Gürcüstan prezidenti “Xarici agentlər haqqında” qanun layihəsinin ləğvini xalqın qələbəsi kimi qiymətləndirdi

image-zubabackend

Gürcüstan prezidenti Salome Zurabişvili hökumətin “Xarici agentlər haqqında” qanun layihəsini parlamentdən geri çağırmaq qərarını xalqın qələbəsi kimi qiymətləndirib.

Busaat.az xəbər verir ki, Gürcüstan prezidenti qeyd edib:

“İlk növbədə, bu qələbə münasibətilə bütün cəmiyyəti təbrik etmək istəyirəm. Mən hökumətin qanun layihəsinin ləğvi ilə bağlı verdiyi düzgün qərarı alqışlayıram. Həmin qərar xalqın real gücünü nəzərə alaraq diktə edilib”.

Gürcüstan lideri hökumətin qərarının cəmiyyətdə qütbləşməni azaltmağa kömək etdiyini deyib. Onun sözlərinə görə, Gürcüstan demokratik ölkədir, çünki demokratik ölkələrdə hakimiyyətin xalqın səsini, iradəsini nəzərə almaması mümkün deyil.

Qeyd edək ki, cümə axşamı ölkənin hakim partiyası “Xarici agentlər haqqında” qanun layihəsini parlamentdən geri götürdüyünü bildirib.

Parlament “xarici təsir agentləri” haqqında qanun layihəsinin Gürcüstan variantını birinci oxunuşda qəbul etdikdən sonra martın 7-də və 8-də Tbilisidə minlərlə insan küçələrə axışıb. Hər iki mitinq gecə saatlarında başa çatıb. Təhlükəsizlik qüvvələri etirazçıları su şırnaqları və gözyaşardıcı qazla dağıdıb. İki gündür davam edən etiraz aksiyalarında 130-dan çox insan saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki