Mübariz Mənsimovla SOCAR arasındakı qarşıdurmanın təfərrüatları – ARAŞDIRMA

image-elizadebackend

Xəbər verdiyimiz kimi tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov bir müddət əvvəl azadlığa buraxıldı. Sonuncu dəfə türkiyəli jurnalist İsmail Saymaza açıqlama verərək haqsızlığa uğradığını, Mehmet Ağar tərəfindən zərbə altına qoyulduğunu və sair danışdı. Türkiyəli mafiya lideri Sedat Pekerin də onun haqqında yaydığı açıqlamalardan sonra cəmiyyətdə Mübarizin milyard dollarlıq limanının əlindən alındığı, haqsız yerə həbsə atıldığı təəssüratı oyandı. Ancaq, onun barəsində yayılan bəzi məlumatlar bütün hadisələrin göründüyü kimi olmadığını ortaya çıxardı.
Yeniavaz.com
 xəbər verir ki, azərbaycanlı iş adamı Mübariz Mənsimov həbs edildikdən sonra Türkiyənin ən böyük gəmi limanı “Yalıkavak marina” ilə bağlı müxtəlif iddialar ortaya atıldı. Onlardan biri mafiya lideri Sedat Pekerin açıqlamalarında yer almışdı. O, Türkiyənin keçmiş daxili işlər naziri Mehmet Ağarı Mübariz Mənsimova aid gəmi limanını ələ keçirməkdə günahlandırmışdı:
“Mübariz Mənsimova aid olan 1 milyard dollar dəyərindəki liman Mehmet Ağar tərəfindən 29 milyon dollara satın alınıbmı? Bununla bağlı gizli ortaqlıq qurulubmu? Mübariz Mənsimovun ev həbsinin müəyyən saatlarda ləğv edilib onun məsələ ilə bağlı fikirləri alınsın”.
Mövzu ilə bağlı türkiyəli jurnalist Recep Canpolad maraqlı araşdırma edib. Onun sözlərinə görə, limanın ucuz satılması məsələsinin pərdə arxasında fərqli bir hadisə yatır. Belə ki, bəhs edilən gəmi limanının 90 faizi ən əvvəl yəhudi əsilli türkiyəli iş adamı Cefi Kamiyə aid olub. Daha sonra o, 2011-ci ildə iqtisadi problemlər yaşamağa başlayır. Bu səbəblə limanı satmaq istəyir və məsələ ilə bağlı Mübariz Mənsimova məlumat çatır.

O, gələrək danışıqlar aparır və limanın 90 faizini 42 milyon dollara satın almaq barədə razılığa gəlir. Geridə qalan 10 faizi isə Mehmet Mustafa Ərdəm adlı bir işadamına aid olur. O isə payını satmaq istəmir. Satınalma ilə bağlı işlər görülür ancaq M. Mənsimov ya iqtisadi, ya da digər səbəblərə görə, 42 milyon dollar ödəmir. Bunun əvəzinə azərbaycanlı iş adamı Anar Əlizadəyə müraciət edir.

Anar Əlizadə kimdir?

Anar Əlizadə 1978-ci il sentyabrın 21-də Naxçıvan şəhərində anadan olub. SOCAR-ın prezidenti Rövnəq Abdullayevin dayısı oğlu olduğu bildirilir. Orta məktəbi bitirdikdən sonra 1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində İqtisadiyyat üzrə bakalavr təhsili almış, daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İqtisadi İdarəetmə ixtisası üzrə magistr diplomu alıb. İlkin biznes fəaliyyətinə 90-cı illərin sonlarında Türkiyədən müxtəlif məhsulların gətirilib Naxçıvanda satılması ilə başlamış, daha sonra avtomobil idxalı və ailəsinin malik olduğu sərnişin daşımaları biznesləri ilə davam edir. Anar Əlizadə 2000-ci illərin əvvəllərində Bakıya gələrək burada biznes qurur.  Bir neçə ay sonra BƏƏ ilə ticarət əlaqələrinə başlayır. Bu sahədə o, BƏƏ-də ilk Azərbaycan investisiyalı şirkətlərdən birini quraraq kompüter və elektronik avadanlıqların istehsalı və satışı ilə məşğul olmağa başlayır.
BƏƏ-dəki iş fəaliyyətinə başladıqdan sonra Anar Əlizadə neft sektorunda da işlər görməyə başlayır. Bu vəsilə ilə o,”Grand MMC” adlı şirkəti təsis edərək neft avadanlıqlarının ticarətinə və yerli neft şirkətlərinə texniki xidmətlərin göstərilməsi işlərinə atılır. Anar Əlizadə beləcə ARDNŞ-nin tərəfdaşına çevirilir. Beləcə, SOCAR Trading SA qurulur. SOCAR Trading SA-nın 25 faiz səhmlərinə sahib olan Anar Əlizadə eyni zamanda, 6 il müddətində şirkətin Baş İcraçı Direktoru və Direktorlar Şurasının Sədri vəzifələrini icra edir. O, 2012-ci ildə SOCAR Trading SA şirkətindəki səhmlərinin hamısını ARDNŞ-ə satır.
Bir müddət sonra Anar Əlizadə bütün mövcud şirkətlərini 2007-ci ildə Sinqapurda təsis etdiyi “Union Grand Energy Şirkətlər Qrupu” altına toplayır.

Mübariz Mənsimov Anar Əlizadə ilə görüşərək liman barədə danışır. Ona, həmin limanı satın almaq istədiyini bildirir.
Recep Canpolad burada maraqlı bir iddia ortaya atır. Onun sözlərinə görə, limanın satın alınmasında Mübariz Mənsimov Anar Əlizadəni aldadır:
“Anar Əlizadəyə deyir ki, limanın 90 faizi onundur, 45 faizini 44 milyon dollar qarşılığında sata bilər. Halbuki M. Mənsimov bir qəpik belə ödəmədiyi limanının 90 faizini 42 milyon dollara satın alacağı barədə danışıqları gizlədir. A. Əlizadə 44 milyon dollar ödəyir və limanın 45 faizini alır. Mübariz Mənsimov isə bu şəkildə bir qəpik belə ödəmədən digər 45 faizinin sahibi olur. İş başlayır, bütün proses “Palmali” holdinq  vasitəsilə həyata keçirilir”.
2014-2015-ci illərdə Mübariz Mənsimov iqtisadi çətinliyə düşür. SOCAR və “Lukoil”la apardığı razılaşmalarla aldığı nəğd ödənişlər, banklardan götürdüyü kreditlər onu sıxışdırır. Banklardan təzyiq görür və limanı satmaq istəyir. 2015-ci ildə Mübariz Mənsimov görüşlərə başlayır. İlk olaraq “Koç” holdinqlə danışıqlar aparır. Limana 210 milyon dollar qiymət verilir. Mübariz Mənsimov başqa holdinqlərlə də danışıqlar aparır ancaq ən yüksək rəqəmi “Koç” holdinq təklif edir. O, yenidən Anar Əlizadə ilə görüşməyə başlayır.

M. Mənsimov Anar Əlizadayə, ​limana 210 milyon dollar verildiyini, özünə aid hissəni başqasına deyil ona satmaq istədiyini bildirir. Anar Əlizadənin nümayəndələri gəlib baxır, müşahidələr aparır və razılığa gəlirlər. Ümumi dəyəri 210 milyon dollar olan limanın 45 faizini M. Mənsimov Anar Əlizadəyə satır. Beləcə banklara olan kreditlərini ödəyir, üstəlik bir qəpik vermədiyi limandan 30 milyon dollara yaxın gəlir əldə edir.
Türkiyəli jurnalistin sözlərinə görə, bu prosesdən sonra Anar Əlizadə M. Mənsimov tərəfindən aldadıldığını başa düşür:
“Holdinqin rəsmiləri gəlib limanda araşdırmalar aparırlar. Nəticədə məlum olur ki, onların icazəsi olmadan saxta imza ilə şirkətlərinin adına “Palmali” holdinq tərəfindən kredit alındığı ortaya çıxır. Bu proses həmin holdinqin nümayəndələrinin Türkiyədə olmadığı müddətdə baş tutur. Bunu görən Anar Əlizadə Mübarizi danlayır. O yenidən araşdırma aparır və limanın M. Mənsimov tərəfindən necə satın alındığını da öyrənir. Və onları məhkəməyə verir. Bu müddət ərzində Mehmet Ağar limanda idarə heyətinin sədri olaraq çalışır. Mehmet Ağar hər iki tərəflə görüşür və müzakirələr aparır. Son olaraq bütün proseslərə nəzər yetirən Mehmet Ağar Anar Əlizadənin tərəfini seçir. Çünki, həmin vaxt liman artıq tamamilə Anar Əlizadənin idi”.

