2023-cü il sentyabrın 25-də Xankəndidə yerləşən yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı Ermənistanda aparılan istintaq prosesi çərçivəsində yeni detallar müəyyənləşib.
Ermənistan İstintaq İdarəsindən “Hraparak”a bildirilib ki, proses davam edir, bu səbəbdən hər hansı şəxsin adı açıqlana bilməz. Lakin qeyri-rəsmi mənbələr işdə əsas günahkar kimi Kamo Vardanyanın adının araşdırıldığını iddia edir.
Xatırladaq ki, K.Vardanyan hər iki Qarabağ müharibəsi, həmçinin 2016-cı il Aprel döyüşlərində aktiv iştirak edib. O, 2021-ci ildə keçmiş separatçı rejimin hazırda Bakıda istintaq təcridxanasında saxlanılan “rəhbəri” Araik Arutyunyan tərəfindən “müdafiə naziri” təyin olunub. Bir il sonra isə general-leytenant “rütbəsi” verilib. O, 2023-cü ildə keçirilən antiterror əməliyyatlarından sonra Ermənistana qaçıb. Ötən il K.Vardanyanın Ermənistanın müdafiə naziri Suren Papikyanın qeyri-kommersiya əsaslı müşaviri təyin olunduğuna dair məlumat yayılıb, lakin sonra təkzib edilmişdi.
K.Vardanyan müsahibələrinin birində hər üç müharibədə təsadüfən sağ qaldığını deyib.
Qeyd edək ki, 2023-cü il sentyabrın 25-də Xankəndidə yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 200-ə yaxın erməni ölmüşdü./Globalinfo.az