Xəbər verdiyimiz kimi, iyulun 15-də Bakının Nərimanov rayonunda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışı olub.
Busaat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev parkın açılışında iştirak edib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına parkda yaradılan şərait barədə məlumat verib.
Qeyd edək ki, ərazisi 4,1 hektar olan park XX əsrin 50-ci illərində salınıb. Ötən müddətdə bu park gəzinti və əyləncə baxımından şəhər sakinləri üçün sevimli məkana çevrilib. 1960-cı illərdə yaxınlıqda metro stansiyasının tikilməsi parka marağı daha da artırıb.
Park nadir dizaynda yenidən qurulub. Burada müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılıb, o cümlədən uzun müddət yararsız vəziyyətdə olan fəvvarə meydanının yenidən qurulması işləri həyata keçirilib.
Parkın ərazisində yeni yaşıllıq sahələri yaradılıb, istismara yararsız, parkın ümumi görkəminə xələl gətirən tikili və qurğular ərazidən götürülüb.
Busaat.az-ın əməkdaşı parkda olub, orada gördüklərini forokameranın yaddaşına köçürüb.