Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib

image-img_0897backend
image-ad_qayo_720x110px

Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer-190” təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair ilkin hesabatı dərc edib.

Busaat.az Report-a istinadən xəbər verir ki, hesabat nazirliyin rəsmi saytında yerləşdirilib.

Hesabatda qəza sonrası əldə edilən məlumatlar, o cümlədən uçuş qeydiyyatçılarının (“qara qutuların”) təhlili əsasında ekspertlərin ilkin nəticələri yer alıb.

“İstintaq Komissiyası hava gəmisinin konstruksiya zədələrinin ətraflı müayinəsini davam etdirir. İlkin yoxlamalar zamanı füzelyajın arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sükan və istiqamət sükanlarında müxtəlif ölçü və formalı çoxsaylı deşik və deşiksiz zədələr aşkar edilib. Oxşar zədələr hava gəmisinin sol mühərriki, sol qanadı, eləcə də digər aqreqat və komponentlərində də müəyyən olunub. Bəzi zədələrin düzgün düzbucaqlı formaya malik olduğu qeyd edilir.

Bundan əlavə, Komissiya Braziliya, Azərbaycan və Qazaxıstan hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə əlavə məhkəmə ekspertizası üçün zədələrdə qala biləcək kənar obyektlərin çıxarılması üzrə tədbirlər həyata keçirib. Nəticədə, deşiklərdən çox sayda kənar obyekt çıxarılıb”, – hesabatda deyilir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki