Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Seçkilərlə bağlı prosedurlar isə həm siyasi partiyalar, həm də Mərkəzi Seçki Komissiyası tərəfindən start götürüb.
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, iclasda partiya Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakla bağlı qərar qəbul edəcək. Qeyd edək ki, hakim partiyadan savayı parlamentdə təmsil olunmaqla bağlı mübarizədə digər siyasi partiyalar da iştirak edəcək.
Bəs digər siyasi partiyaların parlament seçkilərinə hazırlıq prosesi necə həyata keçirilir?
Busaat.az bu suala aydınlıq gətirməyə çalışıb.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı saytımıza bildirib ki, hal-hazırda partiya parlament seçkilərinə hazırlıq prosesini öz ənənələrinə sadiq qalaraq həyata keçirir, hazırda hüquqi proseslərlə bağlı işlər görülür. Yekun qərarın isə partiyanın Ali Məclisində veriləcəyi planlaşdırılır.
Fəzail Ağamalı qeyd edib ki, partiyanın Mərkəzi Seçki Komissiyasındakı səlahiyyətli nümayəndələrinin sayı 3 nəfər olacaq.
Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev isə iyulun 6-da partiyanın qurultay-konfransının keçiriləcəyini söyləyib. O, namizədlərin müəyyənləşdirilməsi prosesinin bir neçə ay öncədən həyata keçirildiyini, yekun qərarın isə partiya qurultayında veriləcəyini vurğulayıb.
Ədalət, Hüquq, Demokratiya Partiyasının mətbuat xidmətinin rəhbəri Əli Zülfüqaroğlu Bakıvaxtı.az-a açıqlamasında partiyanın Ali Məclisinin şənbə günü iclas keçirəcəyini bildirib. Dediyinə görə, iclasda namizədlərin müəyyənləşdirilməsi və digər məsələlər barədə qərar veriləcək.
AĞ Partiya da seçki prosesinə sürətlə hazırlaşır. Parrtiyanın mətbuat katibi Cavanşir Abbaslının sözlərinə görə, iyulun 1-də Partiyanın İdarə Heyətinin iclası keçirilib və namizədlər müəyyən edilib.
“Səlahiyyətli nümayəndələrin siyahısı Mərkəzi Seçki Komissiyasına göndərilib və bu günlərdə namizədlər ictimaiyyətə elan olunacaq”.