Busaat.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Los-Anceles dairəsində günlərdir davam edən yanğınlar nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə yüksəlib.
ABŞ mətbuatının yaydığı məlumata görə, 16 gündür davam edən yanğınlarla mübarizə hələ də davam edir.
Los-Anceles dairəsinin tibbi ekspertiza idarəsinin verdiyi məlumatda, yanğınlar nəticəsində ölənlərin sayının 28-ə çatdığı bildirilir.
Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin açıqlamasına görə, Palisades bölgəsində baş verən və təxminən 24,000 hektar ərazini külə çevirən yanğının 65 faizi, İtonda isə 14,000 hektar ərazini məhv edən yanğının 89 faizi nəzarət altına alınıb.
Kaliforniyanın cənubundakı San Dieqoda güclü külək səbəbindən dünən başlayan Lilac yanğını nəticəsində 85 nəfər təxliyə edilib. Səlahiyyətlilər yanğına təxminən 200 yanğınsöndürənin müdaxilə etdiyini və yanğının 50 faizinin nəzarət altına alındığını bildirib.
Yanvarın 7-də səhər saatlarında Los-Ancelesin Palisades bölgəsində başlayan və Eaton, Hurst, Sunset və Woodley bölgələri də daxil olmaqla ətraf ərazilərə sürətlə yayılan meşə yanğınları nəticəsində dəyən zərərin 250-275 milyard dollar arasında olduğu bildirilir.