Busaat.az xəbər verir ki, Bakivaxtı.az-ın “Tarixə düşənlər” rubrikasının növbəti qonağı sabiq baş nazir Novruz Məmmədovdur.
Keçmiş baş nazirlə ictimai, siyasi, sosial və başqa məsələlər ətrafında müzakirə apardıq.
Müsahibəni təqdim edirik.
Siyasi proseslərlə maraqlanıram, oxuyuram, yazıb-pozuram
– Novruz müəllim, son postunuz Azərbaycan Dillər Universitetində (ADU) prorektor vəzifəsi oldu, oradan da istefa verdiniz. Uzun illər, yüksək postlarda çalışan bir adamın birdən-birə işsiz qalması çətin deyilmi?
– Bir müddət öncə Zaqulbaya getdim, oradakı sanatoriyada dincəldim, indi də evdəyəm, dincəlirəm, özümə aid işlərlə məşğulam. Qısası, evdə oturub, öz işimlə məşğulam, vəssalam.
– Yəni elmi yaradıcılıqla məşğulsunuz?
– O tərəfi də var. Mən onsuz həmişə elmi işlə məşğul olmuşam. Elmi yeniliklərlə də tanış oluram.
– Bəs başqa hansı işlərlə maraqlanırsınız?
– Siyasi proseslərlə də maraqlanıram. Oxuyuram, yazıb-pozuram. Dünyada, beynəlxalq aləmdə gedən proseslər məni maraqandırır.
– Məsələn?
– Rusiya-Ukrayna müharibəsinin gedişatı məni maraqlandırır. Buna dair beynəlxalq ekspertlərin mövqeləri ilə tanış oluram. Özüm üçün maraqlıdır, çünki mənim də buna dair münasibətim var. Mövqeləri oxuyub, görürüəm ki, hər kəs öz maraqları çərçivsində çıxış edir.
Mənimlə işləmək istəyənlər, amma…
– Bu mövqelərinizi yazıb, kitab halındamı çap etdirmək istəyirsiniz, yoxsa sadəcə özünüz üçün…?
– Xeyr, kitab yazmaq istəmirəm. Kitab halına salınmalı o qədər məsələlər var ki… Mənimlə işləmək istəyənlər də var, ancaq kitabla bağlı böyük arzu və qərarım yoxdur.
– Sizin zəngin bioqrafiyanız var, onu kitab halına gətirmək istəmirsiniz?
– Bu, mürəkkəb məsələdir, gərək həyatımın qalan hissəsini ona həsr edəm. Mənə bunu təklif edənlər də çoxdur. Hətta universitetdən müəllim həmkarım, professor Adil Babayev mənimlə işləmək istədiyini bildirdi. Dedi ki, oturub, söhbət edək və fəaliyyətinizi yazım, amma razılıq vermədim. Kitab yazdırıb, özümü öymək istəmirəm. Bu, ortalığa başqa mahiyyət gətirər. Düşünərlər ki, fəaliyyətimə dair kitab yazılmasını qəsdən istəmişəm. Mənim isə məşhur olmaq fikrim yoxdur.
Özüm haqqımda kitab yazmaq istəyim, marağım yoxdur
– Neçə yaşınızdan vəzifədə olmusunuz?
– Orta məktəbi bitirdim, universitetə qəbul olundum. İkinci kursu bitirəndə xaricə getdim. Dəfələrlə xarici ölkələrdə mühüm səfərlərdə olmuşam. Buna dair internetdə kifayət qədər məlumat var, kim istəsə tapa bilər. İşlədiyim müddətdə də daim mətbuata açıq olmuşam, mediaya danışmışam. Bütün bunlardan sonra özüm haqqımda kitab yazmaq istəyim yoxdur. Buna heç marağım da yoxdur.
– Prezident Aparatında media nümayəndələri ilə daim görüşlər keçirirdiniz. Kifayət qədər sanballı açıqlamalar verirdiniz. Bu sayaq görüşləri indi də davam etdirmək olarmı?
– Bu, indi mümkün deyil, heç istəmirəm də. Düzdür, universitetdən öz qərarımla ayrıldım. ADU-da olanda hər dəfə ora gələn xarici qonaqlar mənimlə görüşürdülər, danışmaq istəyirdilər. Buna da qısqanclıq vardı. Bunu hiss elədim. İndi də jurnalistlərlə görüşüb danışsam, söz-söhbət yaradar.
– İndi hansısa tədbirə dəvət edirlərmi?
– Bəli, səfirliklər dəvət edirlər. Gedirəm, söhbət edirik. Onlar mənə həmişə müraciət edirlər. Ayrıca olaraq, müəyyən məsələlərə münasibətimi bildirirəm.
Deputat olmaq fikrim yoxdur, istəmirəm də…
– Ölkəmizdə növbədənkənar parlament seçkiləri baş tutacaq. Seçki marafonuna qatılmaq istərdinizmi?
– Yox, qatılmayacağam. Deputat olmaq fikrim yoxdur, istəmirəm də. İndi elə yaşdayam ki… Savadlı gənclərimiz yetişib, onlar seçkiyə qatılsınlar, seçilsinlər, işləsinlər. İşlədiyim müddətdə ölkəmizlə bağlı nə bacarmışamsa, etmişəm. Vəzifələrdən öz qərarımla da ayrılmışam. Bu mənsda mənim deputat olmağa həvəsim yoxdur. Bəli, elə adamlar var ki, istəyir hər yerdə çıxış etsin, amma mənim belə bir niyyətim yoxdur.