Son günlər Azərbaycan futbol cəmiyyətinin müzakirə mövzusu “Neftçi” PFK-da edilən dəyişikliklərdir.
Busaat.az bildirir ki, klubun Baş məşqçisi postuna təyin olunan ukraynalı mütəxəssis Roman Qriqorçuk “Neftçi” azarkeşlərinin gözündə son dönəm göstərilən uğursuz məşqçi performanslarından sonra ümid toxumları səpməyə başlayıb.
Bundan əlavə, klubun rebrendiq həyata keçirərək tarixi loqosunu yeni loqo ilə əvəzləməsi “ağ-qara”ların azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, kimisi bu loqonun uğurlu olduğunu deyir, kimisi də tarixi loqonun geri qaytarılmasını tələb edir.
Azarkeşlər tərəfindən ciddi müzakirə mövzusuna çevirilən mövzulardan biri də kluba edilən transferlərdir. Hələ ki, Edvin Kuç və Emil Səfərovu heyətinə qatan flaqmanın yeni oyunçularla anlaşacağı da müzakirə mövzusudur.
Azərbaycan flaqmanında edilən dəyişikliklərlə bağlı məsələlərə aydınlıq gətirməyə çalışıb.
Tanınmış futbol mütəxəssisi, “Neftçi” PFK-nın veteran futbolçusu Ağasəlim Mircavadov saytımıza açıqlamasında bildirib ki, loqonun dəyişdirilməsi “flaqman”ın tarixiliyini kölgədə qoyan addımdır.
Onun sözlərinə görə, klub hazırda yeni mövsümə hazırlıq proseslərinə start götürüb.
“Komanda uzun müddətdir ki, uğursuz nəticələr göstərir. Son zamanlar “Neftçi” futbol oynamır, “oyun” oynayır. Azarkeşin tələbi futboldur, qələbədir. bu sezon azarkeş üçün, klubun tarixi üçün yaxşı oyun göstərmək lazımdır”, – deyə Ağasəlim Mircavadov vurğulayıb.