İcbari Tibbi Sığorta (İTS) sisteminin tətbiqini Azərbaycan səhiyyəsinin ən mütərəqqi addımı saymaq olardı… Olardı, əgər bu sistemi idarə edənlərin işi qeyri-peşəkarlıqdan, niyyətləri isə daha çox para qazanmaq, qohum-əqrəbanın, dost-tanışının cibini doldurmaq ehtirasından sığortalansaydı…
Dünya bu sistemə 19-cu əsrin sonlarından keçmişdi, biz 21-ci əsrə güclə çatdırdıq. İndi də bu boyda dünya təcrübəsi, dövlətin dəstəyi gözlənilən nəticəni vermir ki, vermir…
İcbari sığortanın əsas amalı vətəndaşların rifahı, sağlamlığıdır. Əbəs yerə İTS-ə “insan kapitalına qoyulan investisiya” demirlər. O insan kapitalı ki, Prezident İlham Əliyev onu “Azərbaycan dövlətinin əsas strategiyalarından biri” adlandırır. Bu baxımından İTS dövlətin səhiyyə strategiyasının ana xəttidir.
Bəs görəsən, bu ana xəttə niyə xeyli “bala xətlər” qoşulub? Niyə bu qədər qarmaqarışıq, neqativ mənzərə yaranıb?
İTS niyə özünü doğrultmur?
Öncə, İTS-nin əsasında duran başlıca məqsədlərə diqqət yetirək:
1. Səhiyyə xidmətlərinin, səhiyyə infrastrukturunun yaxşılaşdırılması,
2. Xidmətin keyfiyyətinin artırılması,
3. İnsan kapitalının, həyat şəraitinin yaxşılaşdırılmasına sərf olunan xərclərin daha sistemli, ehtiyac üzrə daha səmərəli və sosial təbəqələri ədalətli şəkildə əhatə etməklə təmin edilməsi.
Yəni bu sistem daxil olan ödənişlər əsasında vahid büdcə formalaşdırmalı, əhalinin tibbi xidmətlər üzrə ehtiyaclarını ödəməlidir. Amma real mənzərə tamam başqadır. Sanki əhalinin tibbi xidmətlər üzrə ehtiyacı deyil, səhiyyəni yönəldən şəxslərin öz ehtiyacları, amalları daha prioritet məsələdir.
Bu gün İTS-lə bağlı vətəndaşın üzləşdiyi əsas problem normal müayinə və ya müalicə üçün təyinat almaqla bağlıdır. Sistem elə qurulub ki, pasiyent öz istədiyi yerə deyil, qeydiyyatda olduğu poliklinikanın yönlədirdiyi həkimə getməlidir. O həkim kimdir, öz sahəsində peşəkardırmı, həmin xəstəxanada şərait müalicəyə imkan verirmi? Pasiyent öz sağlamlığı ilə yanaşı, psixoloji gərginlik yaradan suallarla baş-başa buraxılır. Ya sən tövsiyə olunan xəstəxananı (həkimi) seçməlisən, ya da sığorta hüququndan istifadə etməməli, özəl klinikalara üz tutmalısan… Necə deyərlər, yesən də budur, yeməsən də…
Sığorta pulunu ödəyən adam niyə seçim hüququndan məhrum edilməlidir? Hamıya məlumdur ki, dövlət xəstəxanalarındakı vəziyyət ürəkaçan deyil, istər maddi-texniki bazaları, istərsə də xidmət səviyyələri çox aşağıdır. Deməli, insanların məhz həmin xəstəxanalara yönləndirilməsində məqsəd təəssüf ki, heç də onları yüksək səviyyədə müayinə və müalicə ilə təmin etmək deyil… Adama deyərlər ki, heç olmasa, dövlət xəstəxanalarını əvvəlki şinelindən çıxart, inamı bərpa et, insanlarda əminlik yarat, sonra camaatı ora getməyə məcbur elə!
Bu sistemə rəhbərlik edənlər hansı qanun, hansı təcrübə, hansı məntiqlə hesab edirlər ki, hansısa tibbi xidmət dövlət xəstəxanasında varsa, pasiyent özəl klinikaya göndərilə bilməz?
Dövlət xəstəxanalarında real vəziyyətin necə olduğunu anlamaq üçün elə bu yaxınlarda Kliniki Tibbi Mərkəzdə (Semaşko) baş nayihəsi MRT olunan bir xəstənin hekayəsini xatırlatmaq kifayətdir. Dağınıq skleroz şübhəsi olan xəstənin MRT müayinəsinin nəticələrini heç kim oxuya bilmir. Bu səbəbdən də özəl xəstəxana yenidən MRT müayinəsi təyin etməyə məcbur olur. Bəlkə də bunun qəsdən edildiyini düşünmək olardı. Amma ilk MRT-nin nəticələri Türkiyəyə də göndərilir və oradan da eyni cavab alınır: Heç nə görünmür, heç nə anlaşılmır. Xəstə məcbur qalıb eyni müayinədən Sabunçu Xəstəxanasında keçməli olur. Çünki ona dövlət xəstəxanaları içərisində nisbətən daha yeni MRT aparatının burada olduğu deyilir. Ancaq dəhşət burasındadır ki, buranın cavabları da xəstənin həkimini qane etmir… Beynində problem olan epilepsiyalı xəstə üçüncü dəfə özəl xəstəxanada MRT-dən keçmək məcburiyyətində qalır. Niyə İTS-dən faydalanmaq istəyən insanlarımız bu cür məşəqqətlərə qatlanmalıdır? Biz bu sistemi qabaqcıl ölkələrdən götürmüşüksə, niyə onların təcrübəsindən yararlanmırıq? Axı onların təcrübəsində pasiyentə seçim imkanı tanımamaq məsələsi yoxdur. Azərbaycandan başqa dünyanın heç bir yerində xəstəyə demirlər ki, bu xidmət, bu əməliyyat dövlət xəstəxanalarında var, yalnız ora göndəriş veririk. Bu, təkcə insan haqlarının pozulması deyil, həm də ölkədə tibb müəssisələri arasında rəqabət mühitinin yerlə-yeksan edilməsi deməkdir!
Bahalaşma və iqtisadi çöküş bir tərəfdən, İTS digər tərəfdən qısa zamanda özəl klinikaların fəaliyyətinə ciddi zərbə vurub. Bu proses özəl klinikalarda müxtəlif tibbi xidmətlərin bahalaşmasına da səbəb olub. İTS siyahısına az qala ölkədəki bütün özəl klinikaları daxil edib və bunu hər dəfə bəh-bəhlə car çəkir. Halbuki reallıqda vəziyyət tamam fərqlidir. Pasiyentlər yalnız dövlətə və müəyyən insanlara yaxın – əməkdaşlıqları olan (maraqları olan) klinikalara göndərilir. Qəribədir, həmin özəl klinikalar hamsı qaydayla seçilib? Məsələn, ölkənin tanınmış, maddi-texniki imkanları, peşəkar həkimləri ilə məşhur olan klinikaları qala-qala, xəstələri tanınmayan klinikalara göndərməkdə məqsəd nədir? Tanışlıq, tapşırıq, yoxsa yüksək faiz? Belə çıxır, TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkənin tibbi sığorta büdcəsini özlərinə yönəltmək üçün xəstə axınını nüfuzlu özəl klinikalara buraxmır.
Məsələn, Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda “anju” olmaması bir ayıb, ağır infarkt xəstəsinin “Kəpəz” və bu kimi klinikalara yönləndirilməsi başqa bir ayıb. Xəstəyə deyilir ki, damarına stent qoyulmalıdır. O da razılaşmayıb başqa həkimə getmək istəyir, amma “anju” diskini vermirlər. “Bizim kardiocərrah var, o edəcək, pulu da sığorta ödəyir” – deyə canının hayında olan şəxsi naəlac qoyur, inandırır, öz istədikləri həkimi seçməyə məcbur edirlər.
İTS və TƏBİB belə klinikalarda “anju” və əməliyyat edən həkimləri necə seçir, necə dəyərləndirir, bütün bunlara kim zəmanət verir? Bütün bunların fonunda isə milyonlarla manatlıq avadanlığı və ən yaxşı kardiocərrahları olan Ürək Mərkəzi (RDM-in nəzdində olan) bomboş qalıb, yalnız pulunu ödəyən xəstələri qəbul edə bilir.
Ürək əməliyyatının 9-10 min manat olduğunu nəzərə alsaq, hər xəstədən yalnız bir klinika, bir neçə həkimin qazanması kimə sərf edir?
Məhz bu anormal ayrı-seçkilik, monopolist sistemin nəticəsidir ki, ölkənin hətta qismən dövlətə bağlı Tədris Cərrahiyyə, Tədris Terapevtik klinikalarının palataları və MRT-ləri də boş qalır. Halbuki digər zəif yerlərdə insanlar aylarla MRT, KT, angioqrafiya növbəsi gözləyir.
Nərimanov Tibb Mərkəzi və Elmi Tədqiqat Cərrahiyyə Mərkəzində xəstələr üst-üstə yığılıb, dezinfeksiya etməyə macal tapılmayan zondlarla endoskopik müayinə olunurlar. Tam bir xəstəlik, yoluxma mənbələridir bu kabinetlər. Hələ həkimlərin canına cin girmiş kimi gözləri bərələ-bərələ xəstələrə çımxırmaqları və deyinə-deyinə xidmət göstərmələrini demirik…
Tualeti həkim otağına, adi palataları VİP (ödənişli) palatalara çevrilən Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Respublika Klinik Xəstəxanası, 3 saylı Şəhər Klinik Xəstəxanası, Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında köhnə və yararsız cihazlar, uzun-uzadı növbələr, səhv analiz və müayinə cavabları barədə azmı şikayətlər eşitmişik? Niyə insanlarımız bu yerlərin ümidinə buraxılmalıdır?
Bu inhisarçı yanaşma eyni zamanda peşəkar tibbi xidmət göstərən özəl klinikaları çökdürür. Artıq bir neçə klinikanın satılması, borclanması xəbərlərini yaymışıq – RDM, “Avrasiya” və s. Özəl klinika rəhbərləri, menecerləri az qala İTS-dən xəstə dilənirlər.
Məlumdur ki, ən yaxşı uzman həkimlər bu gün xəstə üzünə həsrət buraxılan özəl klinikalarda çalışırlar. Həmin klinikalar isə pasiyentlərin sayı azaldığına görə yüksək maaş tələb edən mütəxəssisləri saxlamaq üçün qiymətləri qaldırmağa məcbur olur. Bu cür davam etsə, peşəkar həkimlərin çoxu başqa ölkələrə gedəcək. Çünki bu həkimlərin “Semaşko” və “Respublikanski” kimi yerlərdə, xəstəxana bir tərəfə, oradakı direktor və baş həkimlərin rəhbərliyi altında işləmələri real görünmür. Ən azı ona görə ki, sığorta ağır, mürəkkəb cərrahiyyə əməliyyatlarına görə qəpik-quruş verir. Onu almaq üçün də aylarla gözləmək lazım gəlir… İyun ayının pulu sentyabrda ödənilib, sentyabrın ödənişləri isə yanvarda veriləcək.
…Dərdimiz heç də əsasən məmur və oliqarxlara bağlı olan özəl klinikaların bağlanması deyil. Bizi ən çox narahat edən bu vəhşi rəqabətin inasanlarımızın lazımi tibbi xidmət almasına mane olmasıdır. Məsələn, gözündə problem olan, uzun müddət müalicə alan pasiyent öz həkiminin yanına getmək, gözünə həyatı vacib olan iynəni vurdurmaq üçün İTS-ə müraciət etdikdə, mütləq “yox” cavabı alır. Ona deyilir ki, bu xidmət Mərkəzi Neftçilər Xəstaxanasında filan həkim tərəfindən həyata keçirilir. Məlum olur ki, həmin həkim bu müalicə üzrə mütəxəssis deyil. Uşaq göz həkimidir və ya sadəcə yeni müalicələrdən xəbəri olmayan kiminsə tanışı olan oftalmoloqdur.
Və yaxud endoprotez üçün sığortaya müraciət edən pasiyenti Travmatologiya İnstitutuna yönləndirirlər. Xəstə araşdırdıqda görür ki, həmin xəstəxanadakı həkimin bu sahədə demək olar, heç bir təcrübəsi yoxdur.
İnsanlarımız özlərini təcrübə dovşanı kimi hiss edir. Adam illərdi hardasa müalicə olunursa, sən onu hansı haqla başqa yerə, təcrübəsi olmayan həkimə yönləndirə bilərsən? İşin ən təhlükəli tərəfi budur ki, xəstə məcbur olub həkimini dəyişir və yaxşı nəticə əldə edə bilmirsə, pul ödəyib əvvəlki həkiminin yanına getmək şansını da itirir. Çünki dövlətdə və ya qondarma özəl xəstəxanada düzgün olunmayan müalicənin nəticəsində xəstə ağırlaşır, sonra həkim həmin xəstəyə yaxın durmur. Dursa belə, 10 manatlıq iş ona 100 manata başa gəlir. Beləliklə, pasiyentə həm sağlamlıq, həm vaxt, həm də pul sarıdan zərbə dəyir.
Bir balaca araşdırılsa, aydın olar ki, sığorta ilə əməliyyat olunan xəstələrin çoxu özəl xəstəxanalara təkrar, ikinci əməliyyata gedirlər. Bunun bir səbəbi də sığorta ilə olunan əməliyyatlarda ucuz vasitələrdən istifadədir. Məsələn, göz linzaları ucuz Hindistan markaları olur. Endoprotezlər də onun kimi. Həkimlər özləri xəstəyə təklif edir ki, bir az pul ödə, sənə Amerikanın implantını, linzasını qoyaq.
İTS ilə əməliyyat olan neçə xəstənin implantı tutmayıb, gözü uğursuz olub…
Yeri gəlmişkən, onu da qeyd edək ki, doğuş məsələsi daha qəlizdir. Doğuş, qeysəriyyəni pasiyenti təqib edən həkim etməlidir. Təqib edən ginekoloq-cərrah özəldə işləyirsə, o artıq İTS-dən istifadə edə bilməyəcək…
İTS niyə ancaq Bakıdadır?
İTS-də əsas istiqamətlərdən biri də regionlarla bağlıdır. Cəmiyyəti inandırmağa çalışırlar ki, regionlarda tibb müəssisələrinin dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsi orada yaşayan insanların tibbi xidmət almaq məqsədi ilə böyük şəhərlərə axınını azaldacaq.
İTS yığımlarının “tibbi xidmətlərin keyfiyyətinin artırılması”, “tibb müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması”, “tibbi avadanlıqların yeni texnologiyalara uyğun olaraq yenilənməsi”, “tibbi personalın dünya standartlarına uyğun maarifləndirilməsi” kimi tədbirlərinə xərclənməsinin də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına səbəb olacağını deyirdilər. Amma nə baş verdi? Düzdür, bu sistemə keçiddən sonra region insanları sürətlə xəstəxanalara axışdılar. Bəlkə ömründə bir dəfə də həkim qəbuluna getməyən insanlar, lazım oldu-olmadı, bütün müayinələrdən keçməyə başladı, hətta MRT, KT olunmaq üçün növbələrə düzüldülər. Amma bu, heç də həmin şəxslərin keyfiyyətli müayinə və müalicə olunması anlamına gəlmir. Çünki regionlardakı dövlət xəstəxanalarında tibbi avadanlıqlar əksərən köhnə, sıradan çıxmış vəziyyətdədir. O avadanlıqların yenilənməsi ilə bağlı addəmlar isə kifayət etmir. Mütəxəssislərə gəlincə, regionlarda həkim çatışmazlığı problemini hər kəs bilir. Qanaxması olan hamilənin cırılmış uşaqlığını tikməyə peşəkar ginekoloq-cərrah yox, infarkt olmuş xəstəni çox tərpətmədən aparıb anju etdirib, tıxanmış damarını açan yox, xəstələri daşımağa ambulans yox. Qanı axan xəstə maşının və ya “Qazel”in arxasında can verə-verə o rayon, bu rayon gəzdirilir, axırda da yaxınlarına “Bakıya aparın, burda qalsa, öləcək” deyilir.
Bütün bunlara görədir ki, Bakıdakı istənilən dövlət xəstəxanasını rayon sakinləri doldurublar, insan əlindən tərpənmək olmur. Bakıda qeydiyyatda olanlar isə günlərlə USM, endoskopist, MRT qapısında gözləyirlər ki, Ucardan, Yevlaxdan… gələn ağır xəstə, bəzi hallarda imtiyazlı şəxs – şəhid ailəsi üzvü, qazi və əlillər müayinə olunub getsinlər, sıra bunlara çatsın. Sən gözlə, canı ağrıyan sıravi vətəndaş!
Regionlarda tibb müəssisələrinin dünya standartlarına çatdırılması üçün hər il dövlət büdcəsindən, indi də İTS fondundan milyardlar xərclənir. Bəs nəticə? 2-3 ildən bir işdən çıxarılan və yeyinti üstündə cəza alan, cinayət işi açılan baş həkimlər və direktorların xəbərlərini oxuyuruq. Sonradan həmin kadrların ölkənin digər xəstəxana və mərkəzlərinə rəhbər təyin olunması da “unikal” çıxış yoludur.
Vəziyyətdən çıxış yolu isə asan deyil.
Çox da mürəkkəb olmayan əməliyyatlar və müayinələr yenə də Bakının ümidinə qalıb. Bakı isə bu eybəcər, girdablarla dolu mənzərəni yaradanların ümidinə. Bakupost.az