Kosovo Aİ-yə üzv olmaq üçün müraciət etməyə hazırlaşır
Kosovo Aİ-yə müraciət edəcək.
Busaat.az xəbər verir ki, bunu Kosovanın baş naziri Albin Kurti deyib.
Baş nazir bildirib ki, Kosovo Avropa Birliyinə üzv olmaq üçün bu həftə müraciət edəcək və proses bir qədər vaxt aparacaq. Baş nazir Kurti bəyan edib ki, üzvlük prosesinə ən çox təsir edəcək element Serbiya ilə münasibətlərin normallaşması olacaq.
Əksəriyyətini etnik albanların təşkil edən Kosovo, 1998-1999-cu illər müharibəsindən sonra, NATO-nun bölgəni qorumaq üçün müdaxiləsi zamanı Qərbin dəstəyi ilə Serbiyadan ayrılıb və 2008-ci ildə müstəqilliyini elan edib.
Kosovo Birləşmiş Millətlər Təşkilatının üzvü deyil və beş Aİ ölkəsi Kosovonun dövlət statusunu tanımaqdan imtina edir.
Priştinada hökumət iclasında çıxış edən Kurti deyib: “Avropa Birliyi sülh, təhlükəsizlik, bərabərlik və rifah yeridir və buna görə də sülhsevər bir ölkə olaraq Kosovo Respublikasının yeri bu birlikdir”.
Qeyd edək ki, Kosovo hər hansı mümkün üzvlükdən əvvəl Serbiya ilə münasibətləri normallaşdırmaq üçün razılığa gəlməlidir. Aİ hazırda hər iki tərəfin bir il ərzində razılaşacağına ümid etdiyi saziş üzərində işləyir.
Kosovonun müstəqilliyini 110-a yaxın ölkə tanısa da, Serbiya, Rusiya və Çin kimi ölkələr onu tanımır.
Kosovo regionda indiyədək Aİ-yə üzv olmaq üçün müraciət etməyən yeganə ölkədir.





