Jalə Əhmədova: “Zəfər paradı Ordumuzun gücünü bir daha bütün dünyaya nümayiş etdirdi”

image-jale-ehmedovabackend

Bu gün 2020-ci il dekabrın 10-da Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Bakının Azadlıq Meydanında Zəfər paradının keçirilməsinin 3 ili tamam olur. Yerli və xarici rəsmi qonaqların, diplomatik korpusun nümayəndələrinin də iştirak etdiyi paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdilər.

İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj olmaqla yanaşı, Vətən müharibəsinin ilk saatlarından etibarən Türkiyənin bizə verdiyi dəstəyin növbəti təzahürü oldu. Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi isə xüsusilə qürurverici hadisə idi.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Zəfər paradında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak etdilər. Təntənəli hərbi paradda Vətən müharibəsində döyüşlərdə əsl şücaət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza böyük Qələbənin sevincini yaşadan hərbi qulluqçularımızın tribuna önündən mətin addımlarla irəliləməsi Azərbaycan Ordusunun hərbi qüdrətinin göstəricisi idi.

Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının əyani nümayişi oldu. Bütün dünya bir daha gördü ki, ulu öndərlər – Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadırlar.

Paradın qürurverici anlarından biri də Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qisminin gətirilməsi oldu. Xüsusilə Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı iki mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərinə “Qarabağ Azərbaycandır!” şüarının həkk olunduğu kompozisiyanın nümayişi hər bir azərbaycanlıya sonsuz qürur hissi yaşatdı.

Tariximizin ən şanlı səhifəsinin – Vətən müharibəsində parlaq Qələbənin təntənəsi olan Zəfər paradını ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə vətəndaşımız izlədi.

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.
Bu gün açıq səma altında salınan Hərbi Qənimətlər Parkını ziyarət edərkən qəlbimiz qürur hissilə döyünür. Bu parkı ziyarət edərkən Vətən müharibəsində Azərbaycana Zəfər qazandıran döyüşlər, əsgərlərimizin fədakarlığı gözlərimiz önündə canlanır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90