Buna görə, Mübariz Mənsimovun Mehmet Ağarla münasibətləri pozulur. Çıxışlarında həmişə Mehmet Ağarın yanında olduğunu, o həbsdə olanda helikopterlə hər həftə yanına gedib-gəldiyini, oğluna kömək elədiyini, ödəniş almadan evini yaşaması üçün Mehmet Ağara verdiyini və sair xatırladır. Bütün bu məsələlərlə bağlı Sedat Pekerə müraciət edir. M. Mənsimovun Sedat Pekerlə münasibətləri mafiya liderinin Türkiyədən qaçdığı vaxtlarda daha da yaxşılaşır. Çünki, “Palmali”nin direktoru ölkədən çıxmağa pulu olmayan Sedat Pekerə yardım etməsi üçün Monteneqroda yaşayan azərbaycanlı milyoner Telman İsmayılova müraciət edir. Sedat Pekerin öz videolarında söylədikləri isə hər hansı araşdırma məhsulu deyil, sadəcə Mübariz Mənsimovun dedikləridir.

Recep Canpolad bildirir ki, SOCAR tərəfindən Mübariz Mənsimova qarşı İngiltərədə məhkəmə işi qaldırılması, onun həmin şirkətlərdən nəğd aldığı pullar qarşılığında öhdəliklərini yerinə yetirməməsi olub. Bu proseslər yaşandığı vaxtlarda M. Mənsimovun “Lukoil” və SOCAR-ın münasibətlərinin daha da pisləşməsinə səbəb neftin qiymətinin düşməsi olur. Həmin şirkətlər bu səbəblə “Palmali” şirkətlər qrupu ilə imzalanan razılaşmaya xitam verir. O isə bildirir ki, həmin razılaşmalar səbəbilə çox sayda gəmi alıb, dünya banklarından bu iş üçün yüksək məbləğdə kredit götürüb. Əgər sazişə xitam verilsə işində ciddi problemlər ortaya çıxacaq. M. Mənsimov əlində tutarlı sənədlər olduğu üçün, beynəlxalq məhkəmələrə şikayət edəcəyini deyir. Çünki, həmin şirkətlər razılaşmaya əsasən müqaviləyə xitam verə bilməzdilər. Ancaq “Lukoil” razılaşmaya xitam verdiyini açıqlayır. SOCAR da Mənsimovun gəmilərinin limanlarına yaxınlaşmasını qadağan edir. Bu səbəblə Mənsimovun işləri bir anda kilidlənir. Buna görə, Mübariz Mənsimov İngiltərəyə gedir, beynəlxalq məhkəməyə şikayət edir və 2 milyard dollar dəyərində böyük cinayət işi açılır ancaq, iddia rədd edilir. İşlər bundan sonra qarışır. Mənsimova qarşı təzyiqlər artır. Beləcə 2019-cu ildə o, Fəthullah Gülənlə əlaqəli məhkəmə işində günahkar bilinərək haqqında cinayət işi açılır.
SOCAR da M. Mənsimovu məhkəməyə verir və İngiltərədə keçirilən məhkəmədə “SOCAR” qalib gəlir. M. Mənsimovun “SOCAR”a 132 milyon dollar təzminat ödəməsinə qərar verilir. Buna səbəb isə Azərbaycan dövlətinin neft şirkətinə M. Mənsimovun zərər verməsi göstərilir.

Yeniavaz.com

https://www.yeniavaz.com/az/news/177312/mubariz-mensimovla-socar-arasindaki-qarsidurmanin-teferruatlari-arasdirma?fbclid=IwAR1YvSrwdwrKOAsUgqPMCi6fo0XJyaiLr_zBuXFS4kjxSuFuEF8nuIGaRec

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90