gürcüstan de-fakto olaraq həm Abxaziyanı, həm də Cənubi Osetiyanı itirdi. Bu ərazilərin geri qaytarılması üçün Gürcüstan ya Rusiya ilə müharibə etməli, ya da Rusiya Ukrayna bataqlığında batmalı, qüdrətli dövlət statusunu birdəfəlik itirməlidir”.
Hazırki geosiyasi vəziyyəti nəzərə alan politoloq fikirlərini belə davam etdirib:
“İndiki situasiyada Gürcüstan loyal münasibətlə Rusiya ilə danışıqlara ümid edir. Ümid edir ki, loyal münasibət fonunda Rusiya geri çəkilə bilər və Gürcüstan öz ərazi bütövlüyünü bərpa edə bilər. Təbii ki, bunu Rusiyadan gözləmək sadəlövhlükdür. Qərb ölkələri də bunu bilir və Gürcüstan hakimiyyətini inandırmağa çalışırlar ki, bu, mümkün deyil. Gürcüstan hökuməti mövqeyindən geri çəkilmədikdə isə bu dəfə qərbin təzyiqinə məruz qalır.
Çünki etiraz doğuran qanun təkcə Rusiyada qəbul edilməyib ki, Gürcüstan ondan nümunə götürsün. Bir çox Avropa dövlətlərində də, o cümlədən ABŞ-da da buna oxşar qanunlar var. Rusiya əslində bu qanunu onlardan götürüb”.
“Gürcüstan hökumətinin bu qanunu qəbul etməsində təbii ki, öz maraqları da var idi. Lakin artıq qanun geri çəkildi. Yəni parlamentdə 1-ci oxunuşda qəbul edilmiş “Xarici agentlər haqqında” qanun ən azı baş verən etirazlar səngiyənədək müzakirədən çıxarılıb. Lakin Gürcüstanda başlayan etirazların dərhal da dayanacağı inandırıcı deyil. Müəyyən geriçəkilmələr olacaq, amma prosesin davam etməsi gözlənilir. Bu etirazlarda qanun layihəsinə qədər Gürcüstan hökumətinin Saakaşviliyə qarşı münasibəti də müəyyən rol oynayır”, – R.Becanov əlavə edib.
Ələsgər / Busaat.az