Kosovo və Serbiya arasında gərginliyin artmasına səbəb olan məsələlərin siyahısı geniş olsa da, iyul ayından Kosovo serblərinə verilən avtomobil nömrələri problemi hələ də həllini tapmayıb.
Gərginlik aylardır davam edir. Avropa İttifaqı (Aİ) və ABŞ-ın təşəbbüsləri aylar keçsə də, hələ də nəticə verməyib.
İki qonşu ölkə arasındakı gərginlik Kosovonun 2008-ci il fevralın 17-də Serbiyadan birtərəfli qaydada müstəqilliyini elan etməsi ilə başlayıb. Ancaq Serbiya Kosovonu öz ərazisi kimi görməkdə davam edir.
Kosovo Müharibəsindən sonrakı ağrılı dövrdə (1998-1999) iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün 2011-ci ildə Aİ-nin vasitəçiliyi ilə dialoq prosesi başlanmış və yekun nəticə qarşılıqlı tanınma olmuşdur. 10 ildən çox vaxt keçməsinə baxmayaraq, tərəflər hələ də razılığa gələ bilməyiblər. Yaşanan gərginliklər səbəbindən bu proses məntiqi sonluqla tamamlanmayıb.
İki ölkə arasında gərginliyə səbəb olan məsələlərin siyahısı artarkən, Kosovo hökuməti iyulun sonunda Serb şəxsiyyət vəsiqəsi ilə Kosovaya daxil olan/çıxan şəxslərə qarşılıqlılıq prinsipinə uyğun olaraq müvəqqəti bəyannamə formalarının verilməsi və Kosovodakı serblərə Serb səlahiyyətliləri tərəfindən verilən avtomobil nömrələrinin dəyişdirilməsi ilə bağlı qərarların qüvvəyə minəcəyinin açıqlanması son vaxtlar bölgədə gərginliyi artırıb.
Kosovo hökumətinin qərarı bu ölkədə yaşayan serbləri hiddətləndirib və onlar, iyulun 31-də ölkənin şimalında Serbiya ilə sərhəd keçidlərini bağlayıb. Kosovoda mümkün qarşıdurmanın yaşanması ehtimalları artıb və ölkənin şimalında həyəcan siqnalları eşidilib. Daha sonra Kosovo polisi Brnjak və Jarinje sərhəd keçidlərini bağlayıb.
Gərginliyin artması ilə NATO-nun Kosovo Gücü (KFOR) Kosovonun şimalında sabitliyin təhlükə altında olduğu təqdirdə müdaxilə etməyə hazır olduğunu qeyd edib. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə Türkiyənin gərginliyin azaldılması üçün üzərinə düşəni etməyə hazır olduğunu bəyan edib.
Aİ və ABŞ-ın vasitəçiliyi və intensiv diplomatik manevrlərindən sonra Kosovo hökuməti qərarların icrasını sentyabrın 1-nə kimi təxirə salıb.
Brüsseldə keçirilən görüşdə heç bir nəticə əldə olunmayıb
Bu hadisələr fonunda avqustun 17-də NATO-nun Baş katibi Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldəki NATO mənzil-qərargahında Kosovo Baş naziri Albin Kurti və Serbiya Prezidenti Aleksandr Vuçiç ilə ayrı-ayrılıqda görüşüb və tərəfləri gərginliyin azaldılmasına çağırıb.
Görüşdən bir gün sonra, avqustun 18-də Kurti və Vuçiç Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ilə görüşüblər. Brüsseldə 6 saatdan çox davam edən görüşdə heç bir nəticə əldə edilməyib.
Kosovo ilə Serbiya arasında şəxsiyyət vəsiqəsi ilə səyahət müqaviləsi sentyabrın 1-dən etibarən həyata keçirilməyə başlanıb.
Bundan sonra, 31 iyul və 1 avqust tarixlərində Kosovo ilə Serbiya arasında gərginliyə səbəb olan iki qərardan digəri gərginliyi artırıb. Belə ki, Kosovoda Serb səlahiyyətliləri tərəfindən serblərə verilən nömrələrin Kosovo dövlət qeydiyyat nişanları ilə əvəzlənməsinə dair qərar qəbul edilib.
Kosovo Baş naziri Kurti Kosovo serblərini avtomobil nömrələrini qanuniləşdirməyə çağırıb və Serbiyanın verdiyi avtomobil nömrələrinin Kosovo dövlət qeydiyyat nişanları ilə əvəzlənməsi prosesinin 61 gün davam edəcəyini bildirib.
Tətbiq olunacaq sanksiyalarla bağlı təfərrüatları açıqlayan Kurti qeyd edib:
“1-21 noyabr tarixləri arasında qeyri-qanuni nömrə sahiblərinə xəbərdarlıq ediləcək. Daha sonra 21 noyabrdan etibarən iki ay ərzində heç bir xəbərdarlıq olmayacaq, qanunda nəzərdə tutulduğu kimi cərimələr tətbiq ediləcək. Gələn il yanvarın 21-dən aprelin 21-dək 3 ay müddətində hərəkət yalnız sınaq lövhələri ilə mümkün olacaq”.
Digər tərəfdən, qərara qarşı olan Kosovo serbləri 5 noyabrda ölkənin mərkəzi və yerli qurumlarındakı vəzifələrindən çəkildiklərini açıqlayıblar. Bu kontekstdə NATO-nun Kosovo Sülhməramlı Qüvvələri (KFOR) və Avropa İttifaqı (Aİ) fikir ayrılıqlarının konstruktiv dialoq yolu ilə həllinə və gərginliyin azaldılmasına çağırıb.
Kosovo prezidenti Vjosa Osmani və Baş nazir Kurti noyabrın 11-də paytaxt Parisdə Fransa prezidenti Emmanuel Makron ilə görüşdükdən sonra Priştina ilə Belqrad arasında problemlərin həlli üçün Fransa-Almaniya təklifinin təqdim edildiyi açıqlayıblar, lakin bu təklifin məzmunu paylaşılmayıb.
Serbiya lideri Vuçiç isə, bu təklif çərçivəsində Almaniya və Fransanın Serbiyanın AB-yə daxil olması qarşılığında Kosovonun beynəlxalq qurumlara üzv olmasına icazə vermələrini tələb etdiyini şərt kimi elan edib.
Aİ-nin vasitəçiliyi ilə keçirilən görüşdə nəticə əldə edilmədi
Bütün bu yaşananlardan sonra noyabrın 21-də Vuçiç və Kurti Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Borrelin vasitəçiliyi ilə yenidən bir araya gəliblər.
Borrell, görüşün sonunda verdiyi açıqlamada, Vuçiç və Kurti arasındakı görüşdə gərginliyi azaltmaq üçün müsbət nəticələr əldə edilmədiyini bildirib.
Busaat.az