Nəcməddin Sadıkov həbs ediləcəkmi?

image-thumb600x0-9backend

Nəcməddin Sadıkovun həbsi labüddür” -ŞOK AÇIQLAMA

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)  Müdafiə Nazirliyində (MN) bir-birinin ardınca həyata keçirdiyi həbslərdən 1 aydan artıq müddət ötür. Cəmiyyətdə geniş rezonans yaradan bu əməliyyatlar Azərbaycanın Müdafiə Nazirliyi sistemində çox böyük bir korrupsioner şəbəkənin olduğunu ortaya qoydu. MN-in Maliyyə və Büdcə İdarəsinin rəisi, general Nizami Məmmədov daxil, xeyli sayda yüksək vəzifəli və yüksək rütbəli zabitlər həbs olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin Müdafiə Nazirliyində və tabeliyindəki qurumlarda həyata keçirdiyi əməliyyatlarla nazirliyin Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadə və Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov saxlanılıblar. Onların hər biri barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İlkin olaraq həbs edilən 4 şəxsə Cinayət Məcəlləsinin 179.4-cü – xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə ittiham verilib. Polkovnik Cəlal Kazımova bu maddə ilə yanaşı 313-cü – vəzifə saxtakarlığı, 341.2.1-ci – bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərini aşma və 341.2.3-cü, ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham elan edilib. Dünən isə MN-in Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğlu da həbs edilib.

Bu, Müdafiə Nazirliyində geniş korrupsiya şəbəkəsinin dərin kök salmasından  xəbər verir.

İctimaiyyət üçün açıqlanan rəsmi məlumatlarda həbs olunanların dövlət büdcəsindən ordu üçün ayrılan on milyonlarla manat vəsaiti korrupsiya yolu ilə mənimsədikləri bildirilir. Bəs Müdafiə Nazirliyinə, orduya büdcədən ayrılan vəsaitləri talayan mafiyanın tamamilə axırına çıxmaq mümkün olacaqmı? Müdafiə Nazirliyi sistemində aparılan həbslər dayandımı? Bu proses də icra hakimiyyəti başçılarının həbsi kimi bir neçə adamın saxlanmasından sonra dayandırıla bilərmi? MN-də yoxlamalar və həbslər başlayanda deyilirdi ki, yekun olaraq Nəcməddin Sadıkov və digər şəxslər də tutulacaq. Amma bu ictimai arzu həyata keçmədi. Ordu sistemində həyata keçirilən təmizləmə əməliyyatı davamı gələcəkmi?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Müdafiə Nazirliyində maliyyəçilərin həbs dalğası olduqca ciddi yeyintilərdən xəbər verir: “Belə aydın oldu ki, ən səthi yoxlamalarla ölkənin müdafiəsinə ayrılan 20 milyon manatın çırpışdırılması müəyyən edilib. Əlbəttə ki, həbs olunanlar bu cinayətləri 1 günün içində törətməyiblər. Həbs edilməyəcəklərinə arxayın olublar. Kim olub həmin cinayətlərin başında?  İndi əsas məsələ bu cinayətlərin illərlə baş verməsinə şərait yaradan, hamilik edənlərin kimliyini ortaya qoymaqdır. Saxlanan hərbçilər yüksək vəzifəlidir və aydındır ki, belə bir miqyasda mənimsəməni təkbaşına həyata keçirə bilməzdilər. Bu qədər vəsaitin ələ keçirilməsinin Nəcməddin Sadıkovun rəhbərliyi ilə baş tutması haqda iddialar araşdırılmalıdır. Hərbi ekspertlərdən biri açıqladı ki, Müdafiə Nazirliyinə ayrılan 200 milyonun 10 faizi Nəcməddin Sadıkova çatıb. Dedi ki, Müdafiə Nazirliyinə 300 milyon ayrılıb, yenə də 10 faizi onun cibinə gedib. Hər dəfə 20-30 milyona sahiblənib. Pullar təyinatı üzrə xərclənmədən, işlər başlanmazdan öncə Nəcməddin Sadıkova çatdırılıb. Hərbi ekspertin bu açıqlamasını bir çox mətbuat orqanlar yayıb. Bu məsələ araşdırılmalıdır. Digər bir hərbi ekspert də çox maraqlı məlumat açıqladı. Dedi ki, Müdafiə Nazirliyində Büdcə və Maliyə İdarəsinin rəisi sırf  Nəcməddin Sadıkovun birbaşa dəstəyi ilə təyin edilmiş şəxsdir. Belə məlum olur ki, köhnə işlər idarəsinin rəisi İlqar Məmmədov təzə struktura keçəndən sonra yeni təyin olunub, amma o da sırf Nəcməddin Sadıkovun kadrı idi. Onun sözlərindən bəlli oldu ki, Nəcməddin Sadıkovun kadrları hələ də vəzifədədir. Sadıkovun sağ əli, orduda ”şlyapa Zahid” kimi tanınan kadrının qudası Hərbi Hava Qüvvələrinin maliyyə rəisi idi, həbs olunub. O da sırf Nəcməddin Sadıkova bağlı insan idi. Bu məlumatlar araşdırılsa, Nəcməddin Sadıkov həbs olunmalıdır”.

Müdafiə Nazirliyinin generalı korrupsiya ittihamı ilə qandallandı: 80  milyonluq ittiham…

Hüquqşünas deyir ki, hər kəs bilir ki, o qədər büdcə vəsaitini hansısa idarə rəisi götürüb cibinə qoya bilməzdi: “İstintaq belə bir miqyaslı mənimsəmənin illərlə necə davam etməsi sualına aydınlıq gətirməlidir. İlkin məlumatlardan belə aydın olur ki, bu qədər vəsaiti mənimsəmək üçün uzun müddət sistemli iş aparılıb. Bunu görməzdən gələn Müdafiə Nazirliyi rəhbərliyinin marağı nə olub? Niyə Müdafiə Nazirliyi kimi bir quruma ayrılan büdcə vəsaitlərinin düşməncəsinə ələ keçirilməsinə göz yumublar? Bu işlərə Nəcməddin Sadıkovun da aidiyyəti xüsusi araşdırılmalıdır. Bu adam Vətən müharibəsinin ən qızğın günlərində vəzifəsindən uzaqlaşdırılıb. Onun vəzifədə olduğu dövrdə mətbuatda korrupsiya cinayətləri ilə bağlı yüzlərlə yazı dərc olunub. Əgər həmin məsələlər qaldırılsa, araşdırılsa, Sadıkovun həbsi labüddür. Deməyim odur ki, onun həbsi üçün kifayət qədər əsaslar var. Sadəcə, müvafiq tapşırıq verilməlidir ki, onu həbs etsinlər. 30 ilə yaxın Azərbaycanın Müdafiə Nazirliyində onun adı hansı vəzifə cinayətlərinə qarışmayıb ki?”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90