Paşinyan Ermənistanının gələcək HƏDƏFLƏRİ – TƏHLİL

image-ermenistan-nikol-pashinyan-ermenistan-basbakan-jpeg-1-_1backend

Nikol Paşinyanın Ermənistanda iqtidara gəlişi Levon Ter-Petrosyandan sonra erməni xalqının gələcəyinə tutulmuş ikinci aydınlıq işığıdır. Çünki Paşinyan da Petrosyan kimi reallıqlara daha yaxındır və “erməni maraqları”nın özlərinə zərər verdiyi nöqtələri yaxşı görür.

Serj Sarkisyan və Robert Koçaryandan fərqli olaraq Petrosyan kimi Paşinyan da dünyaya Moskvanın pəncərəsindən baxmaqla kifayətlənmədi. Onlar Rusiyadan kənarda daha böyük, daha inkişaf etmiş və daha sivil dünyanı gördülər və erməniləri də xaosdan aydınlığa çıxarmaq üçün çalışdılar.

1990-cı illərdə Petrosyan Qarabağdakı erməni üstünlüyündən istifadə edərək, güzəştlərə razı olmaq şərtilə sülh müqaviləsi bağlamağı uyğun bilirdi. Beləcə qazandıqlarının hamısını itirmədən müəyyən hissəsini əldə saxlamaqla sülh bağlanacaq və Qarabağda az-çox “erməni maraqları” təmin ediləcəkdi.

Ancaq Başda Robert Koçaryan, ondan sonra isə Serj Sarkisyan olmaqla ermənilər şovenizmin qurbanına çevrildilər və Moskvadan gələn dəstəyin axirətə qədər həlledici olacağını düşünərək Ermənistanı gələcək faciələrə sürüklədilər. Petrosyan hər nə qədər ağıllı idisə, erməni radikalizmi bu ağıldan daha güclü idi…

Paşinyan isə, iqtidara gəldiyi ilk gündən üzünü daha geniş və işıqlı dünyaya çevirdi. Bu müddətdə arxadan kifayət qədər yaralar alan Paşinyan sonda geosiyasi rəqabəti və müharibəni biabırçılıqla uduzdu. Düzdür məğlubiyyət Paşinyanın adına yazıldı, ancaq bu xaotik məğlubiyyətin əsas memarı Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi Koçaryan-Sarksiyan ikilisi idi. Bəli, Azərbaycan onların qurduğu ordunu darmadağın etmiş, Azərbaycan onların işğal siyasətini məhv etmişdir!
Görünən odur ki, Paşinyan fərqindədir ki, indi Ermənistan dövlətinin əsas prioriteti Moskvadan verilən siyasi qərarla işğal edilən Qərbi Zəngəzuru qorumaq olmalıdır. Çünki Azərbaycan hər an öz haqqını geri tələb edə bilər və beynəlxalq səviyyədə 1920-ci ildəki haqsızlıqlara işıq tuta bilər.

Ancaq Paşinyan liderlik etdiyi xalqa yaxşı bələddir. Bu xalqın əksəriyyəti hələ də Moskvanın “ideologiyalaşdırdığı” düşüncələrdən qopa bilmir, şovenist duyğular erməniləri əsir alıb və bu səbəbdən də ermənilər siyasətə real yanaşma qabiliyyətini itiriblər. Yəni, Paşinyan açıq şəkildə Qarabağdan imtina edə bilmir. Bu tək onun sonu olmaqla qalmayacaq, Koçaryan-Sarkisyan ikilisindən birini, yaxud da onlardan dəstək alan hər hansı alternativi iqtidara gətirəcək ki, bu halda Ermənistan dövləti yenidən işıqlı dünyaya arxasını çevirib Moskvanın dar pəncərəsinə möhtac qalacaq…

Diqqətlə izləmək lazımdır ki, Ermənistan dövləti hazırda dünyada təsir vasitələri qazanmaqla məşğuldur. Ermənistan hər kəslə – Avropa ilə, uzaq Latın Amerikası ilə, hətta uzaq Şərqlə əlaqələr yaratmaq üçün ciddi addımlar atır. Bu addımlar nəticə verməkdədir. Hindistan-Ermənistan, İran-Ermənistan, Fransa-Ermənistan, ABŞ-Ermənistan, Litva-Ermənistan, Yunanıstan-Ermənistan vəs. kimi bir çox nümunələr bunun bariz sübutudur. Baxın, adını çəkdiyim hər ölkə müxtəlif sahələrdə dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. ABŞ və Fransanın dünya siyasətindəki rolu isə, hamıya bəllidir.

Fikir vermisinizmi? Paşinyan iqtidarı daxili arenaya mesaj verir ki, onlar Azərbaycanın tələbələrinə boyun əyməyəcəklər. Ancaq xarici tribunaya hesablanmış bəyanatlarda isə, Ermənistan tərəfi həmişə sülhsevər təqdim edilir. Bu nəyin carçısıdır?
Əvvəla, Paşinyan işıqlı dünyaya üz tutub və hesablayır ki, bu, yaxın gələcəkdə Ermənistana yaxşı nəticələr vəd edir. Məsələn, artıq Hindistan kimi nəhəng bir ölkə Ermənistanın yeni havadarına çevrilib. İran və Fransanın əvvəllər gizli şəkildə verdiyi dəstəklər indi daha da artıb və açıq şəkildə həyata keçirilir.

Bununla bitmir, Ermənistan inkişaf etmiş ölkələrlə, xüsusilə də Avropa ilə əlaqələrini genişləndirir və bu, gələcəkdə Ermənistanın inkişafına hədəflənib. Yəni Ermənistan özünü gücləndirmək siyasi xəttinə keçib və güclənənə qədər – ən azından Azərbaycandan daha güclü ölkəyə çevrilənə qədər vaxt qazanmağa çalışır. Bu artıq açıq-aşkar ortadadır.

İkincisi, Paşinyan iqtidarı fərqindədir ki, Qarabağda birbaşa münaqişə tərəfi olmaq və işğal siyasəti yeritmək keçən 30 il ərzində Ermənistanı inkişafdan saxlayıb. İndi bu səhvi düzəltməyə çalışırlar. Yəni Ermənistan qarşıdurmalardan qaçaraq, bölgədəki digər işğal tərəfdarlarını oyuna daxil edir. Rusiya və İranı Azərbaycan və Türkiyə ilə üz-üzə qoymağı hədəfləyən bu siyasət ona hesablanıb ki, Qarabağ uğrunda Azərbaycan-Türkiyə ittifaqı ilə Rusiya və İran qarşıdurması artacaq, bu ölkələr arasında qarşıdurma artdıqca problem daha xaotik vəziyyət alacaq və işıqlı dünyada öz yerini alıb inkişaf etməkdə olan Ermənistan güclənəcək, ancaq paraleldə regionun əsas ölkələri zəifləyəcək. Qarabağ problemi bu müddətdə həllini tapmayacaq və Ermənistan özünün ən güclü halında oyuna geri dönəcək…

Əlbəttə, Paşinyan iqtidarı kifayət qədər ağıllı yol izləyir. Amma bu yolun riskləri də ölümcüldür. Hər halda ruslar və türklər bu kimi planları çoxdan görür və fərqindədirlər. Ermənistanın Rusiya və Türkiyəni görməzdən gəlib, bu qədər böyük xəyallara qapılması ilk fürsətdə onun regional məsələlərdə söz haqqını tamamilə sıradan çıxara bilər. Moskva Ermənistanı heç vaxt “ikinci Ukrayna” kimi görmək istəmir. Yəni, Moskva razı olmayacaq ki, hansısa MDB ölkəsi Qərbin müttəfiqinə çevrilsin. Xüsusilə Qafqaz kimi önəmli regiondakı Ermənistan dövləti…

Ermənilərin bu xülyalarını puç etməyin tək yolu Qarabağdakı qeyri-müəyyənliyi tez bir zamanda aradan qaldırmaq, yalnız bundan sonra bütün dünya ölkələri ilə “güzəştli münasibətlər” əlaqələrini təşkil etməkdir. Əlbəttə, Azərbaycan Ermənistandan daha vacib ölkədir və rəqibləri ilə qarşılıqlı güzəştlərlə əlaqə Bakının Ermənistandan daha çox və daha güclü tərəfdaşlar toplamasına səbəb olacaq.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90