Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasını müsbət qarşılayıb və Azərbaycanı qələbə münasibətilə təbrik edib.
Busaat.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsünün feysbuk hesabında məlumat verilib.
“Pakistan Dağlıq Qarabağ bölgəsindəki hərbi əməliyyatların dayandırılmasını alqışlayır. Pakistan beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin həllini davamlı olaraq dəstəkləyir. Müvafiq tərəflərin hərbi əməliyyatların dayandırılması barədə son bəyanatını alqışlayırıq.
Rusiya Federasiyasının asanlaşdırdığı üçtərəfli razılaşma Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olması üçün yeni bir fürsət təklif edir.
Azərbaycan hökumətini və qardaş xalqı ərazilərinin azad edilməsi münasibətilə təbrik edirik. Bunun bölgədəki sabitlik və firavanlıq dövrünə səbəb olacağına və məcburi köçkünlərin dədə-baba yurdlarına qayıtmasına yol açacağına ümid edirik”,- deyə press-relizdə bildirilib.