
Qadınlar hansı hallarda aliment ödəyir? — Vəkil açıqladı
Boşanma zamanı aliment ödənişi dedikdə, əsasən, atanın uşağın saxlanılması üçün ödədiyi vəsait nəzərdə tutulsa da, qanunvericilikdə ananın da aliment ödəməli olduğu hallar var.
Bəs qadın hansı hallarda aliment ödəməyə borcludur və bu öhdəlik hansı şərtlər daxilində yaranır?
Vəkil Mircavid Miriyev açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, ata və ana uşaqları yetkinlik yaşına çatanadək onların saxlanılması və maddi təminatı ilə bağlı bərabər hüquq və vəzifələrə malikdirlər.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasına əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur:
“Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Göründüyü kimi, uşaqların qayğısına qalmaq həm atanın, həm də ananın bərabər vəzifəsidir. Ona görə də aliment öhdəliyinin cinsiyyətlə heç bir əlaqəsi yoxdur.
Boşanma zamanı məhkəmənin həll etdiyi məsələlərdən biri də uşağın hansı valideynin yanında qalmasıdır. Əgər uşaq atanın yanında qalarsa, bu halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada aliment anadan tutularaq ataya ödənilir.
Ana tərəfindən aliment ödənilməzsə, ödənişlər gecikdirilərsə və ya aliment natamam ödənilərsə, qanunvericilikdə nəzərdə tutulan məcburi icra tədbirləri görülə bilər. Müvafiq hallarda inzibati məsuliyyət, hətta qəsdən aliment ödəməkdən yayınmaya görə cinayət məsuliyyəti də yarana bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, kişilər və qadınlar bərabər hüquq və azadlıqlara malikdirlər. Yəni öhdəliklərin icra edilməməsinə görə məsuliyyət məsələsində cinsə görə ayrı-seçkiliyə yol verilmir.
Tərəflər arasında aliment öhdəliyi yalnız məhkəmə qaydasında deyil, qarşılıqlı razılaşma əsasında da müəyyən edilə bilər. Belə razılaşma qanunvericiliyin tələblərinə uyğun qaydada rəsmiləşdirilə bilər”.// Demokrat.az





















