Xəbər verdiyimiz kimi,Kamilə Hüseyn qızı Dadaşzadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.
Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Yeni təyin edilmiş rektor kimdir?
Busaat.az-ın məlumatına görə, K.Dadaşzadə yeni təyinatədək Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Musiqi Tarixi və Nəzəriyyəsi Kafedrasının müdiri olub.
Konservatoriyanı bitirdikdən sonra uzun müddət Aşıqlar Birliyində çalışan Kamilə Dadaşzadə şifahi ənənəli bu ölməz xalq sənətinin bütün sirlərinə dərindən yiyələnmiş, gələcək elmi fəaliyyətini onun tədqiqinə həsr edib.
Milli etnomusiqişünaslığın inkişafında böyük xidmətləri olan Kamilə Dadaşzadə 2000-ci ildə “Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair” mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalələrin, monoqrafiyanın, o cümlədən, “Dastanın işarə sistemi” monoqrafiyası, “Musiqi tarixi” dərsliyinin, çoxlu sayda proqram və metodiki tövsiyələrin müəllifidir.
K.Dadaşzadə 2003-cü ildə Avropa İncəsənət Universitetləri Liqası tərəfindən İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq müsabiqədə “Xalq musiqisinin tədqiqi və tədrisində müasir elmi nəzəriyyələrin tətbiqi” adlı məruzə ilə çıxış edıb.
Amerika etnomusiqişünası, YUNESKO-nun xalq musiqisi üzrə eksperti Stiven Blumun Universitetə dəvət olunması da K.Dadaşzadənin təşəbbüsü ilə həyata keçirilib.
Avropa Şurasının STAGE layihəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan mədəniyyət siyasəti” məruzəsinin ekspertlərindən və məcmuənin müəlliflərindən biridir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.