Tarix: 27 Yanvar 1973-cü il;
Yer: Amerika Birləşmiş Ştatları (ABŞ), Türkiyənin bu ölkədəki Konsulluq Binası;
Təşkilatçı: ASALA (Ermənilərin terror təşkilatlarından biri);
Hədəf: Buradakı türk diplomatları məhv etmək. Terror hücumu nəticəsində başkonsul və bir konsulluq əməkdaşı şəhid olub.
Həmçinin, 27 Yanvar tarixi Beynəlxalq Holokostu Anma Günüdür. 1 Noyabr 2005-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 42-ci Baş Assambleyasında 60/7 saylı qətnamə səs çoxluğu ilə qəbul edilib və bu anım günü rəsmi olaraq tanınıb.
Holokost soyqırımı 1933-cu ildə Nazilərin Almaniyada iqtidara gəlməsi ilə başlamış və İkinci Dünya Müharibəsi illərində daha kəskin soyqırımı addımları ilə tarixə keçmişdir. Bu vəhşilik zamanı yəhudilər müxtəlif zülmlərlə üzləşmiş və Hitler Almaniyası tərəfindən amansız şəkildə etnik məhvə məruz qalmışdır.
Sözə bu kimi misalları söyləməklə başlamağımız təsadüfi deyil. Bu barədə təhlilin irəliləyən hissələrində ətraflı danışacağıq.
Ancaq əvvəlcə 27 sentyabr 2023-cü ildə Azərbaycana qarşı törədilmiş İran terroruna toxunmaq yerinə düşər.
Bəli, hadisə birmənalı olaraq terror aktıdır. Azərbaycan Prezidenti İlham Əliyev hadisədən az sonra rəsmi şəkildə baş verənləri terror kimi qiymətləndirdi. Hadisə ən yüksək səviyyədə qiymətləndirilmədən Prezident bu fikiri səsləndirməzdi. Bundan başqa, Azərbaycan Xarici İşlər Nazirliyi və digər bütün rəsmi qurumlar və şəxslər də hadisənin terror olduğunu qeyd ediblər.
Elə hadisə yerindən yayımlanan videolara diqqətlə baxdıqda yaşananların terror aktı olduğunu və məqsədli şəkildə törədildiyini anlamaq asandır.
Hətta bu terror hadisəsinin arxasında İran dövlətinin, yaxud da dövlətdə yer almış müəyyən məqsədli qrupların əlinin olduğunu istisna etmirəm. Gəlin ümumi dəyərləndirmə edək:
1. Əvvəlcə İran tərəfi müxtəlif rəsmi qaynaqlar vasitəsilə iddia etdi ki, hadisə ailə münaqişəsi zəmnində baş verib. Guya hadisə yerinə gələn terrorçu iki övladı ilə birlikdə gəlib və aylardır Azərbaycan Səfirliyində “gizlənmiş” həyat yoldaşının qisasını alıb. Amma görüntülər sübut edir ki, orada iki uşaq olmayıb. Eyni zamanda, 9 ay ailəsindən kənarda yaşayan bu xanımın Səfirlikdə saxlanılması qeyri-mümkün idi və həqiqəti əks etdirmir. Terrorçu isə, bunun üçün İranın hüquq mühafizə orqanlarına müraciət edə bilərdi.
2. İran tərəfi günahı sadəcə terrorçunun üzərinə atmaqla özünü təmizə çıxarmaq istəyir. Ancaq videogörüntülərdə görürük ki, Səfirliyin önündə olan rejim polisi terrorçunu zərərsizləşdirmək üçün heç bir cəhd göstərmir. Əksinə hadisəyə seyrçi olmaqla kifayətlənir və sonradan ərazidən uzaqlaşır. Ərazidəki polis vəzifə öhdəliklərini əsas tutmalı, ölümü bahasına olsa da işini məsuliyyətlə yerinə yetirməli idi. Demək ki, rejim polisi hücumu dayandırmaq üçün maraqlı olmayıb. Bu isə, təsadüf olmayacaq qədər ciddi məsələdir…
3. Rejim polisinin terroru görməzdən gəldiyi başqa bir nüans daha var. Videoların birində hadisə yerinə gələn terrorçunun qapını aça bilmədiyi görülür. Şəxs daha sonra, təxminən 10-15 dəqiqəlik ara ilə əlində qapını qırmaq üçün dəmir alətlə geri qayıdır. Amma bu müddət ərzində əraziyə İran polisi “zəhmət edib baş çəkməyib”.
4. Şəxsin silahla davranışı və heç bir tərəddüd etmədən, bir növ peşəkar qatil və ya hərbçi kimi silahla davranması da diqqəti cəlb edir. Bu kimi səhnələr ilə “Hollivud” filmlərində qarşıla bilərik ki, İranda rejim bu kimi filmləri qadağan edib. Yəni şəxs özü silahla davranış vərdişlərinə sahib ola bilməzdi, hazırlıqlı idi…
5. Ən əsas məsələ… “Kalaşnikov” silahı sadəcə ordu arsenalında və ya qaçaqmalçılıq yolu ilə terrorçu və ya silahlı qruplara məxsus olur. “Arvadını axtaran sıravi vətəndaş” “Kalaşnikov”u necə və haradan əldə edib? Deyək ki, terrorçu həqiqətən sıravi vətəndaşdır, axı bu silahı ona məqsədyönlü şəkildə verən bir güc var. İran rəsmiləri özü iddia edir ki, onların ölkəsində heç bir yad ünsür “at oynada bilmir”. Yəni təminatçı rejimin öz daxilindəndir… Bəlkə rejim rəhbərliyi, bəlkə də başqa hansısa güc qrupları. İndi bunun fərqi yoxdur…
İranda rejimdaxili güc bölgüsünün olması, bu güclərin bir-biri ilə ziddiyyətli addımlar atması deməyə əsas verir ki, terror aktının törədilməsində rejim daxilindən istəkli qruplar olub. Bu qrupların birinci şəxslər, yaxud ikinci və üçüncü şəxslər olduğunu iddia etmək mümkün deyil, amma Azərbaycan Səfirliyində axıdılan qana İran dövlət olaraq bulaşıb…
Ən yüngül formada, İran diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası kimi sənədlərlə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirə bilməyib. 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, diplomatik nümayəndəliklərin binaları istənilən müdaxilədən, zərər yetirilmədən qorumaq, nümayəndəliyin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq öhdəliyini qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir. Bu terror aktı göstərdi ki, İran Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliyini yerinə yetirməyib, yaxud yetirmək istəməyib.
Qeyd edim ki, bu hadisə dünyadakı ümumi siyasi proseslərə təsir edəcək qədər ciddi məsələdir. Zamanla terror aktı ətrafında daha dərin krizlər görə biləcəyik. Faktiki dövlət terroru işlənib və ya dövlət işlənmiş terrora biganə yanaşaraq, beynəlxalq cinayətin törədilməsinə səbəb olub.
Digər tərəfdən hadisədə maraqlı tərəflər üzərində də dəyərləndirmə aparsaq görərik ki, nəticə dəyişmir. Məsələn, Rusiyanın belə bir terroru təşkil etməkdə maraqlı ola biləcəyi sadəcə bir məqam var: Diqqətləri Qarabağdakı gərginlikdən yayındırmaq. Amma bu real görünmür. Çünki Azərbaycan tərəfi Qarabağ məsələsində özünün ən pis vəziyyətində belə iradəsizlik göstərməyib. İndi bu, heç mümkün deyil. Həmçinin Rusiya Şimal-Cənub nəqliyyat dəhlizlərinin açılmasını istəyir. Bunun üçün Moskvaya Bakı və Tehran arasındakı buzları əritmək lazımdır. Əksinə daha dərin nifaq salmaq Rusiyaya heç bir fayda vəd etmir. Nəzərə alaq ki, Rusiya hazırda bütün diqqətini Ukrayna müharibəsinə yönəldib, kollektiv Qərbə qarşı mübarizə aparırır. Bu mübarizədə ona tək dəstək verən İran dövlətidir. Belə olduqda, Rusiya nə özünə əlavə problem yaratmaq, nə də ki ən yaxın dəstəkçisini zərbə altına salmaq istəyərdi…
Türkiyə və İsrailin də bu terrorda əli olması kimi iddialar qeyri-mümkündür. Çünki bölgədə möhkəmlənmək istəyən bu iki dövlətin güclü Azərbaycana ehtiyacı var. Onlar başa düşür ki, səfirliyə qarşı törədilən terror aktı dövlətlərarası müharibə ilə bitəcək qədər ciddi krizdir. İran-Azərbaycan müharibəsi kimin qələbəsi ilə başa çatmasından asılı olmayaraq, bölgəyə sadəcə xaos vəd edir. Türkiyə və İsrail isə, xaos deyil, inkişafa maraqlı siyasi xətti izləyir.
Qərb (ABŞ da bura daxildir) də dünya siyasətindəki qeyri-müəyyənlik fonunda İran-Azərbaycan qarşıdurmasına hazır görünmür. Onlar yumşaq diplomatiya ilə İranı özlərinə tabe etmək istəyirlər. Şah Pəhləvi kimi, Qərbin sevimlisi bir sistem formalaşdırıb İrana və onun əli ilə regiona nəzarəti bərpa etmək Qərbin əsas prioritetidir. “Bir müharibəlik canı” olan İranın üç-dörd dövlətə bölünməsi regiondakı qeyri-müəyyənliyi artıra bilər.
Hazırda terror sadəcə iki ölkənin məqsədinə uyğundur: Ermənistan və İran.
Ermənistan çoxdandır ki, Azərbaycanı böyük dövlətlərlə qarşı-qarşıya qoyub “rahat nəfəs almağa” çalışır. Rusiya hansısa Ermənistanın ağlına uyub bu təxribatlara getmir, ən pis halda Qarabağda Azərbaycanın hüquqlarını əngəlləyir. Bunu da Ermənistanın senarisi ilə deyil, özünün maraqları çərçivəsində edir. Fransa erməni maraqlarını qorumaq üçün dəfələrlə bölgəyə müdaxilə etməyə çalışsa da, regional güclər rəsmi Parisin bu cəhdlərini amasızcasına sıfırlayıb. Ermənistana sadəcə real dəstək verəcək tək dövlət qalımışdı. İran bu missiyanı öz üzərinə götürüb. İndi baş verən terror aktı ilə, az da olsa Ermənistan tərəfi vaxt qazanacaq kimi görünür. Hətta ermənilərin arzuları reallaşarsa, yəni Azərbaycan və İran arasında gərginlik böyüyər və hərbi qarşıdurmaya çevrilərsə, o halda ermənilər karlı çıxacaq. Amma bu sadəcə versiyadır və real olma ehtimalı azdır.
Əsas diqqətlər yenə rəsmi Tehrana yönəlir. Tehran anlayır ki, Azərbaycan hər ötən gün güclənir, Qarabağı işğaldan azad edib, müstəqil Azərbaycan bütün Azərbaycana ilham verir. Azərbaycan hər gün beynəlxalq tərəfdaşlarının sayını, beləcə beynəlxalq əhəmiyyətini artırır. Qarşılığında İran hər gün dünya ilə münasibətlərində zərbələr alır, təklənir və onun radikal addımları düşmənlərinin sayını artırır. Azərbaycan son günlər Ərəb dünyası ilə əlaqələrini genişləndirirdi ki, bu da ərəbləri özünə potensial düşmən görən İranda xoş qarşılana bilməzdi. Hətta 27 yanvar – terror aktının törədildiyi gün Ərəb ölkələrindən olan Misirin Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfər edəcəyi tarix idi…
İran hesablayır ki, Azərbaycanın əsas dəstəkçiləri onun ən yaxın müttəfiqi Türkiyə və əsas tərəfdaşı İsraildir. Bu ölkələr həmişə Azərbaycanı ən müasir silahlarla təmin etməyə çalışıb və beynəlxalq arenalarda Bakını müdafiə ediblər.
Hadisədən bir gün keçməmiş, yanvarın 28-də İranın bir sıra hərbi əhəmiyyətli binalarının pilotsuz uçuş aparatları ilə hədəf alınması və bu hücumlarda əsas iştirakçının İsrail dövləti olması haqqında məlumatların yayılması da dediklərimizin həqiqət payını artırır. Təxmin etmək mümkündür ki, siyasi münasibətlərin daha gizli mərkəzlərində rəqabət artır və bu zaman əsəblər tab gətirmir. Tərəflər artıq hərbi-texniki imkanların istifadəsini də nəzərdən keçirməyə başlayır.
Yuxarıda qeyd etdiyimiz məsələlər burada özünü göstərir. Azərbaycan Səfirliyinə təşkil edilən hücum məhz 27 yanvar tarixinə – ASALA-nın türk diplomatları şəhid etdiyi və Holokostun anım gününə təsadüf edir.
Yəqin İran tərəfi hər iki ölkəyə acı günlərini xatırladaraq İranın maraqlarına baş əyməyəcəkləri təqdirdə “tarixin təkrarlanacağı” mesajını ötürmək istəyib. Ancaq əsas mesaj Azərbaycana verilib. Çünki tarix Türkiyə və İsrailə mesaj idisə, məkan və qurbanlar Azərbaycana aid seçilmişdi…
Həşim Səhrablı / Busaat.az