“Azsiyaset” bildirir ki, tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlayıb və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Saleh Ağayev giriş sözü ilə çıxış edərək, Vətən Müharibəsi zamanı şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından danışıb.
“Dövlətimiz, Cənab Ali Baş Komandan şəhid ailələrinə və qazilərə daim bütün diqqət və qayğı göstərir. Biz də kənara çəkilməməliyik, hər birimiz onlara dəstək olmalıyıq. Biz 300 illik ədalətsizliyi aradan qaldırmışıq, Azərbaycan dünyada yeni presedentlər yaradıb. Bəlkə də “Zəfər Günü”nün əhəmiyyətini dərk edə bilmirik. Amma gələcək nəsillər, bütün dünya xalqları xalqımızın qəhrəmanlıq tarixini oxuyacaqlar. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan dünya tarixində yeni səhifə açdı. Biz hər birimiz Dövlətimizin əsgərləriyik. Şəhidlərimizin ailələri də bizə əzizdir, bugünkü tədbirimizin məqsədi də şəhid ailələri və qazilərimizə həmişə dəstək olduğumuzu bir daha göstərməkdir. Qəhrəman oğullarımızı hər zaman xatırlayacağıq. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm, onlar bizim fəxrimizdir. Dövlətimiz qazilərimiz üçün bütün şəraiti yaradıb. Biz də iş adamı olaraq hamılıqla qazilərimizə, şəhid ailələrimizə birləşib dəstək olmalıyıq”, – o bildirib.
S.Ağayev daha sonra bildirib: “Şirkətimizdə 15 nəfər İkinci Qarabağ müharibəsi iştirakçısı var. Qazilərimiz heç vaxt özlərini sıxıntıda hiss etməsinlər, müharibədə iştirak etdikləri üçün qürurlansınlar. Onları anlamağa çalışıram, mən də müharibənin dəhşətlərini gördüm. 44 günlük müharibə ərəfəsində əlimizdən gələn qədər igid oğullarımıza dəstək göstərməyə çalışmışıq. “Mayak Cargo Transportation” şirkəti olaraq Vətən çağıranda onun keşiyində durmağı özümə borc bilirik…”.
Daha sonra şəhid ailələri və qazilər çıxış edərək, bundan sonra da Dövlətimizin keşiyində dayanmağa hazır olduqlarını bildirdilər. Onlar həmçinin, “Mayak” Karqo Şirkətinin həmişə şəhid ailələri və qazilərə dəstək olduğunu qeyd ediblər.
İş adamı S.Ağayev tədbirin sonunda qazi və şəhid ailələrinə diplomlar və hədiyyələr təqdim edib.
Tədbir konsert proqramı ilə davam etdirilib və sənət adamları vətənpərvərlik mahnıları ifa ediblər.