Nizami Gəncəvinin əsərləri türkmən dilinə tərcümə edilib

image-editor_c215132f350dc78bee1bde55f7c1ca7c_x5v48ek7c39plwg6r2jm-356x403backend

2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar həyata keçirilən tədbirlərdən biri kimi Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən dahi şairin seçilmiş əsərlərindən ibarət türkmən dilində kitab nəşr etdirilmişdir. Səfirlikdə kitabın təqdimat mərasimi keçirilmişdir.
Təqdimat mərasimində çıxış fövqəladə və səlahiyyətli səfir Həsən Zeynalov, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii-mənəvi fikir salnaməsində möhtəşəm səhifə açmış nadir şəxsiyyət olduğunu bildirmişdir.

Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsinin əsrlərdən bəri dünyanın misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqda olduğunu qeyd edən Həsən Zeynalov, Nizami Gəncəvinin bütün ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratdığını, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirdiyini diqqətə çatdırmışdır.

Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”sinin dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayandığını deyən Səfir, mütəfəkkir şairin çox sayda davamçıları olan böyük bir ədəbi məktəbin təməlini qoyduğunu, eləcə də öz əsərləri ilə ən məşhur kitabxana və muzeyləri bəzəyən Şərq miniatür sənətinin inkişafına da güclü təkan verdiyini vurğulamışdır.
Nizami Gəncəvi dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğunu xatırladan Həsən Zeynalov, Azərbaycanda dahi şairin irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görüldüyünü, əsərlərinin dərin elmi-tənqidi mətninin hazırlandığını, kitablarının nəfis tərtibatda və kütləvi tirajla nəşr edildiyini bildirmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazının yaradıldığını deyən Səfir, mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsinin, Azərbaycanın və dünyanın müxtəlif şəhərlərində abidələrinin ucaldıldığını, adının institut, muzey, küçə və rayonlara verildiyini, haqqında bədii film çəkildiyini qeyd etmişdir.
Nizami Gəncəvinin yubileylərinin ölkəmizdə hər zaman təntənə ilə keçirildiyini yada salan Həsən Zeynalov, dahi şairin 800 illik yubileyinin onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratdığını vurğulamışdır.

Xalqımızın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında qərarın Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni imkanlar açdığını qeyd edən Həsən Zeynalov, sənətkarın 1981-ci ildə Ümummilli liderin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimlərinin ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrildiyini, bildirmişdir.

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olması münasibətilə və dahi şair, qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncam verdiyini deyən Səfir, bununla əlaqədar Səfirliyin də Türkmənistanda Nizami irsinin tapılması istiqamətdə müəyyən araşdırmalar apardığına və bunun nəticəsində 1948-ci ildə Nizami Gəncəvinin Türkmən dilinə tərcümə olunmuş seçilmiş əsərlərindən ibarət bir kitab nəşr olunduğunu ortaya çıxardığına, kitabın nadir nüsxələrinin qaldığına dair məlumat vermişdir.
Kitabın Nizami Gəncəvinin 800 illik yubileyi münasibəti ilə nəşrə hazırlandığını güman etdiklərini deyən Səfir, bunun İkinci Dünya müharibəsinin başlanması ilə təxirə düşdüyünü, yalnız 1948-ci ildə Aşqabadda dağıdıcı zəlzələnin olduğu il nəşr edildiyini qeyd etmişdir.

Həmin kitabda “Leyli və Məcnun” poeması, “Yeddi gözəl” poemasının “Bəhramın Fitnə ilə ova gedişi” və “Şahzadə rus qızı haqqında nağıl” hissələri, “Sirlər xəzinəsi” poemasının “Zülmkar padşah ilə həqiqətsevər adam haqqında hekayə” hissəsi, on beş qəzəl və üç şeir – “Oğluma nəsihət”, “Az danışmağın gözəlliyi”, “Gələcək nəslə xitab” toplandığını deyən Həsən Zeynalov, kitabın Türkmənistanın xalq yazıçısı Qara Seyitliyev tərəfindən hazırlandığını, eləcə də həmvətənimiz Ruhi Əkbər Alıyevin redaktəsi və ön sözü ilə nəşr olunduğunu bildirmişdir. Kitabın yeni nəşrinin AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəylinin ön sözü ilə başladığını qeyd edən Səfir, keçmişə hörmət və ehtiram əlaməti olaraq Ruhi Alıyevin 1948-ci ildə yazdığı ön sözün də yeni nəşrdə saxlanıldığını diqqətə çatdırmışdır.
Kitabın yeni nəşri qeyd olunduğu kimi, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat institutunun direktoru, akademik İsa Həbibbəylinin geniş “Nizami Gəncəvinin ədəbi irsi Türkmənistanda” adlanan ön sözü ilə başlayır. Ön sözün müəllifi öz yazısında dahi şairin şəxsiyyəti və yaradıcılığı haqqında türkmən oxucular üçün maraqlı məlumat verir, Nizami “Xəmsə”si və onu təşkil edən poemalar haqqında ayrı-ayrı diqqətçəkən məqamlara toxunur.
Şairin poemalarında qabardılan problemlərdən bəhs edən İsa Həbibbəyli, bununla dahi şairin fikirlərinin dərinliyini və doqquz əsrdən sonra müasir dövrümüzdə də aktuallığını qorudunu aydın şəkildə göstərir. Nizami ədəbi irsinin hökmdarla xalq arasında körpü olduğunu hesab edən ön sözün müəllifi, bu yolu ədəbiyyatın ipək yolu adlandırır. Nizami Gəncəvi irsindən ilhamlanan dünya şöhrətli Əmir Xosrov Dəhləvinin, Əbdürəhman Caminin, Əlişir Nəvainin yaradıcılıqlarında bu yolu davam etdirdiklərini qeyd edən akademik, öz yazısında 1948-ci ildə işıq üzü görən Nizami Gəncəvinin seçilmiş əsərlərini ərsəyə gətirən yaradıcı insanların da əməyinə yüksək qiymət verir.

Azərbaycan-Türkmən ədəbi əlaqələrinin möhkəmləndirilməsində oynadıqları böyük rola və fədakar əməyə görə onları rəhmətlə anan İsa Həbibbəyli, 2021-ci ildə yenidən türkmən dilində işıq üzü görən kitabı Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və fövqəladə və səlahiyyətli səfir Həsən Zeynalovun dost və qardaş xalqlar arasında mədəni-elmi əlaqələrin daha möhkəmləndirilməsi yolunda atdığı addım kimi qiymətləndirir.
İsa Həbibbəyli sonda “Nizami Gəncəvi” külliyatının 73 il sonra yeni Aşqabad nəşrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun birlikdə ölkələrimiz arasında bütün sahələr üzrə çoxcəhətli əlaqələrin daha da inkişaf etdirilməsi sahəsində apardıqları müdrik siyasətin parlaq təcəssümü hesab etdiyini vurğulayır.

500 tirajla yenidən nəşr olunmuş kitab Səfirlik tərəfindən Türkmənistanda fəaliyyət göstərən orta və ali təhsil müəssisəslərinə paylanılması üçün Türkmənistanın Təhsil Nazirliyinə və kitabxanalara paylanmaq üçün Türkmənistanın Mərkəzi kitabxanasına təqdim edilmişdir. Kitabın nüsxələri Aşqabadda səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Düsen Kaseynova və Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Əmireyevə təqdim olunmuş, bir neçə nüsxəsi isə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat institutuna və Azərbaycan Milli Kitabxanasına göndərilmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan klassik şairlərinin əsərlərinin türkmən dilində nəşri və təbliği, eləcə də onların əsərlərinin türkmən dilində əvvəllər nəşr olunmuş nüsxələrinin tapılıb üzə çıxarılması Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin hər zaman gündəliyindədir. İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə 2019-cu ildə Səfirlik TÜRKSOY-la birlikdə “İmadəddin Nəsimi dünya dillərində” kitabının nəşri zamanı şairin əsərlərinin türkmən dilinə tərcüməsində yaxından iştirak etmiş, eləcə də 20-ci əsrin 60-cı illərində şairin türkmən dilində nəşr olunmuş az sayda nüsxəsi qalmış üç cildlik “Seyit Imadutdin Nesimi”, “Seyit Imadutdin Nesimi şıqırlar” və “Nesimi” kitablarını taparaq Azərbaycan Milli Kitabxanasına hədiyyə etmişdir.

   

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki