İran Azərbaycanın milli təhlükəsizliyini necə təhdid edir? – Politoloq

image-iran-terrorism-2021backend

İranın ölkəmizin milli təhlükəsizliyinə təhdidi hələ Azərbaycanın müstəqillik illərindən başlayaraq davamlı xarakter almışdır. Hələ müstəqilliyimizin ilk illərində, Azərbaycanda sosial-iqtisadi vəziyyətin çətinliyindən istifadə edən “İmdad” komitəsi fars şovinizminə əsaslanan dini ideologiyanın yayılması və İran dövlətinə loyallığın təmin olunması üçün sərhəd bölgəsində hər ay ailələrə ucuz ərzaqların paylanması və insanların pul verilməsi vasitəsi ilə ələ alınmasını həyata keçirmişdir.

Bununla İran xüsusi xidmət orqanları ölkəmizdə casus şəbəkəsinin yaradılması və formalaşması istiqamətində əsaslar yaratmaq niyyəti güdmüşdür. Təbii ki, bununla kifayətlənməyən fars rejimi Azərbaycan vətəndaşlarının sözügedən ölkənin müxtəlif şəhərlərində, o cümlədən Qum şəhərində dini təhsil alan vətəndaşlarımızı təsir dairəsində saxlamış, daha sonra onların bir qismindən müxtəlif məqsədlər, eyni zamanda xüsusi xidmət orqanları ilə əməkdaşlığa və hərbi təlimlərə cəlb edərək davamlı şəkildə maliyyələşdirmiş və xüsusi tapşırıqlar vermişdir. Bu məqsədlə Azərbaycan Respublikası vətəndaşları arasından Suriyada keçirilən hərbi əməliyyatlara qanunsuz şəkildə cəlb edilən şəxslər müəyyən olunaraq ölkəyə geri qayıtdıqdan sonra məsuliyyətə cəlb edilmişlər.

Kimlikləri gizlədilən şəxslər xüsusi hərbi təlimlər keçdikdən sonra başqa adlarla ərazilərimizdə terror-təxribat əməlləri törətməyə cəhd edərkən Azərbaycan Respublikasının xüsusi xidmət orqanları tərəfindən zərərsizləşdirilərək həbs edilmişlər, bununla İran xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısı müvəffəqiyyətlə alınmışdır. Təəssüflər olsun ki, İran xüsusi xidmət orqanları vətəndaşlarımızı Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlamağa cəhd edərək bunun üçün ciddi informasiya şəbəkəsini formalaşdırmağa və genişləndirməyə çalışmışlar. Bundan irəli gələrək İranın müxtəlif dövrlərdə ölkəmizə qarşı həyata keçirdiyi təxribatları, bu dövlətin maliyyələşdirdiyi və xüsusi xidmət orqanları tərəfindən idarə olunan şəxslərin həyata keçirdiyi müxtəlif qanunsuz addımları qeyd etmək olar.

Bu gün də bu istiqamətdə, yəni ölkəmizin dini ideoloji xəttinə zərərli fikirlərin və ideyaların təbliği istiqamətində İran tərəfindən yetişdirilən sosial şəbəkə casuslarından fəal və geniş şəkildə istifadə olunur. Sözügedən casus şəbəkəsi sosial media vasitəsi ilə vətəndaşlarımız arasında ölkəmizdə yaranan tolerant və multikultural mühitin gözdən salınması və pislənməsi, dini dözümsüzlük mühitinin formalaşdırılması və din pərdəsi altında dövlət-vətəndaş arasında düşmənçilik toxumu səpərək ölkəmizin milli təhlükəsizlik maraqları əleyhinə yönəlmiş terror və pozuculuq fəaliyyətləri həyata keçirirlər. Təbii ki, bütün bunlar İran xüsusi xidmət orqanları tərəfindən hazırlanmış proqram əsasında həyata keçirilir və əsas məqsədləri casus şəbəkəsi vasitəsi ilə ölkəmizdə yaranmış siyasi sabitliyin və təhlükəsizliyin pozulmasına nail olmaqdır.

Əgər daha əvvəllər, müstəqilliyimizin ilk illərində İran xüsusi xidmət orqanları tərəfindən yetişdirilən casus şəbəkəsi və missioner qruplar öz təbliğat işini xaricdən maliyyələşən dini icmalar, qruplar və müxtəlif dini missioner təşkilatların yerli nümayəndəlikləri vasitəsi ilə həyata keçirirdilərsə, hal-hazırda biz bunu sosial şəbəkələr vasitəsi ilə daha geniş şəkildə müşahidə edirik. Bu gün sosial şəbəkələrdə sözügedən qruplar din pərdəsi altında cəmiyyətimiz üçün zərərli ideyaların və fikirlərin vətəndaşlarımız arasında təbliği istiqamətində pozuculuq fəaliyyəti həyata keçirməyə cəhd edərək insanlarımızın dövlətimizə olan inam və etimadını sarsıtmağa və ölkəmizdə mövcud olan siyasi sabitliyi pozmağa çalışırlar. Bu məqsədlə İran xüsusi xidmət orqanları yeni metodlardan istifadə edərək dövlətimiz əleyhinə yönəlmiş belə qrupların maliyyələşdirilməsi və dəstəklənməsini həyata keçirirlər.

İran xüsusi xidmət orqanları Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və maraqlarına zidd olaraq fəaliyyət göstərən qrupları davamlı şəkildə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlayırlar. Əlbəttə ki, İran dövlətinin əsl mahiyyəti heç də səmimi olaraq dini yaymaq və Azərbaycana yardım etmək olmamışdır. Tam əksinə, İran heç zaman Azərbaycanın müstəqilliyini həzm etməmiş, ölkəmizin güclənməsini və xalqla-iqtidar arasında mövcud olan vəhdətlə barışmamışdır və din pərdəsi altında terror-pozuculuq fəaliyyəti həyata keçirərək ölkəmizin milli maraqlarına qarşı davamlı şəkildə fəaliyyət aparmışdır. Son hadisələrə nəzərə salsaq, istər 2018-ci ildə keçirilən Prezident seçkilərindən sonra ikinci böyük şəhərimiz olan Gəncə şəhərində dövlətə qarşı yönəldilmiş dini radikal qrupların hərəkəti, eləcə də son dövrlər Azərbaycan Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinə qarşı dini radikal qruplar tərəfindən təşkil olunan hücumun arxasında şübhəsiz ki, İran xüsusi xidmət orqanları və onların casus şəbəkəsi dayanır. Bu gün də Azərbaycan Respublikasının xüsusi xidmət orqanları tərəfindən ölkəmizdə mövcud olan İran casus şəbəkəsinin zərərsizləşdirilməsi və fəaliyyətinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri uğurla həyata keçirilir və Azərbaycan dövlətçiliyinə qarşı yönəldilmiş bu cür pozucu fəaliyyətlərlə bundan sonra da amansız mübarizə aparılacaq.

Busaat.az / Müəllif: Politoloq Vüqar Əhmədov

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki