Jalə Əhmədova: “Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyindəki rolu günbəgün artmaqdadır”

image-media-jale-22-2-1mhyz59o7k3lu0qx48a2backend

Son illərdə Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında əməkdaşlıq əlaqələrinin davamlı inkişafının göstəricisidir. Bununla yanaşı, Prezidentlərin şəxsi dostluq münasibətləri də Serbiya-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin bir neçə gün əvvəl dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışı böyük maraqla qarşılandı.

Qeyd etmək lazımdır ki, bu interkonnektorun fəaliyyəti ölkələrin sənaye inkişafına öz müsbət təsirini göstərəcək. Hazırda Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir və təbii qazımız səkkiz ölkəyə ixrac edilir. Serbiya isə doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına önəmli töhfə verəcəkdir.

Ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu da effektiv şəkildə icra edilir. Bu memoranduma əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Ölkəmizin enerji strategiyası uğurla icra edilir və bizim tərəfimizdən irəli sürülmüş, icra edilmiş layihələr Avropanın və Asiyanın – Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir.

Strateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Bununla yanaşı, Cənub Qaz Dəhlizi də Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir.

Qürurvericidir ki, bu gün Azərbaycanın enerji potensialı beynəlxalq birlik tərəfindən etiraf edilir. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir. Ölkəmizin Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamış, keçən il 500 milyon kubmetrdən bir qədər çox olmuşdur. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır.

Ölkəmizin gələcək planları qaz təchizatının coğrafiyasını daha da genişləndirmək və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Bununla yanaşı, əsas iqtisadi hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır. 10 qiqavat həcmində bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanıb.
Qeyd etmək lazımdır ki, həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələrin Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dəstək verməsi də dostluğumuzun göstəricisidir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90