
“Lovely Dent” klinikası ilə bağlı iddialar təsdiqini tapmadı – Direktordan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bir müddət öncə “Lovely Dent” stomatoloji klinikasında saxta diplomla çalışan həkimlər barədə mediada xəbərlər dərc edilib.
Məlumatlarda qeyd edilir ki, klinikada çalışan Xəyal və Tural adlı stomatoloqların diplomları, eyni zamanda sertifikasiya şəhadətnamələri saxtadır.
İddialarla bağlı YENİERA.AZ xəbər portalının əməkdaşı məsələnin mahiyyətini öyrənmək üçün “Lovely Dent” stomatoloji klinikasında olub.
Stomatoloji klinikanın direktoru, stomatoloq Xəyal Səmədov əməkdaşımızla həmsöhbət olub və yaranmış suallara aydınlıq gətirib.
O, saytımıza açıqlamasında iddiaların həqiqəti əks etdirmədiyini bildirib və özünün, eyni zamanda digər həkim həmkarının diplom və sertifikasiya şəhadətnaməsini əməkdaşımıza əyani şəkildə təqdim edib.
X.Səmədov əməkdaşımızla söhbətində vurğulayıb ki, bundan öncə də bir neçə media nümayəndəsi klinikaya gəlib, onlara da vəziyyət izah edilib və böhtanların yanlış olduğu sübut edilib.
Sonda klinikanın rəhbəri mediada yayılan görüntülərə də münasibət bildirərək qeyd edib ki, o, həmin çəkiliş zamanı vacib görüşə tələsib və bu səbəbdən jurnalistin suallarına cavab verə bilməyib.
Nəticədə klinika rəhbərinin mövqeyini nəzərə alaraq deməyə əsas yaranır ki, stomatoloqların diplomlarının etibarsız olması ilə bağlı iddialar təsdiqini tapmayıb.
YENİERA.AZ























